Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini İslam dünyası ilə münasibətlərin inkişafı təşkil edir. Azərbaycan Cənubi Qafqaz regionunda yeganə müsəlman dövləti olmaqla yanaşı, İslam, Şərq və Qərb sivilizasiyalarının tarixi və mədəni qarşılıqlı təsirinin formalaşdırdığı mürəkkəb geosiyasi məkanda yerləşir. Ölkənin əlverişli coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi və müxtəlif sivilizasiyalar arasında əlaqələndirici rol oynamaq təcrübəsi onun xarici siyasətinin çoxşaxəli xarakterini şərtləndirən əsas amillərdəndir. Bu xüsusiyyətlər Azərbaycanın İslam dünyası ilə münasibətlərini yalnız dini və mədəni yaxınlıq müstəvisində deyil, həm də siyasi, iqtisadi və geostrateji maraqlar kontekstində inkişaf etdirməsinə imkan yaradır.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan müsəlman dövlətləri ilə siyasi dialoqun və qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət vermişdir. Bu siyasət çərçivəsində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında formalaşmış münasibətlər xüsusi əhəmiyyət daşıyır. BƏƏ Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1 sentyabr 1992-ci ildə qurulmuşdur. Sonrakı dövrdə münasibətlərin inkişafında qarşılıqlı siyasi dəstək və beynəlxalq platformalarda əməkdaşlıq mühüm rol oynamışdır.
Bununla belə, Azərbaycan–BƏƏ münasibətlərinin mahiyyətini yalnız siyasi həmrəylik və diplomatik əlaqələrlə izah etmək kifayət deyil. Xüsusilə son illərdə ikitərəfli münasibətlər daha geniş strateji gündəlik qazanaraq iqtisadiyyat, investisiya, enerji, bərpaolunan enerji, nəqliyyat və logistika, turizm, ərzaq təhlükəsizliyi və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir. Qarşılıqlı yüksək səviyyəli səfərlərin və siyasi dialoqun intensivləşməsi də bu transformasiyanın mühüm göstəricilərindən biridir.
Enerji - ikitərəfli münasibətlərin ən dinamik və strateji istiqaməti
Əməkdaşlığın institusional əsası 9 yanvar 2020-ci ildə Azərbaycanın Energetika Nazirliyi ilə “Masdar” arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsinə dair İcra müqaviləsinin imzalanması ilə qoyulmuşdur. 6 aprel 2021-ci ildə isə 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə İnvestisiya, Enerji alqı-satqısı və Ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalanmışdır.
Bu əməkdaşlığın ilk böyük nəticəsi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının yaradılması olmuşdur. Təməli 15 mart 2022-ci ildə qoyulan və 26 oktyabr 2023-cü ildə açılışı keçirilən stansiya 262 milyon ABŞ dolları xarici investisiya hesabına inşa edilmişdir. Qaradağ GES Azərbaycanda xarici investisiya ilə həyata keçirilən ilk sənaye miqyaslı günəş elektrik stansiyasıdır.
Qaradağ layihəsi əməkdaşlığın miqyas2ının genişlənməsinə də təkan vermişdir. 26 oktyabr 2023-cü ildə “Masdar” ilə ümumi gücü 1 000 MVt olan üç yeni layihə üzrə investisiya müqavilələri imzalanmışdır: Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt günəş, Abşeron-Qaradağ ərazisində isə 240 MVt külək elektrik stansiyası. 4 iyun 2024-cü ildə bu layihələrin təməli qoyulmuşdur.
2024-cü ilin noyabrında COP29 çərçivəsində Biləsuvar və Neftçala layihələri üzrə 760 MVt gücündə layihələrin maliyyələşdirilməsi yekunlaşdırılmışdır. 670 milyon ABŞ dolları dəyərində layihələrin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Əməkdaşlıq Xəzərin Azərbaycan sektorunda 3,5 QVt gücündə dəniz külək enerjisi layihələrinin araşdırılmasını da əhatə edir. 2025-ci ildə Qaradağ GES-in 1 milyard kilovat-saat elektrik enerjisi istehsal etməsi bu tərəfdaşlığın real nəticələrini nümayiş etdirmişdir.
2026-cı il etibarilə “Masdar” Azərbaycanın bərpa olunan enerji sektorunda əsas beynəlxalq tərəfdaşlardan biri olaraq qalır. Qaradağ GES artıq istismardadır, Biləsuvar və Neftçala günəş layihələri icra mərhələsindədir, Abşeron-Qaradağ külək layihəsi isə tərəfdaşlığın digər mühüm istiqamətini təşkil edir. Azərbaycanın ümumi quraşdırılmış elektrik gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək ən azı 30 faizə çatdırılması hədəfi fonunda “Masdar” ilə əməkdaşlıq ölkənin enerji keçidinin beynəlxalq investisiya və texnoloji tərəfdaşlıq komponentini gücləndirir.
Vizasız rejim və hava əlaqələri turizm əməkdaşlığını gücləndirir
Azərbaycan ilə BƏƏ arasında turizm əlaqələri son illərdə viza rejiminin liberallaşdırılması və birbaşa hava əlaqələrinin genişlənməsi hesabına əhəmiyyətli inkişaf dinamikası nümayiş etdirmişdir. 2015-ci ildə Azərbaycan BƏƏ vətəndaşları üçün hava limanlarında 30 günlük viza əldə etmək imkanını tətbiq etmiş, 8 iyul 2023-cü ildən isə iki ölkə arasında qarşılıqlı vizasız rejim qüvvəyə minmişdir. Hazırda hər iki ölkə vətəndaşları adi pasportla qarşı tərəfin ərazisində 90 günədək vizasız qala bilirlər.
Səfər prosedurlarının sadələşdirilməsi turist axınının artmasına mühüm təsir göstərmişdir. BƏƏ-dən Azərbaycana gələn ziyarətçilərin sayı 2014-cü ildə 821 nəfər olduğu halda, 2017-ci ildə 102 mindən çox olmuşdur. COVID-19 pandemiyası dövründə turizm axınında kəskin azalma müşahidə edilsə də, sonrakı illərdə bərpa prosesi başlamışdır. 2021-ci ildə Azərbaycana BƏƏ-dən 17 minə yaxın ziyarətçi gəlmiş, 2022-ci ildə isə bu göstərici iki dəfədən çox artmışdır.
Vizasız rejimin tətbiqindən sonrakı dövrdə də BƏƏ Azərbaycanın əsas turizm bazarlarından biri olaraq qalmaqdadır. 2024-cü ildə Azərbaycana BƏƏ-dən 46 706, 2025-ci ildə isə 43 834 ziyarətçi gəlmişdir. 2025-ci ildə müşahidə olunan müəyyən azalmaya baxmayaraq, bu göstəricilər ikitərəfli turizm əlaqələrinin pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli səviyyədə bərpa olunduğunu göstərir.
Turizm əlaqələrinin inkişafında birbaşa hava bağlantıları xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Hava Yolları” (AZAL), “flydubai” və “Air Arabia” tərəfindən Bakı ilə Dubay və Şarja arasında həyata keçirilən müntəzəm uçuşlar iki ölkə arasında hərəkətliliyi artırır. Vizasız rejimlə hava əlaqələrinin genişləndirilməsinin paralel şəkildə inkişaf etməsi Azərbaycan–BƏƏ turizm münasibətlərinin daha dayanıqlı əsaslar üzərində formalaşmasına imkan yaradır.
BƏƏ Azərbaycanın ərəb dünyasında aparıcı ticarət tərəfdaşı kimi
Azərbaycan–BƏƏ iqtisadi əlaqələri son illərdə sürətlə genişlənərək ticarət və investisiyadan daha geniş iqtisadi tərəfdaşlıq modelinə çevrilmişdir. BƏƏ Azərbaycanın ərəb dünyasında əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında qeyri-neft ticarətinin həcmi 2023-cü ildə 1,64 milyard ABŞ dollarına, 2024-cü ildə isə 2,24 milyard dollara çatmışdır. BƏƏ investisiyaları da Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur; 2022-ci ilin sonuna onların həcmi 1,1 milyard dollar qiymətləndirilmişdir.
İqtisadi münasibətlərdə yeni mərhələ 9 iyul 2025-ci ildə imzalanmış və 15 aprel 2026-cı ildə qüvvəyə minmiş Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) ilə başlamışdır. Saziş malların 95 faizindən çoxu üzrə tariflərin aradan qaldırılması və ya azaldılması ilə yanaşı, xidmətlər, investisiya, logistika və rəqəmsal ticarət sahələrində əməkdaşlıq üçün daha əlverişli çərçivə yaradır. Beləliklə, CEPA Azərbaycan–BƏƏ iqtisadi əlaqələrinin ticarət dövriyyəsindən daha geniş və uzunmüddətli iqtisadi inteqrasiyaya keçidini sürətləndirən əsas mexanizmlərdən birinə çevrilir.
Azərbaycan–BƏƏ tərəfdaşlığının regional əhəmiyyəti
Azərbaycan–BƏƏ münasibətləri son üç onillik ərzində siyasi və diplomatik əlaqələrdən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf etmişdir. Qarşılıqlı siyasi etimad və yüksək səviyyəli dialoq iqtisadiyyat, enerji, investisiya və turizm sahələrində konkret əməkdaşlıq layihələri ilə tamamlanmışdır. Xüsusilə “Masdar”ın iştirakı ilə həyata keçirilən yaşıl enerji layihələri və 2026-cı ildə qüvvəyə minən Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi bu münasibətlərin institusional və praktiki əsaslarının möhkəmləndiyini göstərir.
2 fevral 2026-cı ildə Prezident İlham Əliyev ilə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilmiş görüş də ikitərəfli gündəliyin genişlənən xarakterini təsdiqləmişdir. Görüşdə siyasi, iqtisadi, enerji və mədəni-humanitar əməkdaşlıqla yanaşı, müdafiə sahəsində əlaqələrin inkişafı məsələləri də müzakirə edilmişdir. Bu, tərəfdaşlığın ənənəvi sahələrdən daha geniş strateji gündəliyə keçdiyini göstərir.
Gələcək perspektivdə Azərbaycan–BƏƏ əməkdaşlığının yaşıl enerji, investisiya, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat və turizm kimi sahələrdə daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı mövqeyi ilə BƏƏ-nin Körfəz və qlobal iqtisadi sistemdəki imkanlarının uzlaşması bu tərəfdaşlığa ikitərəfli münasibətlərdən kənarda daha geniş regional əhəmiyyət qazandırır.
https://www.interregional.com/article/Strategic-Partnership:/3451/En


