BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Avropa İttifaqı və Azərbaycan strateji əməkdaşlığı dərinləşdirir

2026-03-31 09:47

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Avropa İttifaqı və Azərbaycan strateji əməkdaşlığı dərinləşdirir” adlı məqaləsi “The Jamestown Foundation” mərkəzinin nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlar aparıb. Səfər Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki proseslər fonunda Avropanın şərq qonşuluğunda geosiyasi qeyri-müəyyənliyin artdığı bir vaxta təsadüf edib, bu isə Aİ-Azərbaycan münasibətlərinin artan əhəmiyyətini bir daha vurğulayır. Liderlər bu imkandan istifadə edərək enerji və bağlantılardan təhlükəsizlik və iqtisadi inkişafa qədər geniş gündəlik üzrə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha təsdiqlədilər.

Görüşdən sonra hər iki prezident mətbuata birgə bəyanatla çıxış edərək “Azərbaycan-Aİ tərəfdaşlığının strateji əhəmiyyətini” vurğuladı və siyasi dialoqun, eləcə də praktiki əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı niyyətlərini ifadə etdilər. Hər iki tərəf  “son yüksək səviyyəli görüşlərin müsbət dinamikasına” əsaslanaraq təhlükəsizlik, enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Qeyd olundu ki, bu tərəfdaşlıq “Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülh, sabitlik, bağlantılara və dayanıqlı inkişafa” töhfə verir. Bəyanatda, həmçinin bildirilir ki, tərəflər əməkdaşlıq üçün müasir hüquqi çərçivə yaratmaq və hazırda münasibətləri tənzimləyən köhnəlmiş tərəfdaşlıq razılaşmasını əvəz etmək məqsədi daşıyan yeni, hərtərəfli ikitərəfli saziş üzrə danışıqları davam etdirəcəklər.

Koşta və Əliyev regional təhlükəsizlik məsələlərini və Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinin inkişaf dinamikasını müzakirə etdilər. Tərəflər 2025-ci il 8 avqust tarixli Vaşinqton sammitindən sonra normallaşma prosesində yaranmış “tarixi dinamikanı” müsbət qiymətləndirib. Koşta Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına yönəlik ikitərəfli dialoqa Avropa İttifaqının dəstəyini bir daha vurğuladı”.

Məqalədə Azərbaycan-Aİ əməkdaşlığının əsas istiqamətləri barədə ətraflı məlumat verilir, inkişaf dinamikaları və gələcək planlar nəzərdən keçirilir.

Yekunda müəllif bildirir ki, Koştanın səfəri göstərir ki, regional vəziyyət dəyişdiyi bir vaxtda tərəflər münasibətləri daha da gücləndirmək istəyir. Avropa üçün Azərbaycanla əməkdaşlıq enerji mənbələrini artırmağa və regionda sabitliyi qorumağa kömək edir. Azərbaycan üçün isə enerji ixracını artırmaq və nəqliyyat layihələrini genişləndirmək Qərb üçün əhəmiyyətini daha da artırır.

“Azərbaycan gözləyir ki, Avropa İttifaqı xüsusilə investisiyalar sahəsində praktiki addımlar atsın, enerji və nəqliyyat əlaqələrini modernləşdirsin və beləliklə, bəyanatlardan konkret fəaliyyətə keçilsin”.

*Məqalənin ingilis dilində olan tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/european-union-and-azerbaijan-deepen-strategic-cooperation/

Müəllifin son məqalələri

08 Aprel 2026 - 09:55

Ermənistan-Azərbaycan münasibətləri: Sülhə baxmayaraq, müharibənin fəsadları hələ də qalmaqdadır

31 Mart 2026 - 09:47

Avropa İttifaqı və Azərbaycan strateji əməkdaşlığı dərinləşdirir

31 Mart 2026 - 09:43

Azərbaycan Aİ ilə münasibətlərində konkret nəticələr axtarışındadır