BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

“Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda elmi-praktik tədbir keçirilib

2026-09-21 14:34

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda elmi-praktik tədbir keçirilib.

Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Qafqaz Albaniyası irsi ilə bağlı səsləndirdiyi fikirlər ətrafında akademik müzakirələrin aparılması olub.

Tədbirdə, həmçinin Qafqaz Albaniyası irsinin sistemli şəkildə araşdırılması, onun Azərbaycan dövlətçilik tarixində yeri və rolunun elmi müstəvidə öyrənilməsi, eləcə də bu irslə bağlı ilkin mənbələrin və arxiv materiallarının tədqiqi məsələləri müzakirə edilib.

BMTMM-in şöbə müdiri Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, beyin mərkəzlərinin nümayəndələri, tədqiqatçı alimlər və media təmsilçiləri iştirak ediblər.

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin dövlətçilik ənənələrinin və tarixi irsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, Qafqaz Albaniyası irsinin ilkin mənbələr əsasında, elmi metodologiyaya uyğun şəkildə araşdırılmasının və qorunmasının vacibliyini qeyd edib.

F. Şəfiyev Azərbaycanın tarixi irsi ilə bağlı elmi nəticələrin beynəlxalq ictimaiyyətə ardıcıl, obyektiv və əsaslandırılmış şəkildə təqdim edilməsinin vacibliyini bildirib.

“Qafqaz Albaniyasının tarixinin inkarı “Böyük Ermənistan” ideyasını əsaslandırmaq cəhdlərindən biridir. Sülh prosesinə gəlincə, Ermənistanda radikal yanaşmaların yalnız müxalifətdə deyil, dövlət daxilində də mövcud olduğu görünür. Müharibənin nəticəsini qəbul edib strateji məsələləri 10-15 ildən sonra yenidən gündəmə gətirmək sülhə ziddir. Azərbaycanın kursu aydındır: sülh, normallaşma və ticarətin təşviqi. Bəli, biz tarixin girovuna çevrilməməliyik, lakin cənab Prezidentin vurğuladığı kimi, tarixi də unuda bilmərik”, - deyə Fərid Şəfiyev əlavə edib.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev çıxışında Qafqaz Albaniyasının tarixi, ərazisi və dövlətçilik ənənələri barədə məlumat verib. R. Ağayev Alban kilsəsinin özünəməxsus ənənələrə malik olduğunu qeyd edərək Qafqaz Albaniyası irsinin Azərbaycan tarixinin öyrənilməsində mühüm istiqamətlərdən biri olduğunu vurğulayıb.

“Albaniyada xristianlığın I əsrdən etibarən yayıldığı tarixi mənbələrdə öz əksini tapıb. Bunu bir sıra erməni mənbələrinin özü də etiraf edir. Musa Kalankatlının “Albaniya tarixi” əsərində də bu fakta rast gəlirik. Qafqaz Albaniyasının maddi-mədəni irsinin mənimsənilməsi və beynəlxalq ictimaiyyətə erməni irsi kimi təqdim edilməsi cəhdləri Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları kontekstində qiymətləndirilməlidir”.

Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov çıxışında Qafqaz Albaniyasının tarixi və dini irsinin, o cümlədən Qarabağ bölgəsində yerləşən Gəncəsər, Xudavəng və Amaras kilsələrinin xristian dünyası üçün tarixi əhəmiyyətindən danışıb.

R. Hüseynov 1836-cı ildə Rusiya imperiyasının qərarı ilə Alban kilsəsinin müstəqil fəaliyyətinin məhdudlaşdırılması və onun Erməni Apostol Kilsəsinin idarəçiliyinə verilməsi ilə bağlı tarixi proseslərə də toxunub. O, Qafqaz Albaniyası irsinin müxtəlif dövrlərdə zədələnməsi və ya dəyişdirilməsi ilə bağlı məsələlərin elmi şəkildə araşdırılmasının, arxiv sənədlərinin elmi dövriyyəyə cəlb edilməsinin və abidələrin müasir elmi metodlarla öyrənilməsinin vacibliyini bildirib.

“Antiterror tədbirlərindən sonra ərazidə aparılan çəkilişlər zamanı bəzi məzarların və sümüklərin qazıldığı barədə görüntülər əldə etdik. Bu məsələ araşdırılmalı və beynəlxalq xristian ictimaiyyətinin diqqətinə çatdırılmalıdır”, -deyə R. Hüseynov diqqətə çatdırıb.

BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov çıxışında tarixi irsin siyasi və ideoloji müstəvidə istifadəsi məsələsinə diqqət çəkib. O, Qafqaz Albaniyası irsi ilə bağlı elmi araşdırmaların genişləndirilməsinin, tarixi mənbələrin sistemli şəkildə öyrənilməsinin və əldə olunan elmi nəticələrin beynəlxalq informasiya məkanında daha geniş təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.

“Ermənistan kilsəsi Ermənistan cəmiyyətində ən böyük revanşist qüvvədir. Siyasi partiyaların, ictimai-siyasi qurumların mövqeyini dəyişmək üçün müxtəlif siyasi mexanizmlərdən istifadə etmək mümkündür. Amma Ermənistan kilsəsi və onun qəbul etdiyi son sənədlər göstərir ki, Ermənistan cəmiyyətində revanşist hisslərin ən böyük dəstək nöqtələrindən biri məhz bu institutla bağlıdır”.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

 

Müəllifin son məqalələri

21 Sentyabr 2026 - 14:34

“Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda elmi-praktik tədbir keçirilib

18 Sentyabr 2026 - 12:39

BMTMM sədri Fərid Şəfiyevin şərhi

16 Sentyabr 2026 - 14:48

Dr. Fərid Şəfiyevin Türkiyənin İlletişim Başkanlığının təşkil etdiyi “Türk Dünyası Dialoqu” konfransında çıxışı