Cənubi Qafqazda son dövrdə müşahidə olunan siyasi və iqtisadi proseslər Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Bu mərhələnin başlıca xüsusiyyəti ikitərəfli əməkdaşlığın ənənəvi enerji və təhlükəsizlik gündəliyindən daha geniş geoiqtisadi və texnoloji müstəviyə keçməsidir. Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlər, regional kommunikasiyaların açılması və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRİPP) praktiki icrasına başlanması bu transformasiyanın əsas siyasi zəminini təşkil edir.
Strateji tərəfdaşlığın siyasi və institusional əsasları
Azərbaycanın müstəqillik dövründə ABŞ ilə münasibətlərinin inkişaf dinamikasına nəzər saldıqda, qarşılıqlı maraqların, ilk növbədə, enerji təhlükəsizliyi və regional sabitlik ətrafında formalaşdığını görmək mümkündür. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və sonrakı mərhələdə Cənub Qaz Dəhlizinin reallaşdırılması bu münasibətlərin iqtisadi və strateji məzmununu müəyyənləşdirmişdir. Müasir mərhələdə isə həmin əməkdaşlıq təcrübəsi yeni sahələrə keçid üçün əlverişli institusional kapital rolunu oynayır.
2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Zirvə Görüşü bu baxımdan dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması ilə yanaşı, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq sənədinin hazırlanması barədə razılıq əldə edildi. 2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması həmin siyasi iradənin institusional ifadəsinə çevrildi[1]. Xartiyanın əhəmiyyəti yalnız əməkdaşlıq istiqamətlərinin genişlənməsi ilə məhdudlaşmır. Sənəd iqtisadiyyat, regional bağlantılar, texnologiya və təhlükəsizlik sahələrində müntəzəm dialoq üçün çərçivə yaradır. Vaşinqton üçün Azərbaycan Xəzər hövzəsi ilə Avropa arasında strateji əlaqələndirici, Bakı üçün isə ABŞ investisiya, texnologiya və beynəlxalq iqtisadi inteqrasiya imkanlarını genişləndirən mühüm tərəfdaşdır. Bu maraqların uzlaşması Azərbaycanın çoxvektorlu xarici siyasətinə əlavə imkanlar qazandırır.
Normallaşma prosesi və TRİPP-in geosiyasi əhəmiyyəti
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, sülh prosesində irəliləyiş regional layihələrin siyasi risklərini azaldır, iqtisadi əməkdaşlığın genişlənməsi isə sülhün davamlılığı üçün maddi zəmin yaradır. Azərbaycanın ərazisindən Ermənistana tranzit imkanlarının açılması və neft məhsullarının tədarükünə başlanması bu mənada iqtisadi etimadın formalaşmasına xidmət edən praktiki addımlardır.
2026-cı ilin noyabrında proses yeni dinamika qazanmışdır. Noyabrın 6-da Azərbaycan, ABŞ və Ermənistan TRİPP üzrə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start verib. Noyabrın 12-də Dublin görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan nəqliyyat əlaqələri, sərhədlərin delimitasiyası və ticarət məsələlərini müzakirə etmişlər. Nəhayət, noyabrın 23-də TRİPP layihəsinin praktiki mərhələsinin başlanması rəsmi şəkildə elan edilmişdir [2]. Həmin gün Ermənistanda yeni konstitusiya layihəsinin təqdim olunması da normallaşmanın hüquqi-siyasi müstəvidə irəliləməsi baxımından diqqətəlayiqdir. Bununla belə, sülh sazişinin imzalanmasını və ratifikasiyasını hələ qarşıda duran vəzifələrdən hesab etmək olar.
TRİPP-in Azərbaycan üçün prioritet əhəmiyyəti ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin olunması ilə bağlıdır. Lakin layihənin strateji məzmunu daha genişdir. Transxəzər nəqliyyat şəbəkəsinin Türkiyə və Avropa istiqamətində əlavə bağlantı ilə təmin edilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldə bilər. Ermənistan üçün isə yeni tranzit və ticarət imkanlarının yaranması iqtisadi təcridin aradan qaldırılmasına töhfə verə bilər. Geosiyasi nöqteyi-nəzərdən TRİPP ABŞ-ın Cənubi Qafqazda iştirakına uzunmüddətli iqtisadi məzmun qazandırır. Bununla belə, layihənin uğurunu regionda yeni qarşıdurma xətlərinin yaranması ilə deyil, müxtəlif istiqamətlərdə bağlantı imkanlarının genişlənməsi ilə əlaqələndirmək daha məqsədəuyğundur.
Beləliklə, TRİPP yalnız nəqliyyat infrastrukturu layihəsi deyil, həm də sülhün iqtisadi əsaslarının möhkəmləndirilməsi vasitəsidir. Layihənin praktiki mərhələyə keçməsi mühüm nailiyyət olsa da, onun real geoiqtisadi təsiri infrastrukturun tamamlanmasından və kommersiya baxımından səmərəli fəaliyyətindən asılı olacaqdır.
İqtisadi ölçü: kritik minerallar və süni intellekt
Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərini müəyyən edən digər mühüm amil qlobal iqtisadiyyatda baş verən struktur dəyişiklikləridir. Kritik mineral ehtiyatlarına çıxış, təchizat zəncirlərinin şaxələndirilməsi və yüksək texnologiyalar sahəsində rəqabət böyük dövlətlərin xarici iqtisadi siyasətində getdikcə daha mühüm yer tutur. Strateji Tərəfdaşlıq Xartiyasında kritik mineralların Orta Dəhliz vasitəsilə dünya bazarlarına daşınması üzrə əməkdaşlığın nəzərdə tutulması bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın üstünlüyü yalnız öz təbii ehtiyatları ilə deyil, Mərkəzi Asiyanın mineral resursları ilə Qərb bazarları arasında logistika əlaqələrinin təşkilində oynaya biləcəyi rolla bağlıdır. Ələt limanı, dəmir yolu infrastrukturu və yeni regional bağlantılar vahid logistika sisteminə çevrildikdə ölkənin tranzit gəlirləri ilə yanaşı, emal, anbar, sertifikatlaşdırma və digər xidmət sahələrində əlavə dəyər yaratmaq imkanları genişlənə bilər. Bunun üçün tranzit siyasətinin sənaye və investisiya siyasəti ilə əlaqələndirilməsi vacibdir.
Süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin yeni inkişaf istiqamətidir. ABŞ şirkətləri ilə məlumat mərkəzlərinin yaradılması, birgə tədqiqat və innovasiya təşəbbüsləri, ixtisaslı kadr hazırlığı və Transxəzər rəqəmsal bağlantılarının inkişafı Azərbaycanın bilik əsaslı iqtisadiyyata keçidini sürətləndirə bilər. Bu istiqamətdə enerji təminatı, məlumatların təhlükəsizliyi, texnologiyaların transferi və rəqabətli tənzimləmə mühiti xüsusi diqqət tələb edir.
Mövcud proseslər göstərir ki, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsi üç qarşılıqlı əlaqəli amilə - siyasi etimadın möhkəmlənməsinə, regional sülhün iqtisadi əsaslarının formalaşmasına və texnoloji əməkdaşlığın genişlənməsinə söykənir. TRİPP-in praktiki icrasına başlanması bu amillərin vahid geoiqtisadi gündəlikdə birləşməsi üçün mühüm impulsdur. Qarşıdakı mərhələdə əldə edilmiş siyasi razılaşmaların konkret sərmayə layihələrinə çevrilməsi, özəl sektorun iştirakı və normallaşmanın hüquqi əsaslarının tamamlanması həlledici əhəmiyyət kəsb edəcəkdir. Bu imkanlardan səmərəli istifadə Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, ABŞ ilə uzunmüddətli, qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşməsinə xidmət edə bilər.
[1] Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi. Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası, 10.02.2026. https://president.az/az/articles/view/71553
[2] Ermənistan Baş nazirinin rəsmi internet səhifəsi. Ermənistanın baş naziri və ABŞ prezidentinin TRİPP-in praktiki mərhələsinin başlanması münasibətilə müraciətləri, 23.11.2026.https://www.primeminister.am/en/statements-and-messages/item/2026/11/23/Nikol-Pashinyan-Speech-TRIPP/


