BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Lalə Xəlilzadə

Email: lala.khalilzadeh@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycanda prezident seçkiləri və islam dünyası

2024-02-18 09:39

Ərəb ölkələrinin Azərbaycanda keçirilən prezident seçkilərinə dəstəyi tarixi dostluq bağlarına işarədir

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Qeyd edək ki, ölkədə prezident seçkiləri sonuncu dəfə 2018-ci il aprelin 11-də keçirilmişdi. Ölkə başçısı İlham Əliyev 2025-ci ildə keçirilməli olan seçkilərin vaxtının dəyişdirilməsini şərtləndirən üç səbəb göstərmişdir: birinci səbəb ötən ilin sentyabr ayında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasıdır ki, seçkilər də bütöv bir dövrə yekun vurur; ikinci səbəb seçkilərin ilk dəfə olaraq erməni işğalından azad edilmiş torpaqlar da daxil olmaqla ölkənin bütün ərazisində keçirilməsidir; üçüncü səbəb İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə yekun vurularaq yeni dövrün başlanması və yeni hədəflərin qarşıya qoyulmasıdır.

Baş tutan seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir oldu ki, Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə də seçki məntəqələri açıldı və 30 ildə ilk dəfə olaraq bütün Azərbaycanda prezident seçkiləri keçirildi. Vaxtilə separatçı ermənilərin qondarma rejiminin “paytaxt” kimi istifadə etdiyi Xankəndidə və digər bölgələrdə – Şuşa, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə 22 mindən çox seçici səsvermədə iştirak etdi. 

Seçkilərin nəticəsinə görə, Azərbaycan xalqı ölkənin müstəqilliyinin 20 illik dövründə həm beynəlxalq, həm də daxili müstəvidə məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət yürüdərək “güclü dövlət” konsepsiyasını həyata keçirən İlham Əliyevi daha 7 il müddətinə ölkənin prezidenti seçdi.

Dünyanın müxtəlif ölkələrinin liderləri respublikada keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdilər. Həmin ölkələr sırasında dost ərəb ölkələrinin liderləri – Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əs-Səud və krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Əs-Səud, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan, Qətər əmiri Təmim bin Həməd Ət-Təni, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl Əl-Əhməd Əl-Cabir Əs-Sabah və ölkənin Baş naziri Şeyx Məhəmməd Sabah Əl-Salim Əs-Sabah, Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə, Oman Sultanı Heytəm bin Tariq Əs-Səid, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzani, İordaniya Kralı II Abdullah ibn Əl-Hüseyn, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdülməcid Tebbun və Mərakeş Kralı VI Məhəmməd də vardılar.

İlham Əliyevin seçkilərdəki qələbəsi münasibəti ilə ona ünvanlanan bu təbriklər ərəb dövlətləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi bağlara söykəndiyini və hazırkı dövrdə artan xətt üzrə inkişaf etdiyini deməyə əsas verir. Qlobal miqyasda, o cümlədən Yaxın Şərqdə nüfuzu daha da artan Azərbaycanın Körfəzin ərəb dövlətləri ilə əlaqələri möhkəmlənir və bu əməkdaşlığın geniş potensialı mövcuddur.

Hazırda Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş, onun maraqlarını daim müdafiə edən bir dövlət kimi tanınır. Təsadüfi deyildir ki, bu il Azərbaycana səfər edən ilk dövlət başçısı məhz Birləşmiş Ərəb Əmilriklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan olmuşdur. Səfər çərçivəsində Azərbaycan və BƏƏ arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən mühüm anlaşmalar imzalanmışdır.  Qeyd edək ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin yaranmasından etibarən iki ölkə arasında ikitərəfli əlaqələrdə müsbət dinamika müşahidə olunmaqdadır. Əmirliklər Azərbaycanın əsas enerji və Körfəz Əməkdaşlıq Şurasında (KƏŞ) ən böyük ticari tərəfdaşıdır.

Səudiyyə Ərəbistanı Körfəzin ərəb ölkələri arasında Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu şirkətin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir.

Habelə Səudiyyə Ərəbistanı Azərbaycanın üzləşdiyi mina problemi, hazırda həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün aparılan bərpa və yenidənqurma işlərinə dəstək məqsədi ilə humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək. Bu məqsədlə ötən ayın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əl Vadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.

Ərəb dünyasının bu iki iqtisadi gücü Şərq-Qərb və Cənub-Şimal tranzit yollarının kəsişməsində yerləşən Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsindən sonra geosiyasi əhəmiyyətinin artdığını yaxşı görür. İndi Körfəzin ərəb ölkələrinin nümunəsi ilə iqtisadi transformasiya siyasətini həyata keçirməyə başlayan Azərbaycanın regiondakı ən böyük ticarət tərəfdaşları Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı yeni ticarət əlaqələri yaratmaqla iqtisadi maraqları bölüşürlər.

Qeyd etməyə dəyər ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən etibarən İslam ölkələri ilə kifayət qədər geniş əlaqələrə malikdir, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür. İƏT həm İkinci Qarabağ müharibəsi zamanı, həmçinin postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyən təşkilatlardan biri olub.

Təsadüfi deyildir ki, 14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana dəstəyini xatırlatmış və bu təşkilatın önəmini vurğulamışdır:

“İslam Əməkdaşlıq Təşkilatı da həmişə - həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda islam dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.”

Bu, o deməkdir ki, Azərbaycanın müasir tarixində 7 fevral seçkiləri ilə başlayan yeni dövrdə də ölkəmizin İƏT üzvü olan dövlətlərlə əlaqələri daha da inkişaf edəcək, Azərbaycanın islam dünyası ilə tarixi mədəni-mənəvi bağları daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.

*Məqalə Səudiyyə Ərəbistanının Ərəb-Rus Araşdırmaları Mərkəzində dərc edilib. Ərəb dilində olan versiya ilə aşağıdakı linkə keçid edərək tanış olmaq olar.

https://twitter.com/m_ciars/status/1759165034955985196?s=48&t=dZJmbzdSxl563bRM9P4uMw

 

 

Müəllifin son məqalələri

11 İyun 2024 - 18:32

Azərbaycan Prezidentinin Misir səfəri: əməkdaşlığın yeni səhifəsi

02 Aprel 2024 - 12:35

Husilərin Qırmızı dənizdəki hücumlarının təsir və nəticələri: geosiyasi, iqtisadi və təhlükəsizlik

05 Fevral 2024 - 10:02

Müasir Azərbaycanın uğurlu xarici siyasət strategiyası: Prioritetlər və nəticələr