BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Mətin Məmmədli

Email: matin.mammadli@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan – Türkiyə müttəfiqliyi yeni mərhələdə: Qardaşlıqdan strateji sinxronluğa

2025-03-29 17:48

XXI əsrin ikinci onilliyi beynəlxalq münasibətlər sistemində təlatümlərin və transformasiyaların artdığı, qlobal güc mərkəzlərinin geostrateji maraqlar uğrunda mübarizəsinin daha sərt fazaya keçdiyi dövr kimi xarakterizə olunur. Belə bir şəraitdə etibarlı tərəfdaşlıqlar, dərinləşən strateji ittifaqlar və ortaq maraqlara söykənən regional əməkdaşlıqlar dövlətlərin milli maraqlarının təmin edilməsində daha önəmli hala gəlir. Bu kontekstdə Azərbaycan–Türkiyə müttəfiqliyinin bugünkü inkişaf dinamikası təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya geosiyasətinin gələcəyinə təsir edən strateji xəttə çevrilib.

Yeni geosiyasi reallıqlar və Azərbaycan–Türkiyə ittifaqı

Qlobal təhlükəsizlik arxitekturasının dəyişdiyi, çoxqütblü nizamın təşəkkül tapdığı, regional güclərin rolunun artdığı indiki mərhələdə Azərbaycan–Türkiyə münasibətləri daha kompleks və çoxşaxəli xarakter daşımağa başlayıb. Bu münasibətlər sadəcə etnik və tarixi bağlara deyil, dərin strateji mənafelərə əsaslanır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi əsaslarını daha da möhkəmləndirərək müttəfiqlik formatını institusional səviyyəyə yüksəltdi.

Bəyannamədə siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika və humanitar sahələri əhatə edən əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir. Bu sənəd həm də hər iki ölkənin təhlükəsizlik və müdafiə sahəsində koordinasiyasını gücləndirməklə regional sabitliyin qorunmasına töhfə verir. Hazırda bu bəyannamə iki ölkə arasında münasibətlərin yol xəritəsi kimi çıxış edir.

Siyasi-diplomatik sinxronluq: Post-münaqişə dövründə ortaq mövqelər

Azərbaycan və Türkiyə siyasi müstəvidə praktiki olaraq tam sinxron hərəkət edir. Xarici siyasətdə ardıcıl məsləhətləşmələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, regional məsələlərdə ortaq mövqelər bu əməkdaşlığın əsas dayaq nöqtələrindəndir. Məsələn, Ermənistanla sülh prosesi kontekstində Türkiyənin sərgilədiyi prinsipial mövqe Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir. Türkiyə Cümhuriyyətinin “sərhədlər yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra açılar” mövqeyi strateji müttəfiqliyin konkret nümunəsidir. Azərbaycan cəmiyyətində böyük inam var ki, qardaş Türkiyə Cümhuriyyətinin bu mövqeyi dəyişməz olaraq qalacaq.

Bundan başqa, Azərbaycan da regiondakı hadisələrə münasibətdə Türkiyənin milli maraqlarını nəzərə alan siyasət yürüdür. Suriyada baş verən proseslərə dair Azərbaycanın açıq şəkildə Türkiyənin mövqeyini dəstəkləməsi və bu siyasətin regional sabitlik üçün vacib olduğunu bəyan etməsi Ankara-Bakı əlaqələrinin xarici siyasət baxımından nə dərəcədə koordinasiyalı olduğunu göstərir.

Enerji və logistika: Regional inteqrasiyanın mühərriki

Azərbaycan və Türkiyə son 25 ildə enerji sahəsində strateji əhəmiyyətə malik bir sıra layihələri uğurla reallaşdırıblar. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz xətti, TANAP və TAP layihələri nəinki regionun enerji təhlükəsizliyinə, həm də Avropanın diversifikasiya siyasətinə ciddi töhfə verib. Bu layihələrin həyata keçirilməsi ilə Azərbaycan enerji ixracatçısı kimi strateji oyunçuya çevrilmiş, Türkiyə isə regional enerji habı statusunu möhkəmləndirmişdir.

Son dövrlərdə imzalanan İğdır–Naxçıvan qaz kəməri layihəsi isə bu əməkdaşlığın daha lokal, lakin simvolik cəhətdən olduqca əhəmiyyətli olan bir istiqamətidir. Bu layihə təkcə Naxçıvanın enerji təchizatını gücləndirmir, həm də Zəngəzur dəhlizi perspektivində gələcək infrastruktur sinxronluğunun əsasını qoyur.

Logistika sahəsində isə Bakı–Tbilisi–Qars dəmir yolu artıq illərdir ki, Cənubi Qafqazı Orta Asiya və Avropa ilə birləşdirən strateji nəqliyyat arteriyasına çevrilib. Zəngəzur dəhlizinin açılması bu sistemə yeni dinamika verəcək, Türk Dövlətləri Təşkilatının fiziki inteqrasiyasını təmin edəcək və Azərbaycan–Türkiyə ittifaqını yeni geoiqtisadi mərhələyə keçirəcək.

Mədəni və mənəvi bağlar: Zəmin deyil, strateji kapital

Əməkdaşlıq təkcə rəsmi sənədlərlə və iqtisadi – siyasi maraqlarla məhdudlaşmır. Eyni etnik soykök, ortaq mədəni dəyərlər, dini və mənəvi yaxınlıq bu münasibətlərə əlavə dərinlik qazandırır. Türk dünyasının liderləri üçün bu ortaq mədəniyyət strateji kapital hesab olunur. Hər iki ölkədə media, təhsil, incəsənət və akademik səviyyədə əlaqələrin gücləndirilməsi bu mənəvi bağları konkret mexanizmlərlə reallaşdırmağa imkan verir.

Eyni zamanda, Türkiyənin Azərbaycanın 44 günlük Vətən müharibəsində göstərdiyi açıq siyasi və mənəvi dəstək bu mədəni bağların siyasi-mənəvi reallığa necə çevrildiyini göstərdi. Müharibədən sonra Azərbaycan xalqı Türkiyəni təkcə müttəfiq yox, həm də əsl qardaş dövlət kimi qəbul etməyə başladı. Bu ruhani yaxınlıq strateji əlaqələrin davamlılığının təminatçısıdır.

Son söz əvəzi: Türk dünyasına açılan körpü

Azərbaycan–Türkiyə müttəfiqliyi təkcə ikitərəfli münasibətlərin dinamikası deyil, həm də daha böyük coğrafi və siyasi məkan olan Türk dünyasına uzanan strateji körpüdür. Bu körpü vasitəsilə Türk dövlətləri arasında iqtisadi, siyasi və hərbi inteqrasiya dərinləşir, beynəlxalq münasibətlər sistemində alternativ güc mərkəzinin formalaşmasına şərait yaranır. Beləliklə, Bakı və Ankara arasındakı əməkdaşlıq modeli Türk Dövlətləri Təşkilatı üçün nümunəvi format rolunu oynayır.

Nəticə etibarilə, yeni dünya düzənində yaranan qeyri-müəyyənliklər və risklər fonunda Azərbaycan–Türkiyə müttəfiqliyinin daha da dərinləşməsi zərurətə çevrilib. Bu müttəfiqlik təkcə tarixi və emosional bağlarla deyil, rasionallıq, qarşılıqlı fayda və uzunmüddətli milli maraqlarla qurulmuş münasibətlər sistemidir. Məhz bu səbəbdən, XXI əsrin Türk əsri olacağına inananlar üçün Bakı–Ankara ittifaqı əsas dayaq sütunlarından biri olacaq.

https://www.yenisafak.com/dusunce-gunlugu/turkiye-azerbaycan-hattinda-yeni-durak-stratejik-senkronizasyon-4689261

Müəllifin son məqalələri

29 Mart 2025 - 17:48

Azərbaycan – Türkiyə müttəfiqliyi yeni mərhələdə: Qardaşlıqdan strateji sinxronluğa

29 Avqust 2024 - 15:52

Ermənistan – Azərbaycan arasında davam edən sülh prosesi : imkanlar, problemlər

01 Avqust 2024 - 15:27

Ermənistan öz coğrafiyası çərçivəsində qalır-Nikol Paşinyanın İrana son səfəri