Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etməyə hazırlaşır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalə Qoşulmama Hərəkatının müasir beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətindən və Azərbaycanın Hərəkata üzvlüyün Azərbaycanın xarici siyasi maraqları perspektivindən əhəmiyyətindən bəhs edir. 

Müəllif Qoşulmama Hərəkatının bu ilin 25-26 oktyabrında Bakıda keçiriləcək 18-ci sammitində Azərbaycanın hərəkata 3 illik sədrlik dönəminin başlanmasını Azərbaycan üçün mühüm diplomatik uğur kimi səciyyələndirib.

Məqalədə həssas geosiyasi məkanda yerləşən Azərbaycan üçün 120 dövlətin üzv olduğu bir təşkilata rəhbərliyin dövlətimizin xarici siyasəti üçün mühüm imkanlar vəd etdiyi qeyd olunub. 

V. Hüseynov məqalədə Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyətinin əsas məqsədinin Ermənistan – Azərbaycan münaqişəsi haqqında xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirib: “Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini qeyd edib və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırıb. Oxşar mövqe hərəkat üzvləri tərəfindən bu ilin iyul ayında Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının Yekun Sənədində də ifadə edilib”.