BMTM-in eksperti Hüseyn Sultanlının “Azərbaycan-Birləşmiş Krallıq münasibətləri: Fürsət və strateji əməkdaşlığın yeni mərhələsi” sərlövhəli məqaləsi “news.az” saytında dərc edilib.
Məqalədə qeyd edilir ki, Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlər son zamanlar yeni mərhələyə qədəm qoyub:
“2025-ci ilin avqust ayında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycana səfər edib. Onun Prezident İlham Əliyevlə görüşü, aparılan müzakirələrin mahiyyəti, geniş işgüzar dairələrlə təmasları qarşılıqlı faydalı və tarixi xarakter daşıyan tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdi və bu tərəfdaşlıq ardıcıl şəkildə inkişaf etməyə davam edir.
Azərbaycan və Böyük Britaniya arasında rəsmi əlaqələr artıq uzun müddətdir ki, institusional əsasda qurulub. Bu çərçivədə müntəzəm olaraq Hökumətlərarası Komissiya (indiyədək 7 iclas keçirilib) və Strateji Dialoq (indiyədək 5 görüş keçirilib) formatında danışıqlar aparılır. Əsas sahələr üzrə əməkdaşlıq özünəməxsus inkişaf dinamikasına malikdir. Bu kontekstdə, enerji sektoru tərəflərin maraqlarının ən aydın şəkildə uzlaşdığı istiqamət kimi ön plana çıxır.
Lakin Böyük Britaniya nazirinin səfəri çərçivəsində ən diqqətəlayiq hadisə iki ölkə arasında münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilməsinin elan edilməsi oldu. Bu addım iki ölkə arasında münasibətlərin intensivləşməsi və genişlənməsi üzrə son dərəcə uğurlu inkişaf xəttinin məntiqi yekunu kimi qiymətləndirilə bilər. Azərbaycan-Böyük Britaniya münasibətləri strateji tərəfdaşlığın nə demək olduğunu, iki ölkənin necə bu mərhələyə gəldiyini və gələcək illərdə bu yüksəlişin davam etməsi üçün hansı yanaşmanın tələb olunduğunu mükəmməl şəkildə əks etdirir”.
Daha sonra məqalədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıqla olan çoxşaxəli münasibətlərinin inkişafı tarixinə detallı şəkildə nəzər salınır.
Yekunda müəllif qeyd edir ki, ikitərəfli münasibətlərdəki cari inkişaf xətti göstərir ki, strateji tərəfdaşlığın elan olunması vaxtında verilmiş qərardır və tərəflər arasındakı etimadı daha da gücləndirəcək.
“ Əgər bu müsbət dinamika davam edərsə, Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr, fərqli qitələrdən olan və fərqli güc səviyyələrinə sahib iki ölkənin etimad və ortaq məqsədlər sayəsində həm fərdi, həm də birgə təhlükəsizliyi inkişaf etdirə bilməsinin nümunəsinə çevriləcək”.
*Məqalənin ingilis dilində ilə olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://news.az/news/-azerbaijan-uk-relations-a-new-chapter-of-opportunity-and-strategic-alignment


