BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Aİ ilə münasibətlərində konkret nəticələr axtarışındadır

2026-03-31 09:43

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan Aİ ilə münasibətlərində konkret nəticələr axtarışındadır” adlı məqaləsi “LINKS Europe Foundation” beyin mərkəzinə bağlı “Commonspace” nəşri tərəfindən dərc edilib.

Məqalədə qeyd edilir:

“Avropa İttifaqı Şurası Prezidenti António Koştanın 11 martda Bakıya son səfəri Azərbaycan və Avropa İttifaqı arasındakı strateji əməkdaşlığın getdikcə artdığını bir daha nümayiş etdirib. Onun Prezident İlham Əliyev ilə görüşü Şərqi Avropadan Yaxın Şərqə qədər uzanan geosiyasi gərginliyin artdığı dövrə təsadüf edib. Hər iki tərəf daha sıx əməkdaşlığa sadiqliklərini təsdiqlədilər, lakin bu səfər siyasi bəyanatlar və praktik icra arasındakı fərqi də ortaya çıxardı. Azərbaycan isə Aİ-dən bu məsələnin həll olunması ilə bağlı addımlar atmasını gözləyir.

Son illərdə Azərbaycan-Aİ münasibətləri, əsas etibarilə, texniki əməkdaşlıqdan daha strateji xarakterli əlaqələrə çevrilib. Brüssel rəsmi Bakını enerji təhlükəsizliyinin təmin edilməsində və Mərkəzi Asiya ilə bağlantıların inkişafında vacib tərəfdaş kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycan Aİ-ni əsas iqtisadi tərəfdaşı hesab edir. Buna baxmayaraq, siyasi niyyətin konkret təşəbbüslərə çevrilməsi sahəsində irəliləyiş qeyri-bərabər qalıb.

İkitərəfli münasibətlərin əsasını enerji əməkdaşlığı təşkil edir. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsindən etibarən, Azərbaycan Avropa enerji bazarındakı rolunu davamlı olaraq genişləndirib və təbii qaz getdikcə daha çox ölkəyə çatdırılıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ənənəvi tədarük marşrutlarının pozulması fonunda bu artım böyük əhəmiyyət kəsb edir. Avropa ölkələri Rusiyadan asılılığı azaltmaq üçün addımlarını sürətləndirdikcə Azərbaycan etibarlı alternativ təchizatçı kimi önə çıxır. Hazırda Azərbaycan Avropanın 12 ölkəsinə təbii qaz ixrac edir..

Prezident İlham Əliyevin Koşta ilə mətbuat konfransında vurğuladığı kimi, “bizim üçün Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşıdır”. Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Aİ ölkələrinin payına düşür”.

Müəllif bildirir ki, Aİ maliyyə öhdəlikləri baxımından ehtiyatlı mövqe sərgiləyir.

“Azərbaycan rəhbərliyi dəfələrlə vurğulayıb ki, tələbatla bağlı daha aydın zəmanətlər və daha güclü investisiya çərçivələrinin olmaması qaz hasilatı və nəqliyyat infrastrukturunun genişmiqyaslı inkişafını iqtisadi baxımdan qeyri-müəyyən edir. Bu narahatlıq xüsusilə aktualdır, çünki Azərbaycan yaxın onillikdə iri dəniz yataqlarının yeni mərhələlərini inkişaf etdirməyi və əlavə həcmləri bazara çıxarmağı planlaşdırır. Məsələ yalnız neft-qazla məhdudlaşmır. Azərbaycan, həmçinin gələcəkdə Avropa bazarında yaşıl enerji təchizatçısı kimi çıxış etməyi planlaşdırır. Bərpaolunan enerji potensialının, xüsusilə külək və günəş enerjisinin inkişafına dair layihələr artıq həyata keçirilir və məqsəd gələcəkdə elektrik enerjisini Qara dəniz vasitəsilə ixrac etməkdir.

Cənubi Qafqazı Cənub-Şərqi Avropaya birləşdirməsi planlaşdırılan sualtı kabel layihəsi kimi təşəbbüslər regional enerji axınlarını əhəmiyyətli şəkildə dəyişdirə bilər. Lakin bu sahədə də irəliləyiş xarici maliyyələşmə və texnoloji əməkdaşlıqdan çox asılıdır və məhz bu sahələrdə Avropa İttifaqının iştirakı həlledici əhəmiyyət daşıyır”.

Yekunda müəllif bildirir ki, Bakının Brüsselə aydın mesajı ondan ibarətdir ki, siyasi razılaşmalar praktik nəticələrlə dəstəklənməlidir.

“Birgə bəyanatlar və yüksək səviyyəli səfərlər ortaq niyyətin göstəricisi olsa da, Azərbaycan artıq konkret nəticələr (investisiya öhdəlikləri, infrastrukturun inkişafı və iqtisadi əlaqələrin daha da gücləndirilməsi) gözləyir”.

*Məqalənin ingilis dilində olan mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.commonspace.eu/opinion/opinion-its-relations-eu-azerbaijan-increasingly-looking-measurable-outcomes

Məqalə alban dilində də nəşr edilib:

https://dosja.al/insights/ne-marredheniet-e-saj-me-be-ne-azerbajxhani-po-kerkon-gjithnje-e-me-shu-i490119

 

Müəllifin son məqalələri

08 Aprel 2026 - 09:55

Ermənistan-Azərbaycan münasibətləri: Sülhə baxmayaraq, müharibənin fəsadları hələ də qalmaqdadır

31 Mart 2026 - 09:47

Avropa İttifaqı və Azərbaycan strateji əməkdaşlığı dərinləşdirir

31 Mart 2026 - 09:43

Azərbaycan Aİ ilə münasibətlərində konkret nəticələr axtarışındadır