BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Avropanın enerji təhlükəsizliyini gücləndirməsinə dəstək verə bilər

2022-03-15 12:39

BMTM-in eksperti Şahmar Hacıyevin ABŞ-ın nüfuzlu “The National Interest” nəşrində “Azərbaycan Avropanın enerji təhlükəsizliyini gücləndirməsinə dəstək verə bilər” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazır ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlarını yenidən gündəmə gətirib. Bildirilir ki, təbii qaz Avropanın iqtisadi inkişafı üçün mühüm enerji mənbəyidir və Aİ-yə üzv dövlətlər Rusiya, Yaxın Şərq və Afrika ölkələri də daxil olmaqla xarici enerji təchizatçılarından çox asılıdırlar. Qeyd olunur ki, bununla da Qərblə Rusiya arasında gərginlik Avropanın enerji sektoruna zərbə vura bilər.

“Bu mənada, artıq Avropa Komissiyası diversifikasiya prosesini sürətləndirir. Aİ artıq Qətər, ABŞ, Nigeriya, Misir və Azərbaycan kimi enerji tərəfdaşları ilə Moskvanın qaz tədarükünü kəsəcəyi təqdirdə təbii qaz tədarükünü artırmaq barədə danışıqlar aparıb. Bu ölkələr qitəyə təbii qaz tədarükünü artırmaqla Avropanın enerji təhlükəsizliyini dəstəkləmək potensialına malikdirlər”,- deyə məqalədə qeyd olunur.

Müəllif əlavə edir ki, Azərbaycan artıq özünü Avropa üçün etibarlı enerji tərəfdaşı kimi sübut edib: “Əhəmiyyətli enerji layihəsi olan Cənub Qaz Dəhlizi başa çatıb və Azərbaycan təbii qazını Avropa enerji bazarlarına ixrac edir. Azərbaycan Xəzər dənizindəki özünün təbii qaz ehtiyatlarından istifadə etməklə, həmçinin də Türkmənistan və İran təbii qaz mənbələrinə çıxış əldə etməklə, Avropaya qaz tədarükünü artırmaq potensialına sahibdir”.

Qeyd olunur ki, ABŞ da Avropa təbii qaz bazarına önəmli LNG tədarükçüləri sırasındadır. Belə ki, 2021-ci ildə ABŞ Avropanın ən böyük LNG tədarükçüsü olub və Aİ üzv dövlətləri və Böyük Britaniya tərəfindən idxal edilən bütün LNG-nin 26 faizini qarşılayıb.  2022-ci ilin yanvarında isə ABŞ Avropaya bütün LNG idxalının yarıdan çoxunu təmin edib.

Şahmar Hacıyev əlavə edir ki, Avropaya LNG-nin digər önəmli tədarükçüsü Qətər dövlətidir: “Qətər ən böyük LNG istehsalçılarından biridir və Şərqi Asiya ölkələrinə satılan yanacağın böyük hissəsini təmin edir. Avropanın enerji böhranı Qətərin LNG-nin Avropaya tədarükünün əhəmiyyətini yenidən artırdı. Qətərin Avropaya LNG ixracı 2022-ci ilin yanvarında 2021-ci ilin yanvar ayı ilə müqayisədə 65,1 faiz çox olub. Qətər qısa və ortamüddətli perspektivdə Aİ-nin enerji təhlükəsizliyini dəstəkləyə bilər. Bununla belə, aydındır ki, təbii qazın kəsilməsi baş verərsə, Qətər təkbaşına bütün Rusiya qazını tez bir zamanda kompensasiya edə bilməz. Hazırda görünən odur ki, Ukraynadakı müharibəyə baxmayaraq, həm Rusiya, həm də Aİ enerji sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədirlər”.

Sonda vurğulanır ki, Avropa Rusiyanın enerji ixracından və öz növbəsində isə Rusiya iqtisadiyyatı enerji gəlirlərindən çox asılıdırlar. Lakin müharibə Avropanın ənənəvi enerji xəritəsi üçün dönüş nöqtəsinə çevrildiyi üçün bu vəziyyət gələcəkdə də davam edə bilməz. Nəticədə, Rusiya gələcəkdə enerji satışlarını artırmaq üçün Çini mühüm enerji bazarı kimi görür. Rusiyanın uzunmüddətli strategiyası Avropadan Asiya enerji bazarlarına keçidlə nəticələnəcək.

Daha ətraflı: https://nationalinterest.org/blog/buzz/azerbaijan-can-help-europe-bolster-its-energy-security-201208

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir