BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Nəsibə Mirzəyeva

Email: nasiba.mirzayeva@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan əsgəri qələbənin dayağıdır

2026-11-11 15:15

Azərbaycan Respublikasının 44 günlük müharibədə əldə etdiyi tarixi qələbə dünyanın müasir hərb tarixinə və hərbi siyasi strategiyasına yeni səhifə kimi yazılıb.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.

Bu müddət ərzində davam edən hərbi əməliyyatlar təkcə uzun illərdir davam edən işğala son qoymaqla kifayətlənməmiş, eyni zamanda Azərbaycan Ordusunun regional güc mərkəzi kimi formalaşdığını, yüksək nizam-intizam, peşəkar döyüş hazırlığı və mənəvi-psixoloji üstünlüyə malik olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Siyasi analitika mövqeyindən baxdığımızda da bu qələbə təsadüfi uğur deyil, uzunmüddətli, sistemli dövlət quruculuğu siyasətinin və ordunun müasirləşdirilməsi strategiyasının məntiqi nəticəsidir.

Hər bir hərbi uğurun təməlində dövlətin ordu quruculuğuna ayırdığı diqqət, ordunun daxili nizam-intizamı dayanır. Azərbaycan Silahlı Qüvvələri illər ərzində müasir standartlara uyğunlaşdırılma prosesindən keçmiş, hərbi təhsil sistemi qurulmuşdur. Xüsusilə, Azərbaycanın qonşu ölkələrlə hərbi sahədə imzaladığı strateji müqavilələr, birgə təlimlər ordunun taktiki düşüncə tərzini və komandanlıq strukturunu tamamilə yeniləmişdir.

Azərbaycan Ordusunun nizamı və idarəetmə mexanizmi mərkəzləşdirilmiş çevik qərargah mədəniyyətinə əsaslanır. Müharibə zamanı ordunun müxtəlif qoşun növlərinin, xüsusi təyinatlı qüvvələrinin, artilleriyanın, kəşfiyyat bölmələrinin və Pilotsuz Uçuş Aparatlarının sinxron və dəqiq fəaliyyəti yüksək nizam-intizamın göstəricisi kimi çıxış edib. Döyüş meydanında əmr və tapşırıqların operativ icrası, logistik təminatın fasiləsizliyi bu prosesnin səmərəliliyini artırıb.

44 günlük müharibə müasir dövrdə müharibə konspesiyalarının tətbiqi baxımından da unikal hesab edilə bilər. Azərbaycan Ordusu dağlıq relyefin, mürəkkəb istehkamların və uzun illər ərzində qurulan güclü müdafiə xətlərini yarmağın mümkünlüyünü nümayiş etdirərək, illər ərzində toplanmış olan streotipləri də darmadağın edib.

Bundan əlavə, Azərbaycan Ordusu müharibə zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, eləcə də Cenevrə Konvensiyalarına sadiqliyini nümayiş etdirərək hərbi əməliyyatları yalnız hərbi hədəflərlə məhdudlaşdırdı. Bu qələbə təkcə Qarabağda deyil, həm də bütövlükdə Cənubi Qafqazda güc balansını kökündən dəyişdirdi, otuz illik status-kvonu pozdu, regionda yeni nəqliyyat və kommunikasiya xətləri açdı və uzunmüddətli sülh perspektivləri üçün zəmin yaratdı. Bu gün dünyanın aparıcı hərbi qurumları tərəfindən Azərbaycan Ordusunun taktikası və pilotsuz təyyarələrlə müharibə təcrübəsinin dərindən öyrənilməsi ölkəmizin hərbi-strateji uğurunun qlobal miqyasda tanındığını göstərir.

Hərbi texniki nizam nə qədər güclü olsa da, qələbəni təmin edən digər amil şəxsi heyətin mənəvi hazırlığı ilə bağlı olub. İllərdir davam edən yurd həsrəti, tarixi ədalətin bərpası arzusu cəmiyyətdə və orduda güclü ideoloji birlik yaratmışdı. Çünki, Azərbaycan əsgərinin mənəvi hazırlığı himnimizdə də ifadə olduğu kimi “Vətən namusdur” anlayışı üzərində qurulub. Əsgərlərin psixoloji dayanıqlığı, ən ağır artilleriya atəşləri altında belə mövqelərini tərk etməmələri, irəliyə inamla irəliləmələri onların daxili motivasiyasının nə qədər yüksək olduğunu göstərirdi. Xalqın, iqtidarın və ordunun arxa cəbhədə böyük həmrəylik yaratması da əsgərlərimizin mənəvi gücünü artırmışdır.

Lakin təəssüflər olsun ki, müharibə qansız, itkisiz ötüşmür. Hərbi zəfər özü ilə birgə Azərbaycan üçün də itkilər gətirdi. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu şəhid olmuşdur. Bu şəhidlərin hər biri müasir Azərbaycan tarixinin qəhrəmanlarıdır. Dövlət hər zaman şəhidlərin xatirəsini uca tutur. Şəhidlərin qanı bahasına əldə edilən bu qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqın milli qürurunu da özünə qaytarmış oldu. Ona görə də, əminliklə ifadə edə bilərik ki, bu gün qazanılan qələbə təsadüfi hərbi uğur deyil, dövlətin siyasi iradəsinin, iqtisadi potensialının, ordusunun intizamının, peşəkar hazırlığının Azərbaycan əsgərinin misilsiz şücaəti ilə olan vəhdətindən doğan tarixi zəfərdir. Azərbaycan Ordusu bu müharibə ilə bölgədə yeni geosiyasi reallıq yaratdı, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü ilə bərpa etdi. Şəhidlərin xatirəsi isə hər zaman ehtiramla yad olunacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olaraq qalacaqdır.

*Məqalə ilkin olaraq Gürcüstanın "Kvria" nəşrində dərc edilib:

https://kvira.ge/1116373?shem=aimgspe

Müəllifin son məqalələri

11 Noyabr 2026 - 15:15

Azərbaycan əsgəri qələbənin dayağıdır

02 Noyabr 2026 - 16:57

Azərbaycan-Gürcüstan iqtisadi dialoqu: Hökumətlərarası komissiyanın 11-ci iclası nəyi göstərdi?

16 İyul 2026 - 10:44

Anaklia dəniz limanının yeni modeli: Gürcüstan strateji limanı üzərində dövlət nəzarətini gücləndirir