BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan və Cənubi Koreya enerji sahəsində Anlaşma Memorandumu imzalayıb

2026-04-03 10:45

BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin “Azərbaycan və Cənubi Koreya enerji sahəsində Anlaşma Memorandumu imzalayıb” sərlövhəli məqaləsi “The Jamestown Foundation” mərkəzinin nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Cənubi Koreyanın mühəndislik şirkəti Samsung E&A fevralın 25-də Anlaşma Memorandumu imzalayıb. Memorandum enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin inkişaf etdirilməsi, insan kapitalının inkişafının təşviqi və dekarbonizasiya sahəsində əməkdaşlıq məsələlərini əhatə edir.

Saziş 2021-ci ildə dərc edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunduğu kimi, ölkəmizin texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyatlarla şaxələndirilmiş əməkdaşlıq vasitəsilə daha dayanıqlı enerji təchizatı zəncirlərinin formalaşdırılmasına sadiqliyini vurğulayır.

Samsung E&A kimi qlobal təcrübəyə malik bir podratçı ilə əməkdaşlıq, texnologiya transferinə xüsusi önəm verildiyini aydın şəkildə göstərir. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpa olunan mənbələrdən istehsal etməyi və 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı hədəfləyir.

Azərbaycan əməliyyat səmərəliliyini artırmaq və enerji obyektlərinin ekoloji göstəricilərini yaxşılaşdırmaq məqsədilə mühəndislik sahəsindəki qabaqcıl tərəfdaşları ilə əməkdaşlıq vasitəsilə müasir sənaye texnologiyalarını tətbiq etməyə çalışır.

SOCAR ilə Samsung E&A arasında tərəfdaşlıq Azərbaycanın daxili sənaye potensialını gücləndirmək imkanına malikdir ki, bu da rəsmi Bakının prioritetlərindən biridir.

Qlobal mühəndislik şirkətləri ilə əməkdaşlıq Azərbaycan podratçılarını, istehsalçılarını və xidmət təminatçılarını beynəlxalq texniki standartlar, qabaqcıl mühəndislik təcrübələri və yeni bazar imkanları ilə tanış edir. Zaman keçdikcə bu əməkdaşlıq yerli şirkətlərin Xəzər regionu üzrə enerji və sənaye təşəbbüslərində daha fəal iştirak etməsinə imkan yarada bilər.

Anlaşma Memorandumunun bir aspektini də dekarbonizasiya sahəsində əməkdaşlıq əhatə edir. Qlobal səviyyədə karbon emissiyalarını azaltmaqla bağlı təzyiq artdıqca enerji istehsal edən ölkələrin sənayelərini ekoloji cəhətdən davamlı etməklə bağlı addımları artır. Enerji səmərəliliyinin artırılması, emissiyaların azaldılması texnologiyalarının tətbiqi və qabaqcıl sənaye proseslərinin mənimsənilməsi ekoloji göstəricilərin yaxşılaşdırılmasına və daha geniş davamlılıqla bağlı məqsədlərə çatmağa kömək edə bilər.

Yeni saziş Azərbaycan ilə Cənubi Koreya arasında enerji sahəsindəki əvvəlki diplomatik əlaqələr üzərində qurulub. Son illərdə ikitərəfli dialoq bərpa olunan və yaşıl enerji sahəsindəki imkanlara getdikcə daha çox diqqət ayırır. 2021-ci ilin noyabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Parkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək ikitərəfli enerji əməkdaşlığının genişləndirilməsi və yeni investisiyaların cəlb edilməsi imkanlarını müzakirə edib. Xüsusi diqqət Xəzər dənizinin külək potensialına, yaşıl hidrogenin istehsalı və ixracı üçün yaranan imkanlara yönəldilib.

2025-ci ilin sentyabrında Bakıda keçirilən görüşdə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimquya (Kang Kymgu) Azərbaycanın bərpa olunan enerji layihələri barədə məlumatlandırıb və Cənubi Koreya şirkətlərini bu layihələrin inkişafında iştirak etməyə çağırıb.

Cənubi Koreyanın artan rolu Azərbaycanın enerji sektorunda Şərqi Asiyadan olan tərəfdaşlarla əlaqələrin genişləndirilməsi tendensiyasını əks etdirir. Bu sazişdən əvvəl Azərbaycan artıq Çin Xalq Respublikasının (ÇXR) bir sıra iri şirkətləri, o cümlədən, PowerChina, China Energy Engineering Group (CEEC), Huantai Energy, LONGi Solar, Dongfang Electric Corporation və China Energy Overseas Investment Co., Ltd. İlə geniş enerji əməkdaşlığı qurub.  Bu şirkətlər Azərbaycanda bərpaolunan enerji texnologiyalarının tətbiqində və rəqəmsal həllərin inkişafında fəal iştirak etmiş, ölkənin müxtəlif regionlarında günəş, külək və su elektrik stansiyaları üçün əsas avadanlıqları təmin etmişlər. Bu layihələr həm ikitərəfli razılaşmalar, həm də COP29, “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalar çərçivəsində həyata keçirilib. Azərbaycan ÇXR ilə bərpa olunan enerji istehsalı, texnologiya transferi, yerli avadanlıq istehsalı və davamlı infrastruktur sahəsində əməkdaşlıq edir".

*Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olma mümkündür:

https://jamestown.org/azerbaijan-and-south-korea-sign-energy-mou/

Müəllifin son məqalələri

03 Aprel 2026 - 10:45

Azərbaycan və Cənubi Koreya enerji sahəsində Anlaşma Memorandumu imzalayıb

31 Mart 2026 - 09:29

Orta Dəhlizin cənub qolu Avrasiya bağlantılarında rolunu gücləndirir

20 Fevral 2026 - 16:27

Zəngəzur Enerji Dəhlizi regional enerji əlaqələrini gücləndirir