BMTM-in aparıcı məsləhətçisi Nəsibə Mirzayevanın “Anaklia dəniz limanının yeni modeli: Gürcüstan strateji limanı üzərində dövlət nəzarətini gücləndirir” sərlövhəli məqaləsi AnewZ tərəfindən dərc olunub.
Məqalədə müəllif Gürcüstan hökumətinin Anaklia dərin dəniz limanı layihəsinin həyata keçirilməsi ilə bağlı yeni yanaşmasını təhlil edərək bildirir ki, ölkə strateji limanın inkişafını dövlətin aparıcı rol oynadığı “landlord port” modeli əsasında həyata keçirmək qərarına gəlib. Müəllif qeyd edir ki, bu qərar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Orta Dəhlizin əhəmiyyətinin artması və Gürcüstanın regional tranzit mərkəzi kimi rolunun güclənməsi fonunda qəbul edilib.
“Yeni modelə əsasən, dövlət limanın torpaq sahəsi, dalğaqıran, giriş kanalı və digər əsas infrastrukturuna sahib olacaq, özəl və beynəlxalq şirkətlər isə uzunmüddətli müqavilələr əsasında ayrı-ayrı terminalların idarə olunmasını və istismarını həyata keçirəcəklər. Bu yanaşma Gürcüstana strateji infrastruktur üzərində nəzarəti qorumaqla yanaşı, müxtəlif beynəlxalq tərəfdaşlardan investisiya, texnologiya və yük axınlarını cəlb etmək imkanı yaradır”.
Məqalədə vurğulanır ki, Anaklia limanı Orta Dəhlizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllifin fikrincə, limanın dərin su imkanları Gürcüstana daha iri gəmiləri qəbul etməyə və mövcud limanlarla müqayisədə daha böyük yük həcmlərini emal etməyə şərait yaradacaq. Bununla yanaşı qeyd olunur ki, layihənin uğuru yalnız limanın tikintisindən deyil, onun dəmir yolu, avtomobil magistralları və digər nəqliyyat infrastrukturu ilə səmərəli inteqrasiyasından asılı olacaq.
“Yeni model Gürcüstana layihədə Çin, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər Orta Dəhliz ölkələrinin iştirakını təmin etməyə imkan verir. Bu dövlətlər yalnız potensial investorlar deyil, həm də əsas yük mənbələri olduqlarından, onların prosesə cəlb edilməsi Anaklianın regional logistika mərkəzinə çevrilməsinə töhfə verə bilər”.
Yekunda müəllif bildirir ki, Anaklia layihəsi artıq təkcə liman tikintisi deyil, Gürcüstanın dövlət nəzarətini beynəlxalq tərəfdaşlıq və kommersiya maraqları ilə balanslaşdırmaq bacarığının mühüm sınağına çevrilib. Müəllifin qənaətincə, layihənin uğuru seçilmiş modeldən daha çox onun effektiv icrasından, nəqliyyat infrastrukturunun vaxtında tamamlanmasından, peşəkar idarəetmənin təmin edilməsindən və davamlı yük axınlarının cəlb olunmasından asılı olacaq.
Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://anewz.tv/opinion/news/21875/anaklia-adopts-new-state-led-port-model/news


