Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Roza Bayramlının Özbəkistanın “aktualno.uz” portalında “Azərbaycanda prezident seçkiləri zamanı Özbəkistanın dəstəyi. Son illərdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafı” adlı məqaləsi dərc olunub.
7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri və onun nəticələri barədə məlumat verən müəllif inamlı qələbə münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrikinin mühüm siyasi çəkisi olmasına diqqət çəkir.
R. Bayramlı bildirir ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr son illərdə sürətlə inkişaf edir.
“Azərbaycan Prezident Şavkat Mirziyoyevin yenidən prezident seçildikdən sonra, 2023-cü ilin avqustunda rəsmi səfər etdiyi ilk ölkə olub. Həmin səfər çərçivəsində tərəflər arasında Ali Dövlətlərarası Şuranın yaradılması və əməkdaşlıqla bağlı 15 sənəd imzalanıb. Həmçinin Özbəkistan Prezident İlham Əliyevin 2022-ci ilin yayında pandemiyanın bitməsindən sonra rəsmi səfərə getdiyi ilk ölkə olub,”-deyə müəllif qeyd edir.
Onun sözlərinə görə, dostluq əlaqələri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Hər iki dövlət Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, BMT, SPECA çərçivəsində fəal əməkdaşlıq edir.
Sonda müəllif qeyd edir ki, ortaq maraqlar və fəaliyyət dairələri Azərbaycan-Özbəkistan əməkdaşlığının gələcəkdə daha da güclənməsi üçün möhkəm zəmin formalaşdırır.