BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğuru

2021-06-14 10:52

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın "The Tribune" nəşrində "Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğuru" başlıqlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasət müstəqil dövlət quruculuğu prosesinin uğurlarından biridir. Bildirilir ki, Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət yürütməklə bağlı seçimini tamamilə dərk etmək üçün əhalisi müsəlman olan, Rusiya və İran kimi regional güclər arasında yerləşən, müstəqil postsovet respublikası olmağın reallıqlarını, çətinliklərini və perspektivlərini, habelə, beynəlxalq səviyyədə tanınmış ərazilərinin on illərdir davam edən işğalını başa düşmək lazımdır. "Ermənistanla otuz ilə yaxın davam edən ərazi münaqişəsi xaricində Azərbaycanın xarici siyasətini qlobal, Avroatlantik, İslam dəyərlərini təmsil edən regional və qlobal təşkilatlarla əməkdaşlığa açıq olması da formalaşdırıb. Dinin dövlətdən ayrı olması, yəni İslam ənənələrinə malik dünyəvi bir dövlət qurmağa müvəffəq olması da fərqli və ya eyni inanclı ölkələr arasında Azərbaycanın müttəfiq seçiminə təsir edib",-deyə müəllif vurğulayır. 

Esmira Cəfərova bildirir ki, Azərbaycanın praqmatik xarici siyasətinin əsasları mərhum prezident Heydər Əliyev tərəfindən 1990-cı illərin əvvəllərində qoyulub: "Bu gün bu çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın markasına çevrilib. Bəlkə də o illərdə regional və xarici oyunçuların rəqabət edən maraqları arasında Azərbaycanın tarazlığı təmin edəcəyinə inanmaq çətin olardı. Lakin əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu o vaxtdan bəri Azərbaycan üçün uğurlu xarici siyasət istiqaməti olaraq qalıb". 

Qeyd olunur ki, mürəkkəb qonşuluq şəraiti və Sovet imperiyasının hökmranlıq tarixi Azərbaycanı İslamın digər dinlərlə görüşdüyü, Şərqin Qərblə qovuşduğu misilsiz bir məkana çevirib. Üstəlik, müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycan digər İslam ölkələri ilə kifayət qədər sıx əlaqələr quraraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü olub: "Lakin bu əməkdaşlıq Azərbaycana İsrail ilə ittifaq qurmağa da mane olmayıb. Bundan əlavə, Azərbaycan öz Qərb tərəfdaşları, xüsusən də Avropa İttifaqı və NATO ilə qarşılıqlı faydalı əməkdaşlıq və praqmatik tərəfdaşlığını davam etdirir. Azərbaycan çoxvektorlu xarici siyasətini ardıcıl şəkildə davam etdirir. Ölkə xarici siyasətini bütün siyasi və hərbi bloklardan və inteqrasiya təşəbbüslərindən məsafəli, balanslı yürütməyi hədəf alıb. Azərbaycan regional dövlətlərlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi və tərəfdaşları ilə qarşılıqlı münasibətlərdə düzgün tarazlığı təmin etməyi prioritet edən praqmatik xarici siyasət xəttinə sadiqdir. Beləliklə, Azərbaycanın xarici siyasətinin uğurunun əsasını çoxistiqamətlilik, Qoşulmama hərəkatının sədri kimi artan qlobal rolu, praqmatik ortaqlıqlar, türk mənşəlilik, tolerantlıq və dinlərarası dialoq ölkəsi olması təşkil edir. Bu həssas tarazlaşdırma Azərbaycanın çoxvektorlu xarici siyasətin mahiyyətidir və ehtimal ki, bu xətt yaxın gələcəkdə də davam etdiriləcək".

Daha ətraflı:https://www.thetribune.com/opinion-the-success-of-azerbaijans-multi-vectored-foreign-policy/

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq