BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycanın MDB üzvlüyünə yenidən baxmasının vaxtı çatıbmı?

2026-02-09 17:23

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycanın MDB üzvlüyünə yenidən baxmasının vaxtı çatıbmı?” adlı məqaləsi Commonspace nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Son illərdə Azərbaycanın Rusiya və Rusiyanın təşəbbüsü ilə formalaşmış çoxtərəfli institutlarla münasibətləri artan qeyri-müəyyənlik mərhələsinə daxil olub. Rusiyanın tanınmış ideoloqlarının bəyanatları və Rusiya dövlət mediasında yayılan narrativlər post-Sovet məkanına daxil olan dövlətlərin, o cümlədən Azərbaycanın suverenliyini və müstəqil xarici siyasət seçimlərini getdikcə daha çox sual altına alır.

Belə bir fon qarşısında Bakı üçün legitim və aktual bir sual meydana çıxır: Müstəqil Dövlətlər Birliyində üzvlüyün davam etdirilməsi Azərbaycana faktiki olaraq hansı siyasi və ya strateji dividendləri verir?

Problem yalnız ritorika ilə məhdudlaşmır. Ən yüksək səviyyədə verilən siyasi bəyanatlarla Rusiya dövlət institutlarının real fəaliyyəti arasında yaranmış ziddiyyət getdikcə daha aydın şəkildə üzə çıxır. Bu uyğunsuzluq 2025-ci ilin oktyabr ayında İlham Əliyev və Vladimir Putinin MDB sammiti çərçivəsində Düşənbədə keçirilən görüşündən sonra xüsusilə qabarıq şəkildə özünü göstərdi.

Azərbaycanda sözügedən görüş AZAL-a məxsus təyyarənin 2024-cü ildə qəzaya uğramasından sonra ikitərəfli münasibətlərin sabitləşdirilməsi üçün mühüm fürsət kimi dəyərləndirilmişdi. Lakin sonrakı hadisələr Moskvanın verilmiş vədlərə əməl etmək istəyinə və ya buna real imkanının olub-olmamasına dair ciddi suallar doğurdu.

Vladimir Putinin ictimai şəkildə üzr istəməsinə və istintaqın obyektiv aparılacağı, hüquqi məsuliyyətin müəyyən ediləcəyi, eləcə də kompensasiyanın ödəniləcəyi barədə vəd verməsinə baxmayaraq, bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş baş vermədi. Əksinə, Rusiya İstintaq Komitəsinin cinayət işinə xitam verməsi və bu qərarın Komitə sədrinin imzası ilə rəsmiləşdirilmiş məktubla təsbit olunması Düşənbədə Rusiya Prezidentinin səsləndirdiyi izahatlarla açıq ziddiyyət təşkil etdi.

Bu vəziyyət istər-istəməz Rusiyanın Azərbaycana münasibəti, ən yüksək səviyyədə götürdüyü öhdəliklərə əməl etmə dərəcəsi və ümumilikdə, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumu ilə bağlı daha geniş suallar doğurur.

Eyni zamanda, məsələ MDB ilə bağlı da mühüm müzakirə mövzusu yaradır. Əgər MDB sammitləri çərçivəsində prezidentlər səviyyəsində əldə olunan razılaşmalar praktikada icra olunmursa, bu qurumun siyasi dialoq və qarşılıqlı etimadın möhkəmləndirilməsi platforması kimi əhəmiyyəti sual altına düşür.

MDB ilkin olaraq post-Sovet məkanında əməkdaşlığın məsləhətləşmə və əlaqələndirmə yolu ilə tənzimlənməsi mexanizmi kimi nəzərdə tutulmuşdu. Lakin razılaşmaların icrasında müşahidə olunan boşluqlar bu qurumun real təsir gücünə malik çoxtərəfli institutdan daha çox formal və simvolik forum səciyyəsi alması riskini artırır.

Azərbaycanın MDB-yə münasibətdə ehtiyatlı mövqeyi uzun illərdir məhz bu reallığı əks etdirir. Rəsmi Bakı bu qurumu və onun icra strukturlarını beynəlxalq hüququn müstəqil subyekti kimi tanımır, həmçinin MDB çərçivəsində qəbul edilən qərarları özü üçün məcburi hesab etmir. Azərbaycan MDB-ni daha çox suveren dövlətlər arasında məsləhətləşmə platforması kimi dəyərləndirir.

Bu yanaşma həm də onunla təsdiqlənir ki, Azərbaycan qurumun əsas sənədlərinin bir qisminə, o cümlədən MDB Nizamnaməsinə qoşularkən bir sıra qeyd-şərtlər və xüsusi müddəalar irəli sürüb.

Praktikada Azərbaycanın xarici siyasəti hər zaman post-Sovet məkanında institusional çoxtərəfli əməkdaşlıqdan daha çox ikitərəfli münasibətləri prioritetləşdirib. Bu yanaşma yalnız Rusiya ilə əlaqələrlə məhdudlaşmır, eyni zamanda Azərbaycanın regional və beynəlxalq diplomatiyasına da aiddir. İkitərəfli formatlar məsuliyyətin daha aydın müəyyənləşdirilməsinə, öhdəliklərin dəqiq təyin olunmasına və milli maraqların daha yaxşı qorunmasına imkan verir. Bu üstünlüklər MDB kontekstində ciddi şəkildə çatışmır.

Bu amil, xüsusilə İlham Əliyev tərəfindən 2024-cü ilin may ayında səsləndirilmişdi. O zaman Prezidentə Azərbaycanın Avrasiya İqtisadi Birliyə qoşulma ehtimalı barədə sual ünvanlanmışdı. İlham Əliyev Birliyinə üzv ölkələrinin qarşılaşdığı problemləri qeyd etmiş və Bakının digər post-Sovet dövlətləri ilə münasibətlərini ikitərəfli formatda davam etdirməyi üstün tutduğunu bildirmişdi”.

*Məqalənin ingilis dilində dərc olunmuş bütöv mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.

https://www.commonspace.eu/node/13633

Müəllifin son məqalələri

26 Fevral 2026 - 14:50

Bakı və İrəvan Vensin səfərini ABŞ-nin regionda fəallığının artması kimi qiymətləndirir

19 Fevral 2026 - 12:23

Aİ tədqiqatı Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətini vurğulayır

12 Fevral 2026 - 10:12

Əliyev və Paşinyan Əbu-Dabidə sülh mükafatını birgə qəbul ediblər