Azərbaycan və Mərakeş iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının otuz üçüncü ilində strateji tərfədaşlığın ən yüksək səviyyəsinin şahidi olurlar. Bu əlaqələr son üç onillik ərzində hər iki ölkənin siyasi iradəsi və yüksək səviyyəli rəhbərliyi sayəsində əhəmiyyətli dərəcədə möhkəmlənib.
1994-cü ilin dekabr ayında Ümummilli lider Heydər Əliyev Kasablankada keçirilmiş İslam Əmkədaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının VII konfransında iştirak etmək məqsədi ilə Mərakeşə səfər etmişdir. Bu səfər çərçivəsində mərhum kral II Həsən ilə keçirilən görüşdə Azərbaycan - Mərakeş ikitərəfli əməkdaşlığının təməli qoyulmuşdur. Hazırda bu dostluq əlaqələri Prezident İlham Əliyev və Kral VI Məhəmmədin liderliyi ilə uğurla davam etdirilir.
İki ölkə arasında əlaqələr yalnız siyasi sferada deyil, həmçinin hərbi, iqtisadi-ticari və mədəni sahələrdə dinamik inkişaf edir. Bu il imzalanan hərbi tərəfdaşlıq sazişi Bakı və Rabat arasında uzun illər davam edən siyasi yaxınlaşmanın kuliminasiya nöqtəsi oldu. Belə ki, 2025-ci il yanvarın 10-da Prezident İlham Əliyev Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında razılaşmanı təsdiqləyib. Bu saziş iki hökumət arasında 2024-cü il oktyabrın 30-da imzalanmış və müdafiə sahəsində əlaqələrin gücləndirilməsi üçün təməl yaratmışdır. Saziş texniki yardım, birgə təlimlər, təcrübə mübadiləsi, kibertəhlükəsizlik və müdafiə sənayesi daxil olmaqla bir sıra əməkdaşlıq sahələrini əhatə edir.
Son dönəm ikitərəfli əlaqələrdə sürətlə artan dinamika xüsusilə, iqtisadi-ticari sahədə müşahidə edilməkdədir. Məsələn, Azərbaycan-Mərakeş ticarətində 2025-ci ilin əvvəlində 56 faiz artım qeydə alınıb. Bu yüksəliş 2023-cü ilin noyabrında Rabat şəhərində keçirilmiş Azərbaycan–Mərakeş Birgə Komissiyasının ikinci iclasında qəbul edilmiş öhdəliklərlə sıx bağlıdır. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə mərakeşli həmkarı Nasser Bourita arasında enerji və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar əldə olunmuş, iqtisadi əməkdaşlığa dair hüquqi bazanın formalaşdırılması üçün müvafiq sənədlərin ratifikasiyasının sürətləndirilməsi vurğulanmışdır.
Artan ticarət həcmi təkcə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsini əks etdirmir, həm də sektorların, xüsusilə enerji, logistika və sənaye sektorlarında əməkdaşlığın şaxələndirilməsi yolu ilə iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş səyləri nümayiş etdirir. Bu proses həm dövlət orqanları, həm də biznes liderləri arasında davam edən dialoqla dəstəklənir.
Bu il ikitərəfli əlaqələrdə ən çox inkişaf edən sahələrdən biri də, turizm oldu. 2025-ci ilin yanvar–may ayları ərzində Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq 1500-ə yaxın ziyarətçiyə çatıb. Turizm mübadiləsinin əhəmiyyətli dərəcədə artımında iki ökə arasıda vizasız rejimin tətbiqi mühüm rol oynayıb. Belə ki, ötən ilin iyul ayında Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”i ratifikasiya edib.
Vizasız rejimin ötən ilin avqustun 28-də — diplomatik əlaqələrin yaradılmasının 32-ci ildönümündə - tətbiqi isə, iki xalq arasında qardaşlıq və qarşılıqlı hörmətin dərinliyini simvolizə edir.
Cari ildə iki tərəfli görüşlər müstəvisində baş tutan görüşlərdən biri də, aprel ayında baş tutdu. 6 aprel tarixində Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid ilə görüşdü. Azərbaycan və Mərakeş arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı qeyd olunaraq, xüsusilə siyasi sahədə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırıldı. Həmçinin, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyi, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək verdiyi vurğulandı. Qeyd edək ki, iki ölkə beynəklxalq təşkilatlar, xüsusilə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir.
İkitərəfli münasibətlərin strateji aspektlərindən biri də elmi və analitik əməkdaşlığın dərinləşdirilməsidir. Bu baxımdan, Azərbaycan və Mərakeş arasında anlaşmalar analitik beyin və tədqiqat mərkəzləri arasında əlaqələrin yaradılması ilə müşayiət olunur. Bakı şəhərində fəaliyyət göstərən Beynəlxalq Müansibətlərin Təhlili Mərkəzi (BMTM) ilə paytaxt Rabatda fəaliyyət göstərən Amadeus İnstitutu arasında ötən il qarşılıqlı əmkdaşlıq memorandumu imzalanmışdır. Bu saziş çərçivəsində mərkəzlər il boyu qarşılıqlı olaraq təşkil edilən tədbir və konfranslarda iştirak edir, analitik müzakirələr və təşəbbüslərlə çıxış edirlər. Misal olaraq, BMTM nümayəndə heyəti 2024 və 2025-ci illərdə Mərakeşin Tanjer şəhərində təşkil edilən “MED”ays forumunda iştirak etmiş, eyni zamanda Amadeus İnstitutunun kommunikasiyalar üzrə direktoru bu ilin aprel ayında Bakı şəhərində keçirilən "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" və may ayında keçirilən "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzularında beynəlxalq konfranslarda iştirak etmişdir.
Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, iki ölkə qarşılıqlı faydalı əməkdaşlıq imkanları təklif edən bütün sahələrdə güclü siyasi iradə nümayiş etdirir. Azərbaycan və Mərakeş münasibətləri təkcə dini və mədəni əlaqələrə məhdudlaşmır, eyni zamanda, qarşılıqlı hörmətə əsaslanan və ikitərəfli əməkdaşlığın gedişatında dönüş nöqtəsini təşkil edən təcrübə çərçivəsində iqtisadiyyat və müdafiə kimi strateji sahələri əhatə edir.
*Məqalə ərəb dilində nəşr edilib: