Azərbaycan işğalda olmuş ərazilərə dəymiş zərərə görə Ermənistandan təzminat ödəməyi tələb edir

 ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun “Azərbaycan işğalda olmuş ərazilərə dəymiş zərərə görə Ermənistandan təzminat ödəməyi tələb edir” başlıqlı məqaləsi yayımlanıb. Məqalədə Ermənistanın işğalında olduğu dövrdə Azərbaycan rayon və kəndlərinin dağıdılmasına görə Azərbaycanın Ermənistanı beynəlxalq məhkəmələrə verəcəyi qeyd olunur. 

Azərbaycan Respublikasının Prezidentinə istinadən bildirilir ki, işğalda olmuş ərazilərin demək olar ki, 99 faizi ermənilər tərəfindən məhv edilib. Bildirilir ki, həmin ərazilərdə demək olar ki, hər şey, yaşayın binaları, administrativ binalar, məktəblər, xəstəxanalar da daxil olmaqla darmadağın edilib. “Beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanın bu dağıntılar nəticəsində dəymiş zərəri hesablayacaq və Ermənistanı kompensasiya verməyə məcbur edəcək” deyə, V.Hüseynov əlavə edir.

Müəllif erməni ekspertlərin və rəsmilərin məsələ ilə bağlı mövqeyinə də diqqət çəkir. Ermənistanın keçmiş Baş Prokuroru və Avropa İnsan Haqqları Məhləməsində Ermənistanın təmsilçisi olmuş Gevork Kostanyan qeyd edir ki, Ermənistan 10 noyabr bəyannaməsini imzalamaqla həmin əraziləri işğal etdiyini təsdiq edib və bununla da beynəlxalq məhkəmələr qarşısında öhdəlik daşıyacaq. O, Azərbaycanın uzun müddətdir ki, kompensasiya tələbi ilə çıxış etməyə hazırlaşdığını vurğulayaraq bildirir ki, Ermənistanın bu vəziyyətdə özünü müdafiə etməsi üçün hüquqi əsasları qalmayıb. Kostanyana görə, Ermənistan belə olan halda 50 milyard dollardan çox təzminat ödəmək məcburiyyətində qala bilər.

Daha ətraflı: https://jamestown.org/program/azerbaijan-demands-compensation-from-armenia-for-destruction-of-previously-occupied-territories/