BMTM-in eksperti Hüseyn Sultanlının “Avropa İttifaqından Şərq siyasətinə yeni baxış: Strateji yenidənqiymətləndirmə?” sərlövhəli məqaləsi "Eurasia Review" nəşrində dərc edilib.
H. Sultanlı qeyd edir ki, Donald Trampın ikinci prezidentlik dövrünün ilk 100 günü Avropanın təhlükəsizliyi üçün dönüş nöqtəsi oldu. Belə ki, ABŞ-nin transatlantik tərəfdaşlıqdan uzaqlaşan xarici siyasəti fonunda Avropa İttifaqı (Aİ) öz xarici əlaqələrində prioritetlərini yenidən müəyyənləşdirmək məcburiyyətində qalmış və Şərq istiqamətində, xüsusilə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini dərinləşdirməyə başlamışdır.
Məqalədə bildirilir ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra yaranmış yeni reallıqlara baxmayaraq, Aİ-nin bölgədə sülhün təşviqi istiqamətində effektiv fəaliyyət göstərə bilməməsi müəyyən narazılıqlara səbəb oldu. Xüsusilə, Aİ-nin bəzi üzv dövlətlərinin və Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi ikili standartlar və qərəzli yanaşmalar ölkənin təşkilata olan etimadını sarsıtdı. Eyni zamanda, Aİ-nin Ermənistanı silahlandırması və sərhəd missiyasının qeyri-müəyyən fəaliyyəti də regionda gərginliyi artıran amillər kimi qiymətləndirilib.
H. Sultanlı mövcud vəziyyətə baxmayaraq Azərbaycanın daim konstruktiv yanaşma sərgiləməsinə də diqqət çəkir. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı Şurasının sabiq rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqları yüksək qiymətləndirib və bu formatın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasında mühüm rol oynadığını vurğulayıb. Lakin sonradan Fransa Prezidenti Emmanuel Makronun prosesə müdaxiləsi bu formatın effektivliyinə xələl gətirdi.
“Bu kontekstdə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın 2025-ci ilin aprelində Azərbaycana etdiyi səfər münasibətlərin normallaşdırılması baxımından əhəmiyyətli hadisədir. Səfər zamanı tərəflər arasında konstruktiv dialoqun aparılması və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müsbət mesajlar verildi”.
H. Sultanlı qeyd edir ki, Kallasın səfəri Azərbaycanın Aİ ilə münasibətlərinin yenidən qiymətləndirilməsi və strateji tərəfdaşlığın daha geniş kontekstdə bərpası üçün imkan yarada bilər. Müəllifin fikrincə, Aİ-nin Mərkəzi Asiya ilə münasibətləri də bu ümumi kontekstin tərkib hissəsidir.
“Səmərqənddə keçirilən Aİ–Mərkəzi Asiya sammiti və Global Gateway təşəbbüsü çərçivəsində elan edilmiş 12 milyard avroluq investisiya paketi bu regionlara geosiyasi və iqtisadi marağın artdığını göstərir”.
Yekun olaraq, müəllif qeyd edir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərində keçmişdə yaşanmış səhvləri düzəltməklə, Şərq Qonşuluğunda sülh və sabitliyə əhəmiyyətli bir töhfə verə və yeni bir mərhələnin təməlini qoymuş olar.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.eurasiareview.com/06052025-the-eus-eastern-re-engagement-a-strategic-re-evaluation-oped/