BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan və Birləşmiş Krallıq: Dəyişən geosiyasi mənzərədə strateji tərəfdaşlıq

2026-11-13 17:03

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələni təmsil edir. Sadəcə simvolik diplomatik sənəd olmaqdan daha artıq məna daşıyan bu Bəyannamə getdikcə daha çox parçalanan beynəlxalq şəraitdə Azərbaycanın artan strateji əhəmiyyətini, eləcə də Birləşmiş Krallığın Cənubi Qafqazda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində iştirakını gücləndirməyə olan marağını əks etdirir. Münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə, hər iki ölkə ənənəvi enerji və iqtisadi əlaqələrin hüdudlarını aşan, daha geniş və hərtərəfli əməkdaşlıq çərçivəsinin formalaşdırılması istiqamətində mühüm addım atır.

Tarixən enerji sahəsində əməkdaşlıq Azərbaycan-Böyük Britaniya münasibətlərinin əsas dayaqlarından biri olmuşdur. Britaniya şirkətlərinin, xüsusilə BP-nin Azərbaycanın enerji sektorunda iştirakı ölkənin neft-qaz sənayesinin inkişafında, beynəlxalq enerji bazarlarına inteqrasiyasında və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. London üçün də Azərbaycan enerji təchizatı mənbələrinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətli tərəfdaş olmuşdur.

Lakin yeni Bəyannamə iki ölkə arasındakı münasibətlərin daha geniş əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Enerji sahəsi öz əhəmiyyətini qoruyub saxlasa da, əməkdaşlığın əhatə dairəsi artıq müdafiə, təhlükəsizlik, ticarət, investisiya, nəqliyyat əlaqələri, təhsil, elm və texnoloji innovasiyalar sahələrini də əhatə edir. Əməkdaşlığın bu istiqamətlər üzrə şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu proses ikitərəfli münasibətlərin ənənəvi karbohidrogen resurslarından asılılığını azaldır və daha dayanıqlı, çoxşaxəli tərəfdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.

Birgə Bəyannamə Bakının Cənubi Qafqazdakı geosiyasi mövqeyini daha da möhkəmləndirir. Bu, Azərbaycanın ənənəvi regional təhlükəsizlik mexanizmlərinin hüdudlarını aşaraq ABŞ ilə yanaşı, digər aparıcı Qərb dövlətləri ilə də daha dərin əməkdaşlıq əlaqələri qurmaqla strateji tərəfdaşlıqların daha şaxələndirilmiş şəbəkəsinə inteqrasiyası baxımından əhəmiyyət daşıyır.

Bu kontekstdə sözügedən tərəfdaşlıq Azərbaycanın müharibədən sonrakı xarici siyasətinin təkcə əldə olunmuş qələbənin nəticələrini möhkəmləndirməyə deyil, həm də iqtisadi bağlantılar, beynəlxalq tərəfdaşlıqlar və Avrasiya geosiyasətində daha nüfuzlu mövqe tutmaq vasitəsilə formalaşmaqda olan regional düzənin müəyyənləşdirilməsində iştirak etməyə yönəldiyini göstərir.

Xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri Bəyannamədə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin açıq şəkildə bir daha təsdiq edilməsidir. Bununla yanaşı, Birləşmiş Krallıq ikitərəfli dialoq vasitəsilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini ifadə edir. Bu məqam xüsusi əhəmiyyət daşıyır, çünki o, Cənubi Qafqazda beynəlxalq diplomatik mühitin getdikcə daha çox Qarabağ Zəfərindən əvvəl mövcud olmuş geosiyasi status-kvoya deyil, münaqişədən sonrakı reallıqlara əsaslandığını göstərir.

Birləşmiş Krallıq Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq istiqamətində həyata keçirdikləri ikitərəfli səylərə dəstəyini bir daha təsdiqləməklə, regionda formalaşmaqda olan yeni siyasi mühitin əhəmiyyətini qəbul edir. Bu mövqe İkinci Qarabağ müharibəsindən və regionda baş verən sonrakı proseslərdən sonra Cənubi Qafqazda meydana gəlmiş geosiyasi transformasiyalar fonunda xüsusi aktuallıq kəsb edir.

Azərbaycan üçün Ermənistanla davamlı sülhün təmin edilməsi yalnız ikitərəfli münasibətlərin normallaşdırılması məsələsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, yeni regional iqtisadi imkanların yaradılması, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və Cənubi Qafqazın daha inteqrasiya olunmuş iqtisadi və logistik məkana çevrilməsi ilə bilavasitə bağlıdır.

Böyük Britaniyanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Belə ki, London BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaqla yanaşı, əhəmiyyətli diplomatik, iqtisadi və siyasi nüfuza malikdir. Birləşmiş Krallığın normallaşma prosesinə verdiyi dəstək formalaşmaqda olan sülh arxitekturasının daha geniş beynəlxalq legitimlik qazanmasına töhfə verə bilər.

Bəyannamənin digər mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafına açıq dəstəyin ifadə edilməsidir.

Dəyişən geosiyasi şərait, ənənəvi ticarət marşrutlarında yaranan fasilələr və təchizat zəncirlərinin təhlükəsizliyinin artan əhəmiyyəti Asiya ilə Avropanı birləşdirən alternativ nəqliyyat və logistika şəbəkələrinin strateji əhəmiyyətini artırmışdır. Bu kontekstdə Azərbaycan xüsusilə əlverişli coğrafi mövqeyə malikdir.

Orta Dəhliz Azərbaycan ərazisindən keçən sadəcə bir nəqliyyat marşrutu deyil. O, ölkənin regional nəqliyyat-kommunikasiya qovşağı kimi rolunu gücləndirmək, eləcə də Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Avropa bazarları arasında əvəzolunmaz əlaqələndirici həlqəyə çevrilmək imkanı yaradır. Böyük Britaniyanın Orta Dəhlizə verdiyi dəstək onun Avrasiya məkanında nəqliyyat-kommunikasiya əlaqələrinin dəyişən coğrafi konfiqurasiyasını qəbul etdiyini nümayiş etdirir.

Azərbaycan üçün Britaniya maliyyə institutları, infrastruktur şirkətləri və investorları ilə əməkdaşlıq nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika imkanlarının genişləndirilməsi və beynəlxalq investisiyaların cəlb edilməsi baxımından əlavə imkanlar yarada bilər.

*Məqalənin ingilis dilində dərc olunmuş tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://aircenter.az/en/single/azerbaijan-and-the-united-kingdoma-strategic-partnership-for-a-changing-geopolitical-landscape-2300

Müəllifin son məqalələri

13 Noyabr 2026 - 17:03

Azərbaycan və Birləşmiş Krallıq: Dəyişən geosiyasi mənzərədə strateji tərəfdaşlıq

25 May 2026 - 15:38

Türkiyə-Azərbaycan münasibətləri: Koordinasiyanın strateji ölçüsü

09 Oktyabr 2025 - 16:44

Türk Dövlətləri Təşkilatının XII Zirvə Toplantısı: Müzakirə olunan əsas mövzular nələr idi?