BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Avrasiyada geostrateji üçlük: Azərbaycan-Türkiyə-Pakistan tərəfdaşlığı

2025-06-19 15:34

Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli tərəfdaşlığı Avrasiyanın dəyişən geosiyasi mənzərəsində sürətlə önəmli rol oynamağa başlayır. Ortaq tarix və strateji maraqlar üzərində qurulan bu birlik, sadəcə sözlərlə ifadə olunan həmrəylikdən gerçək və konkret əməkdaşlıq formasına çevrilib. 2025-ci il mayın 28-də Laçın şəhərində keçirilən sammit bu tərəfdaşlığın inkişafında önəmli mərhələ oldu və müdafiə, enerji, ticarət və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın rəsmi şəkildə qurulmasını təmin etdi. Sadəcə mərasim xarakteri daşımayan bu sammit, çoxqütblülük və regional strateji müstəqilliyə doğru daha böyük dəyişikliklərdən xəbər verirdi. Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı Cənubi Qafqaz, Cənubi Asiya və Yaxın Şərqdə ənənəvi əlaqələri yenidən qurmaqla yanaşı, ortaq imkanlara, strateji uyğunluğa və davamlı əməkdaşlığa əsaslanan yeni regional inteqrasiya modelinin təməlini qoyur.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif bir araya gələrək illərdir davam edən həmrəyliyi rəsmi strateji tərəfdaşlığa çevirdilər. Sammitin əsas məqsədi dərinləşən əlaqələri institutlaşdırmaq, qeyri-rəsmi “qardaşlıq ittifaqı”ndan kənara çıxaraq strukturlaşdırılmış üçtərəfli əməkdaşlıq çərçivəsi yaratmaq idi. Liderlər müdafiə, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, ticarət və enerji kimi vacib sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün öhdəlik götürdülər və bu, Avrasiyada yeni bir geosiyasi oxun yüksəlişinin göstəricisi oldu. Prezident Ərdoğan bu güclənmiş əməkdaşlığın xarici işlər nazirlikləri vasitəsilə müvafiq qaydada əlaqələndiriləcəyini və müntəzəm yüksək səviyyəli görüşlərlə dəstəklənəcəyini vurğuladı. Prezident İlham Əliyev sammiti “üçtərəfli əməkdaşlığımızın yeni səhifəsinin başlanğıcı” kimi qiymətləndirdi, Baş nazir Şahbaz Şərif isə bu tərəfdaşlığın “hamımız üçün böyük önəm və məna daşıdığını” bildirdi.

Sammitin məkanı kimi Laçının seçilməsi simvolik mənanı daha da gücləndirir. Uzun illər işğal altında qaldıqdan sonra Azərbaycanın nəzarətinə qaytarılan Laçın yalnız coğrafi bir məkan deyil, eyni zamanda qələbə və milli dirçəlişin güclü simvoludur. Sammit Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışı ilə üst-üstə düşdü və bu tədbirdə üç lider birlikdə iştirak etdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki üçüncü hava limanı və ən hündür mülki aerodromu olan Laçın hava limanı iqtisadi dirçəliş, turizm və regional bağlantıların gücləndirilməsi üçün açar rolunu oynayır. Prezident R.T. Ərdoğan hava limanını “Azərbaycanın gələcəyə baxışının təzahürü” kimi xarakterizə etdi, Prezident İ. Əliyev isə onun Qarabağın reinteqrasiyasını sürətləndirməkdə mühüm rol oynadığını qeyd etdi.

*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://international.astroawani.com/global-news/geostrategic-triad-eurasia-azerbaijanturkiyepakistan-partnership-525797

Müəllifin son məqalələri

22 İyun 2025 - 12:21

Ənənəvi hava dəhlizlərinin pozulması: Azərbaycan Avrasiyada vacib aviasiya əlaqəsi kimi önə çıxır

19 İyun 2025 - 15:34

Avrasiyada geostrateji üçlük: Azərbaycan-Türkiyə-Pakistan tərəfdaşlığı

03 May 2025 - 16:34

Xəzərdən Sakit okeana: Azərbaycan və Çin yeni geosiyasi xətt qurur