BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

“Azərbaycan və İsrail: dəyərlərə söykənən dostluq”

2021-07-29 15:44

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin İsrailin “Israel Hayom” nəşrində “Azərbaycan və İsrail: Dəyərlərə söykənən dostluq” başlıqlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, iki ölkə arasında çox sıx təhlükəsizlik, ticarət, turizm və humanitar əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd olunur ki, İsrail Azərbaycana müasir silahların əsas tədarükçülərindən biridir və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad etdiyi 44 günlük müharibə ərzində bu silahlardan çox yaxşı istifadə olunub. Eyni zamanda Azərbaycanın İsrailə nəzərəçarpacaq miqdarda neft ixrac etdiyi vurğulanır.

Müəllif qeyd edir ki, son aylarda İsraildə bəzi media vasitələri Azərbaycanla əlaqələrin yenidən nəzərdən keçirilməsinin vacibliyini yazaraq bu əlaqələrin “silah üçün neft” məqsədləri üzərində qurulduğunu bildirirlər. Onlar iddia edirlər ki, Ermənistan “soyqırımı”na məruz qalmış ölkədir və liberal dəyərlərə maildir. Həmçinin onlar İsraillə mürəkkəb münasibətlərdə olan Türkiyə ilə Azərbaycanın sıx dostluq əlaqələrinin olması faktorunu irəli sürürlər. Müəllif yazır ki, bu arqumentlərin heç biri İsraillə Azərbaycan arasında münasibətlərin soyuması üçün əsas təşkil etmir. Bildirilir ki, Azərbaycanla İsrail arasında münasibətləri “silah üçün neft” səviyyəsinə endirmək tarix qarşısında haqsızlıqdır. Belə ki, son 100 ildə tat dilli yəhudilərdən başqa Azərbaycana minlərlə Aşkenazi yəhudisi köçüb: “Onlar burada bir daha tolerantlığın şahidi olublar və iki xalq arasında qarşılıqlı evliliklər baş tutub. Bu gün qarışıq irsin nümayəndələri iki ölkə arasında sıx siyasi, ticari və mədəni əlaqələrin qurulmasında vacib rol oynayırlar. Qısası, Azərbaycan neft və İsrail silah istehsal etməmişdən qabaq iki etnik qrup arasında müsbət əlaqələr mövcud idi”. 

Liberal dəyərlər məsələsinə toxunan müəllif yazır ki, etnik təmizləmə, işğal, və mədəni irsin dağıdılmasından əziyyət çəkən xalq kimi azərbaycanlılar erməni lobbisinin təsirinə düşmüş həmin media nümayəndələrinin daha çox diqqətinə layiqdirlər. 

Qeyd olunur ki, ermənilərin türk xalqına qarşı aşağılayıcı münasibəti 1930-cü illərdə nasizmdən təsirlənərək Qaregin Njde tərəfindən əsası qoyulmuş və erməni xalqının aliliyini əks etdirən “Tsexakron” nəzəriyyəsindən irəli gəlir. 

Türkiyə ilə bağlı məsələnin bir qədər mürəkkəb olduğunu deyən müəllif bildirir ki, Türkiyə Azərbaycanın ən sıx müttəfiqidir, lakin Bakı bu ilin mayında baş vermiş Qəzza böhranında olduğu kimi özünün xarici siyasət prioritetlərini irəli sürür. Bildirilir ki, həmçinin yüksək səviyyəli Azərbaycan rəsmiləri Türkiyə ilə İsrail arasında əlaqələrin yenidən yaxşılaşması üçün vasitəçilik təklifləri irəli sürüblər. Fərid Şəfiyevin fikrincə, iki ölkə arasında əlaqələr tələsik qərarların qurbanı olmamalıdır. 

Sonda müəllif ümid etdiyini bildirir ki, bir gün Ermənistan-Azərbaycan münasibətləri qarşılıqlı ərazi bütövlüyünə hörmət və iqtisadi əməkdaşlıq şəkilində qurulacaq: “30 il işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycan xarici tərəfdaşlarını azad edilmiş ərazilərin bərpasına köməklik göstərməyə dəvət edib və İsrail artıq kənd təsərrüfatı və tikinti sahəsində bir sıra layihələr irəli sürüb”. 

Daha ətraflı: https://www.israelhayom.com/opinions/azerbaijan-and-israel-friendship-of-values/

 

Müəllifin son məqalələri

21 Avqust 2024 - 14:14

Ekspertlərin çoxu niyə yanılırlar və ya “ideoloji özünüməhdudlaşdırma”

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır