BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Hüseyn Sultanlı

Email: huseyn.sultanli@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan: Keçmişin çətinliklərini geridə qoyaraq gələcəyə doğru

2026-10-19 17:01

BMTMM-in məsləhətçisi Hüseyn Sultanlının müəllifi olduğu “Azərbaycan: Keçmişin çətinliklərini geridə qoyaraq gələcəyə doğru” sərlövhəli məqalə Eurasia Review nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Dövlətin xarici siyasət kursu bir sıra amillərin məcmusu əsasında formalaşır. Bu amillərə milli maraqlar, coğrafi, tarixi və mədəni xüsusiyyətlər, başqa sözlə, geosiyasi kimlik, eləcə də beynəlxalq sistemdə mövcud olan ümumi status-kvo daxildir.

Müasir dövlətlərarası münasibətlər sisteminin ciddi sarsıntılar keçirdiyi və dərin transformasiyaya uğradığı bir şəraitdə dövlətin xarici siyasətini müəyyənləşdirən fundamental amillərə sadiqliyi getdikcə daha çox uzunmüddətli strateji üstünlük kimi qiymətləndirilir.

Hazırkı beynəlxalq vəziyyət çox vaxt italyan filosofu Antonio Qramşinin irəli sürdüyü “interreqnum” anlayışı ilə izah olunur. Bu anlayış köhnə nizamın dağılmaqda olduğu, lakin yeni dünya nizamının hələ formalaşmadığı keçid dövrünü ifadə edir. Belə bir şəraitdə milli dayanıqlılıq və geosiyasi aydınlıq milli maraqlara uyğun, səmərəli xarici siyasət yürütməyə çalışan hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır.

Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi diqqət çəkir. Ərazi baxımından “kiçik dövlət” kateqoriyasına aid edilsə də, Azərbaycan əhəmiyyətli geosiyasi təsir imkanları qazanıb. Bu, ölkəyə regional və beynəlxalq proseslərdə fəal iştirak etmək, eyni zamanda həmin proseslərin gedişinə getdikcə daha çox təsir göstərmək imkanı verir.

Son illərdə Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi təbii olaraq analitiklərin diqqətini cəlb edib və ölkənin bu yüksəlişini şərtləndirən amillərin araşdırılmasına marağı artırıb. Azərbaycanın dövlətçilik yolunun özünəməxsusluğu və mürəkkəbliyi, o cümlədən uzunmüddətli işğal və dağıntılarla üzləşməsi nəzərə alınsa da, onun xarici siyasətinin səmərəliliyini izah etmək üçün dövlətlərarası münasibətlərin sadə, lakin fundamental prinsiplərinə müraciət etmək lazımdır.

Suverenliyin və ərazi bütövlüyünün bərpasını şəksiz prioritet kimi müəyyən edən Azərbaycan bu məqsədə tam nail olub. Bu proses 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan qələbə ilə başlayıb, 2023-cü ildə isə ölkə ərazisindəki separatçı qurumların fəaliyyətinə son qoyulması ilə davam edib. Bu nəticələr Azərbaycanın getdikcə mürəkkəbləşən beynəlxalq şəraitdə özünü və dünyadakı yerini daha aydın şəkildə müəyyənləşdirməsinə imkan yaradıb.

Ən əsası, Azərbaycanın hərbi güc tətbiq etməklə həll etməli olduğu Ermənistanla münaqişənin başa çatması ölkəyə müəyyən etdiyi strateji kursu və xarici siyasət istiqamətini davam etdirmək üçün uzunmüddətli stimul verib. Bu baxımdan, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında etdiyi son çıxış Azərbaycanın qarşısında duran mühüm suala - bundan sonra nə etməli? - aydınlıq gətirir. Söhbət ölkənin beynəlxalq sistemdəki mövqeyindən, üzləşdiyi təhdidlərdən və həmin təhdidlərin azaldılması üçün atılmalı olan müxtəlif addımlardan gedir.

Ən mühüm məqamlardan biri isə Azərbaycanın əldə etdiyi əhəmiyyətli nailiyyətlərdən birini üzə çıxarmasıdır: ölkə hərbi təcavüzə məruz qalmasına və mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq qalmağı bacarıb.

Azərbaycanın yolu: çətinliklərdən gücə və suverenliyə

Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasət və geosiyasi prioritetlərinə dair mövqeyinə keçməzdən əvvəl ölkənin bugünkü mövqeyə hansı mərhələlərdən keçərək gəldiyinə nəzər salmaq vacibdir. Bu baxımdan, xüsusilə 1991-ci ildə Sovet İttifaqının dağılmasından və Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövr diqqətəlayiqdir.

Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal etməsi ölkəyə, onun əhalisinə və inkişafına ciddi zərbə vurub. Prezident çıxışında da bu məqama xüsusi diqqət yetirib. Qonşu dövlətin hərbi təcavüzü nəticəsində Azərbaycan son dərəcə mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətlə üzləşib, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb.

Prezidentin qeyd etdiyi kimi, bu vəziyyət Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyinə demək olar ki, dərhal təsir göstərib və ölkə faktiki olaraq “beynəlxalq təcrid” dövrünə sürüklənib. Məhz buna görə də dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası Prezidentin ifadəsi ilə desək, Azərbaycan hökumətinin qarşısında duran “bir çox məqsəddən birincisi” olub.

Bu mərhələdə Azərbaycanın sabiq Prezidenti və Ümummilli Lideri Heydər Əliyevin rolu danılmazdır. Onun cəsarətli siyasi iradəsi və diplomatik məharəti Azərbaycana və dövlətçiliyinin gələcəyinə yönələn müxtəlif təzyiqlərə sinə gərməyə, əvvəlki hakimiyyətlərin yol verdiyi bəzi uğursuzluqların nəticələrini aradan qaldırmağa imkan verib.

Azərbaycanın mövqeyinin haqlılığına inam və qətiyyət sayəsində Heydər Əliyev uzun, lakin nəticə etibarilə məhsuldar bir yolun əsasını qoyub. Bu yolun başlıca məqsədi dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə Azərbaycan bütün mümkün sahələrdə ardıcıl siyasət həyata keçirib. Beynəlxalq investisiyaların cəlb edilməsi yolu ilə iqtisadiyyatın inkişafı, ölkənin hərbi qüdrətinin artırılması və milli birliyin möhkəmləndirilməsi həmin siyasətin əsas istiqamətləri olub.

Çıxışda da vurğulandığı kimi, bu məqsəd Azərbaycanın qarşısında duran ali milli hədəf idi və 2023-cü ildə tam reallaşdırıldı. Münaqişənin bəzi nəticələri bu gün gündəlik həyatda hiss olunsa da, ölkə keçmişini unutmur və yaşanmış ağrı-acıları yaxşı anlayır. Bununla belə, Azərbaycanın hərbi qələbəsi güc, sabitlik, inkişaf və rifah üzərində qurulacaq yeni gələcəyin əsasını qoyub.

Beləliklə, Azərbaycan keçmişdə yaşananları və çəkilən əzabları unutmadan diqqətini gələcəyə yönəldir və yaranmış yeni reallıqlara uyğun addımlar atır.

Bu baxımdan, Prezident İlham Əliyevin 2026-cı ilin oktyabrında etdiyi çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycanın qazandığı qələbənin tarixi əhəmiyyətinə toxunan Prezident beynəlxalq sistemdəki hər bir dövlətin üzləşdiyi çağırışlar qarşısında daim ayıq-sayıq olmağın vacibliyini vurğulayıb.

Qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev həm hərbi, həm də ideoloji baxımdan güclü olmağın əhəmiyyətini xüsusi qeyd edib. Müasir dünyada bu iki mühüm sahədə zəiflik nümayiş etdirmək yolverilməzdir. Bu yanaşma, xüsusilə, mürəkkəb regional şəraitdə yerləşən dövlətlər üçün aktualdır. Azərbaycanın da belə bir geosiyasi mühitdə yerləşdiyi şübhəsizdir.

Ölkənin şimalında və cənubunda mövcud olan münaqişələr, qonşu Ermənistanın gələcək siyasi kursu ilə bağlı qeyri-müəyyənliklər, eləcə də getdikcə güclənən və əhatə dairəsi genişlənən ideoloji təhdidlər Azərbaycanın indiyədək əldə etdiyi gücü daha da artırmasını zəruri edir.

Prezident İlham Əliyev əvvəlki çıxışlarında da müasir beynəlxalq münasibətlər sistemində güc və qüdrətin müstəsna əhəmiyyətini dəfələrlə vurğulayıb. Bu ilin əvvəlində verdiyi müsahibədə dövlət başçısı beynəlxalq münasibətlərdə hazırkı mərhələnin getdikcə daha çox “güc qaydası”nın hakim olduğu bir dövrə çevrildiyini qeyd edib.

Bu fikir Prezidentin son çıxışında da öz əksini tapır və ərazi və miqyas baxımından Azərbaycanla oxşar xüsusiyyətlərə malik dövlətlər üçün mühüm mesaj kimi çıxış edir”.

*Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.eurasiareview.com/18102026-azerbaijan-overcoming-the-past-embracing-the-future-oped/

Müəllifin son məqalələri

19 Oktyabr 2026 - 17:01

Azərbaycan: Keçmişin çətinliklərini geridə qoyaraq gələcəyə doğru

02 Sentyabr 2026 - 09:34

Aİ və parçalanma problemi: Daxili fikir ayrılıqlarının xarici təsirləri

03 Oktyabr 2025 - 15:48

Azərbaycan-Birləşmiş Krallıq münasibətləri: Fürsət və strateji əməkdaşlığın yeni mərhələsi