BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycanın erməni silahlı dəstələrinin çıxarılmasını tələb etməsi Qarabağda gərginliyi artırır

2022-03-30 15:23

Ermənistan və Rusiyanın Qarabağdan erməni silahlı birləşmələrini çıxarmaq istəməməsi və ya bacarmaması sülh prosesinə xələl gətirir və regional sabitliyə təhlükə yaradır.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) baş elmi işçisi Vasif Hüseynovun "The Jamestown Foundation" portalında dərc olunmuş məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, martın 26-da Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasını başa çatdırmağa çağırıb.

“İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın dördüncü bəndinə istinad edərək Azərbaycan qeyd edib ki, bu, müharibənin bitməsindən sonra ən azı ikinci dəfədir ki, Müdafiə Nazirliyi rəsmi Moskvadan bu bəndin tələbinin yerinə yetirilməsini təmin etməyi xahiş edir. Lakin budəfəki müraciət gərgin siyasi və geosiyasi vəziyyətə təsadüf edib”, - məqalədə deyilir.

Müəllif vurğulayır ki, Ukraynada davam edən hərbi əməliyyatlar fonunda martın əvvəlindən Ermənistan və Azərbaycan sərhədində, eləcə də Azərbaycanın Qarabağ bölgəsində vəziyyət gərgin olaraq qalır.

"Bakı Rusiyanın diqqəti Ukraynaya yönəldiyi vaxtda Ermənistan silahlı birləşmələrinin təxribatlarının artmasından xəbər verib. Azərbaycan mətbuatı hətta Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən Rusiya hərbi texnikasının bir hissəsinin çıxarılmasını sübut edən video da yayıb. Qeyd olunub ki, çıxarılan texnika Ukraynaya göndərilib”, - V.Hüseynov yazıb.

Materialda qeyd olunur ki, bunun fonunda Ermənistanla Azərbaycan arasında martın əvvəlində əsasən dövlət sərhədi boyu ərazilərlə məhdudlaşan toqquşmalar indi yavaş-yavaş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə keçir. Martın ortalarında Ermənistan Azərbaycanı Ermənistandan Qarabağa gedən qaz kəmərini partlatmaqda (martın 7-8-də) ittiham edəndə vəziyyət daha da gərginləşib.

Müəllif bildirir, martın 24-də Ermənistan tərəfi Azərbaycanı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonanın Fərrux kəndinə (Xocalı rayonu) daxil olmaqda ittiham edib. Martın 26-sı axşam saatlarında isə Rusiya Müdafiə Nazirliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinin pozulduğunu və “Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasındakı əraziyə təcavüz olunduğunu” elan edib.

“Azərbaycan hökuməti Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədr ölkələrinin Azərbaycan qoşunlarının Fərrux kəndindən çıxarılması ilə bağlı çağırışlarını kəskin şəkildə pisləyib, belə ki, sözügedən ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsidir və erməni silahlı birləşmələri yuxarıda qeyd olunan üçtərəfli bəyanatı pozaraq orada qalmaqda davam edirlər”, - məqalədə deyilir.

Müəllif vurğulayır ki, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın bəndlərinin tam icrası regionda gərginliyin yenidən artmasının qarşısını almaq üçün yeganə yoldur. V.Hüseynov yazır ki, eyni zamanda, Ermənistan və Rusiyanın erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etmək istəməməsi və ya bacarmaması sülh prosesinə xələl gətirir və regional sabitliyə təhlükə yaradır.

Daha ətraflı:https://jamestown.org/program/tensions-escalate-in-karabakh-as-azerbaijan-demands-withdrawal-of-armenian-armed-groups/

Tərcümə: trend.az

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir