BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi

2025-04-23 11:17

Aprelin 9-da Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin vasitəçiliyi ilə Rusiyanın və Ukraynanın davam edən sülh danışıqları ilə bağlı bəyanatını açıqladı. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayan İlham Əliyev Ukrayna ərazilərinin bir hissəsinin atəşkəs müqabilində təhvil verilməsinə dair təklifləri kəskin şəkildə tənqid etdi. "Heç bir ölkə, ən azı mənim anlayışımda, ərazi bütövlüyü məsələsində güzəştə getməyə razı olmaz və Ukraynanın beynəlxalq şəkildə tanınan ərazilərini sülh müqabilində qurban verməyə razı olmasını gözləmək nə ədalətli, nə də realdır," – deyə o bildirib.

Prezident İlham Əliyevin fikirləri yaxın gələcəkdə sülhün mümkünlüyünü ilə bağlı dərin skeptizmi ortaya qoydu. "Rusiya işğal altındakı əraziləri öz tərkib hissəsi olaraq elan edib. Necə ola bilər ki, onlar bundan geri çəkilsinlər? Ukrayna bütün dünya kimi, bu işğal olunmuş əraziləri Ukraynanın bir hissəsi hesab edir və Azərbaycan da həmin torpalqarı Ukraynanın bir hissəsi kimi görür. Necə ola bilər ki, onlar bunu qurban versinlər və desinlər ki, 'Xeyr, bu, Ukraynanın bir hissəsi deyil'?" – deyə o sual etdi. Prezident İlham Əliyev sözlərinə inamsızlıqla əlavə etdi: "Yaxşı, əgər belə olarsa, deməli, mən beynəlxalq siyasət haqqında heç nə anlamıram." Onun bu bəyanatları yalnız Azərbaycanın prinsipial mövqeyini deyil, eyni zamanda ərazi bütövlüyünün beynəlxalq hüququn təməl prinsipindən biri olaraq zəifləməsi ilə bağlı daha geniş bir narahatlığı əks etdirir.

Azərbaycanın Ukraynaya dəstəyi Rusiya tərəfindən 2022-ci ilin fevralında başlanan işğaldan bəri davamlı olub. Son üç il ərzində rəsmi Bakı Ukraynaya ümumilikdə 40 milyon ABŞ dollarından çox humanitar və bərpa məqsədli yardım göndərib. Bu yardımlar arasında 134 transformator və transformator yarımstansiyası, 70 generator və 3.4 milyon metr kabellər və xətlər yer alır. Tədarüklər 2025-ci ilə qədər davam edəcək. Bu yardımlar Rusiya hava zərbələri ilə ciddi şəkildə zədələnmiş Ukraynanın enerji infrastrukturunun gücləndirilməsinə yönəlib. Azərbaycanın bu yardımı həm Ukrayna ilə həmrəyliyin göstəricisidir, həm də Ukraynanın mübarizəsinin Azərbaycanın Ermənistanla olan keçmiş ərazi münaqişəsi ilə oxşar cəhətlərini qəbul etməsi kimi iki mühüm aspekti əks etdirir.

Prezident  İlham Əliyevin açıqlamaları 2024-cü ilin dekabrında baş verən təyyarə qəzası böhranı nəticəsində Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi ilə eyni vaxta təsadüf etsə də, onun əsas narahatlığı beynəlxalq əlaqələrin fundamental prinsipi olan ərazi bütövlüyünün zədələnməsi meylinin qlobal miqyasda artması ilə bağlıdır. İ. Əliyev Ukraynanı işğal olunmuş ərazilərdən, məsələn, Krım və ya Donbasın bəzi hissələrindən imtina etməyə təzyiq göstərən təklifləri tənqid edərkən, yalnız Rusiyanı deyil, eyni zamanda bu cür güzəştləri zamanın tələbinə uyğun olaraq qəbul etməyi düşünən vasitəçiləri və ya digər tərəfləri də tənqid etmişdir.

Prezident İ. Əliyevin bəyanatının zamanlaması xüsusilə əhəmiyyətlidir, çünki bu, Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsinə yanaşması ilə bağlı yayılan son xəbərlərlə üst-üstə düşür. 2025-ci il aprelin 18-də Bloomberg agentliyi ABŞ rəsmilərinin Krım üzərində Rusiyanın nəzarətini mümkün sülh sazişi çərçivəsində tanımağı müzakirə etdiklərini xəbər vermişdi. Bu təklif Ağ Ev tərəfindən təsdiqlənməsə də, Vaşinqtonda və başqa yerlərdə mübahisələrə səbəb olub. Prezident İ. Əliyevin bir neçə gün əvvəl etdiyi çıxışlar, belə fikirlərin iknkar ediməsi kimi qiymətləndirilə bilər və Azərbaycanı ərazi güzəştlərini təhlükəli bir presedent kimi qəbul edən tərəflərlə birləşdirir.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.commonspace.eu/opinion/opinion-azerbaijan-reiterated-support-ukraines-territorial-integrity

Müəllifin son məqalələri

13 May 2025 - 11:34

Azərbaycan və Avropa İttifaqı ikitərəfli münasibətlərdə yaranmış yeni dinamikanı dəyərləndirməlidir

23 Aprel 2025 - 11:17

Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi

22 Aprel 2025 - 11:12

Azərbaycan–Gürcüstan əlaqələri vacib regional məsələlərdəki ortaq mövqelər vasitəsilə güclənir