Çoxtərəfli diplomatiya Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Son otuz il ərzində ölkə beynəlxalq təşkilatlarda fəal iştirakı, bir sıra seçkili beynəlxalq qurumlara uğurlu namizədliyi və qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi sayəsində beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformaların fəaliyyətində fəal iştirak etmişdir. Son iki il ərzində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi hüququ qazanması onun beynəlxalq səviyyədə çoxtərəfli fəaliyyətinin daha da genişləndiyini göstərir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən seçkilər nəticəsində 155 üzv dövlətin dəstəyini qazanaraq 2012–2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu seçki bir neçə namizəd dövlət arasında aparılan rəqabət şəraitində baş tutmuşdur. Təhlükəsizlik Şurasındakı üzvlüyü dövründə Azərbaycan Şuranın fəaliyyəti çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik, terrorizmlə mübarizə, humanitar məsələlər və beynəlxalq hüququn prinsiplərinin qorunmasına dair müzakirələrdə iştirak etmişdir.
Sonrakı illərdə də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı sistemində fəal iştirakı davam etmişdir. Belə ki, 2026-cı ilin iyun ayında BMT-nin bir sıra müqavilə qurumlarına, o cümlədən Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəyə, İnsan Hüquqları Komitəsinə və Uşaq Hüquqları Komitəsinə seçkilər keçirilmiş, nəticədə Azərbaycanın namizədləri bu komitələrin üzvlüyünə seçilmişdir. Əvvəlki seçkilərin nəticələrinə əsasən, Azərbaycan artıq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitədə, eləcə də Miqrant İşçilərin Hüquqları üzrə Komitədə təmsil olunmuşdur. Bununla da BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarından Azərbaycanın üzvlərinin yer aldığı qurumların sayı on qurumdan beşinə çatmışdır. Bu təmsilçiliyə əsasən, Azərbaycan Çin Xalq Respublikası ilə yanaşı, BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarında ən yüksək səviyyədə təmsil olunan ölkələrdən biri hesab olunur.
Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni mərhələ 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilməsi ilə başlamışdır. Təşkilata üzv olan 120 dövlətin yekdil qərarı ilə Azərbaycan bu vəzifəyə seçilmişdir. Həmçinin üzv dövlətlər sədrlik müddətinin daha bir il uzadılması barədə razılığa gəlmiş və nəticədə Azərbaycan dörd il ardıcıl olaraq Hərəkata sədrlik etmişdir. Sədrliyi dövründə Azərbaycan COVID-19 pandemiyası kontekstində inkişaf etməkdə olan ölkələrlə bağlı məsələlərə, o cümlədən vaksinlərə bərabər çıxışın təmin edilməsinə və qlobal səhiyyə çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Eyni zamanda, bu dövrdə Hərəkatın institusional və təşkilati çərçivələrinin inkişaf etdirilməsi istiqamətində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılmışdır.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu Konvensiyada iştirak edən təxminən 200 ölkənin razılığı ilə qəbul edilmiş qərar əsasında əldə etmişdir. Konfrans iqlim siyasəti ilə bağlı bir sıra məsələlərin, o cümlədən bərpa olunan enerji, iqlim maliyyələşdirilməsi, enerji keçidi və beynəlxalq iqlim danışıqları çərçivəsində inkişaf etməkdə olan ölkələrlə bağlı məsələlərin müzakirəsi üçün platforma olmuşdur.
Bu çərçivədə Bakı Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmiş və forumun 13-cü sessiyası 2026-cı ildə keçirilmişdir. Ümumdünya Şəhər Forumu şəhərsalma və dayanıqlı şəhər inkişafı məsələlərinə həsr olunmuş beynəlxalq platforma hesab olunur. Forumun 13-cü sessiyasında hökumətlərin, beynəlxalq təşkilatların və aidiyyəti tərəflərin nümayəndələrinin iştirakı ilə dayanıqlı şəhər inkişafı, iqlim dəyişikliklərinə uyğunlaşma, rəqəmsal transformasiya və şəhər idarəçiliyi kimi mövzular üzrə müzakirələr aparılmışdır.
Bununla yanaşı, Azərbaycan son illərdə bir sıra beynəlxalq təşkilatların seçkili orqanlarında da təmsil olunmaq hüququ qazanmışdır. Ölkənin BMT-Habitatın İcraiyyə Şurasına və BMT Turizm Təşkilatının (UN Tourism) İcraiyyə Şurasına seçilməsi Azərbaycanın dayanıqlı inkişaf, şəhərsalma və turizm sahələrində beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Bu üzvlüklər Azərbaycanın çoxtərəfli diplomatiya çərçivəsində etibarlı və fəal tərəfdaş kimi qazandığı mövqenin daha bir təsdiqi hesab olunur.
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi diplomatik fəaliyyətdə xüsusi yer tutur. 1991-ci ildə təşkilata üzv olduqdan etibarən Azərbaycan üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın inkişafına fəal töhfə vermişdir. İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq sistem çərçivəsində İslam ölkələrinin mövqelərinin əlaqələndirilməsi və onların ümumi maraqlarının müdafiəsi ilə məşğul olan ən geniş beynəlxalq platformalardan biri hesab olunur. Təşkilatın əsas vəzifələrindən biri üzv dövlətlər arasında ortaq mövqelərin formalaşdırılması və beynəlxalq məsələlərin həlli istiqamətində koordinasiyanın gücləndirilməsidir. Bu baxımdan, təşkilatın Fələstin məsələsi və Yaxın Şərqdə baş verən münaqişələrlə bağlı nümayiş etdirdiyi kollektiv mövqe üzv dövlətlər arasında siyasi koordinasiyanın gücləndirilməsində onun mühüm rolunu aydın şəkildə göstərir.
İƏT çərçivəsində qəbul olunmuş çoxsaylı qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə beynəlxalq hüququn prinsipləri əsasında dəstək ifadə edilmişdir. Eyni zamanda, Azərbaycan təşkilat daxilində mədəniyyətlərarası dialoq, humanitar əməkdaşlıq, təhsil və islamofobiya ilə mübarizə sahələrində fəal iştirak edərək konstruktiv üzv kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Azərbaycanın tarixi təcrübəsi kontekstində islamofobiya məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Ölkə uzunmüddətli münaqişə dövründə ciddi humanitar nəticələrlə üzləşmiş, o cümlədən Xocalı faciəsi baş vermiş və genişmiqyaslı məcburi köçkünlük yaranmışdır. Bununla yanaşı, işğal dövründə İslam mədəni irsinə aid dini və mədəni abidələrin dağıdılması və təhqir olunması regionun mədəni irsinə vurulmuş ciddi zərər kimi qiymətləndirilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində məscidlər və digər dini abidələr bərpa olunur, eyni zamanda müasir infrastruktur layihələri reallaşdırılır.
Azərbaycan islamofobiyaya qarşı mübarizə üzrə BMT Baş Assambleyasında qəbul edilmiş qətnamələri dəstəkləyir və həmin sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin vacibliyini ardıcıl şəkildə vurğulayır. Bu istiqamətdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə 2023-cü ildən etibarən “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş beynəlxalq konfranslar keçirilmişdir. Həmin konfranslarda Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, İordaniya, Qətər, Misir, Mərakeş və digər ərəb ölkələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa ölkələrindən olmaqla ümumilikdə 40-a yaxın ölkəni təmsil edən alimlər, beynəlxalq təşkilatların ekspertləri və din xadimləri iştirak etmişlər. Cari ildə növbəti belə konfransın keçirilməsi planlaşdırılsa da, regional geosiyasi gərginliklər səbəbindən tədbir təxirə salınmışdır.
Ümumilikdə, Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı ayrı-ayrı hadisə və ya nailiyyətlərlə məhdudlaşmır, əksinə, onun uzunmüddətli xarici siyasət strategiyasının tərkib hissəsi kimi çıxış edir. Bu iştirak Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsini, BMT-nin bir sıra müqavilə qurumlarında təmsil olunmasını, Qoşulmama Hərəkatına sədrliyini, İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakını, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına və Ümumdünya Şəhər Forumuna ev sahibliyi etməsini, eləcə də müxtəlif beynəlxalq təşkilatların bir sıra icraedici orqanlarında üzvlüyünü əhatə edir.
Bu iştirak Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət istiqamətlərinin müxtəlifliyini və çoxtərəfli platformalarda iştirakının əhatə dairəsinin genişləndiyini nümayiş etdirir.
*Məqalə ərəb dilində İordaniya Strateji Araşdırmalar Mərkəzində dərc edilib:


