Azərbaycan və Suriya arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan bağlılıq mövcuddur. Bu əlaqələrin əsası, İpək Yolu əsrində qurulmuş, Azərbaycanın müstəqillik qazandığı illərdən həm əvvəlki, həm də sonrakı dövrlərdə davam etmişdir. Bu ölkələrin xalqları ticarət yolları, diplomatik əlaqələr və mədəni inteqrasiya vasitəsilə bir-birilərinə yaxın olmuş, ortaq dəyərlər formalaşdırmışlar. Təsadüfi deyildir ki, Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəbri Suriyanın şimal-qərbində yerləşən qədim Hələb şəhərində yerləşir.
Azərbaycanın müstəqillik qazanmasından sonra bu əlaqələr davam etmiş, ilk dəfə otuz üç il əvvəl 1992-ci il martın 28-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Ümummilli lider Heydər Əliyev ikitərəfli əlaqələri möhkəmləndirmək üçün 11 aprel 1997-ci il tarixində Dəməşqdə Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında qərar qəbul etmişdir. 2008-ci il 16 may tarixindən etibarən isə, Suriyada Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
Azərbayan və Suriya arasında diplomatik əlaqələr qurulduqdan iyirmi il sonra kəsilmişdir. Həmin dövrdə Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması Suriyadakı təhlükəsizlik vəziyyəti və o dövrün mürəkkəb hərbi-siyasi şəraiti ilə əlaqədar olmuşdur.
Təəssüflə qeyd edə bilərik ki, Suriyanın keçmiş rejimi dövründə Azərbaycanla əlaqələr müəyyən səbəblərdən arzuolunan səviyyədə olmamışdır. Bunu doğuran amillər arasında Suriyadakı erməni diasporunun anti-Azərbaycan və anti-türk mövqeyini, eyni zamanda Suriya və Ermənistan arasında mövcud dostluq əlaqələrini göstərmək olar.
Suriyanın əvvəlki rejimi Azərbaycan üçün bir sıra beynəlxalq təşkilatlarda müəyyən problemlər yaratmış, Azərbaycanın ərazi bütövlüyü məsələlərində birmənalı mövqe tutmamışdır. Həmin dövrdə Suriya təmsilçiləri hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman birliyi prinsipinə zidd bəyanatlar vermişlər. Lakin qeyd etməyə dəyər ki, keçmiş rejim zamanında Azərbaycana qarşı edilən haqsızlıqlar Suriya xalqının Azərbaycan xalqına münasibətini əks etdirməmişdir.
İkitərəfli əlaqələr Suriyada 2024-cü ilin 8 dekabrında hakimiyyət dəyişikliyindən sonra yeni bir mərhələyə keçmiş, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranmışdır. On iki illik fasilədən sonra Azərbaycan Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi ilə diplomatik əlaqələrdə yeni addım atılmış oldu.
Suriyada Bəşar Əl-Əsəd rejiminin devrilməsindən iki gün sonra, dekabrın 10-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə etmişdir. Bu addım iki ölkə arasında müxtəlif səviyyəli ikitərəfli əlaqələri gücləndirmək səylərinin ilk hissəsi idi.
2024-cü ilin dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqə səfər etmiş və həmkarı, Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşmüşdür. Görüş çərçivəsində o, Suriya üçün bu vacib mərhələdə Azərbaycanın Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğunu bildirmişdir.
Görüş zamanı Ə. Şeybani, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsinin, yalnız regionda deyil, həm də, dünya miqyasında sülhün bərqərar olması baxımından əhəmiyyətini vurğulamışdır. Bu mühüm dövrdə Azərbaycanın, xüsusən də Türkiyə ilə birlikdə, Suriyanın yanında durduğunu qeyd edən Ə.Şeybani, bu dəstəyin hər iki xalq üçün mühüm bir mənaya malik olduğunu bildirmişdir.
Nazir müavininin Dəməşq səfərindən sonra, dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərmişdir. Yardım karvanına təxminən iki yüz ton ərzaq və ləvazimat yüklənmiş on maşın daxil idi. Bu humanitar yardım Prezident İlham Əliyevin tapşırığına əsasən, Suriyada humanitar böhrandan zərər çəkmiş əhaliyə dəstək məqsədilə göndərilmişdir.
Fevralın 28-də Azərbaycandan Suriyaya humanitar yardımın ikinci hissəsi göndərilmişdir. Hələb vilayətinin Qarakörpü kəndində məcburi köçkün düşərgəsində təşkil olunmuş humanitar yardımın paylanması tədbirində Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin əməkdaşları iştirak etmişlər.
Azərbaycanın Suriyada humanitar problemlərin həllinə göstərdiyi dəstəyin digər nümunəsi Ramazan ayında baş tutdu. Belə ki, martın 28-də Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə min kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil etmişdir. Xeyriyyə aksiyası zamanı “Qadın Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin sədri xanım Maha Diyab Ramazan çıxış edərək, müqəddəs ayda bu nəcib təşəbbüsə görə, Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, fevral ayında Azərbaycan on iki illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmiş, müvəqqəti işlər üzrə vəkil Elnur Şahhüseynov Dəməşqdəki səfirlikdə fəaliyyətinə başlamışdır.
Azərbaycan Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə çalışır və bunu ilk günlərdən etibarən bəyan edib. Bunu həmçinin son aylarda baş tutan səfərlər və görüşlər kontekstində də sezmək mümkündür. Belə ki, Azərbaycan Respunlikasının Prezidenti İlham Əliyev fevral ayının 13-də Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən Azərbaycanın Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə dayanacağını bildirmişdir. “Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”, – deyə, prezident İ.Əliyev əlavə etmişdir.
Fevralın 15-də Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Əş-Şaraaya təbrik məktubu ünvanlaması qarşılıqlı əməkdaşlıq perspektivlərinə yeni işarə olmuşdur. Belə ki, təbrik məktubunda Azərbaycanın Suriya ilə dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən prezident, Əhməd Əş-Şaraanı Azərbaycana səfərə dəvət etmişdir.
Aprel ayının 11-də isə Antalya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında ilk görüş ikitərəfli əlaqələrdə yeni müsbət təkan oldu. Görüşdə Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.
Öz növbəsində, Əhməd Əş Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.
Eyni zamanda görüşdə Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu. Qeyd edə bilərik ki, Azərbaycan həm də, Suriya və qonşuları arasında münasibətlərin tənzimlənməsi məsələsində yaxından iştirak edir. Bu isə, Azərbaycanın artıq qlobal səviyyəli məsələlərin həllində fəal iştirakçı olduğunu deməyə əsas verir.
İndiki dövrə nəzər saldıqda, iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, onu real məzmunla zənginləşdirmək üçün əlverişli şərait yaranıb. Söyləmək olar ki, yeni atılan addımlar Azərbaycan-Suriya əlaqələrinə yeni töhfələr verəcək, səfirliyin fəaliyyətini bərpa etməsi ikitərəfli əlaqələri yeni səviyyəyə qaldıracaq.
*Məqalə ərəb dilində Suriyanın Al Vatan - İnformasiya Nazirliyinə bağlı dövlət qəzetində və Dövlət İnformasiya Agentliyi SANA-da dərc olunub. Qeyd edək ki, sözügedən təhlil 13 illik fasilədən sonra ölkəmiz tərəfindən Suriyanın dövlət nərşlərində yer alan ilk məqalədir.