Avropa İttifaqının ən böyük üzvü olaraq Almaniya beynəlxalq rolunu artırmaq və təhlükəsizliyini təmin etmək üçün daha fəal xarici siyasət yürüdür. Məlumatlara görə, Almaniyanın müdafiə xərcləri son illərdə ilk dəfə olaraq 2024-cü ildə NATO ÜDM-in 2%-lik hədəfinə çatdı və hərbi xərclər 69 milyard avronu (75,4 milyard ABŞ dolları) keçdi.
Son üç onillikdə Almaniya və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində uğurla əməkdaşlıq ediblər. Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 1-də Bakıya səfəri Berlin və Bakı arasında ikitərəfli münasibətlərdə potensial dönüş nöqtəsi oldu. Səfər zamanı Almaniya Prezidenti Ştaynmayer və Azərbaycan Prezidenti İlham Əliyevin geniş tərkibdə görüşü keçirildi və onlar enerji, ticarət, nəqliyyat, yaşıl texnologiyalar kimi vacib əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardılar.
Bu yüksək səviyyəli səfər hər iki ölkənin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsinə qarşılıqlı sadiqliyini vurğulayır. Qeyd edək ki, Almaniyanın regionda yeganə Xarici Ticarət Palatası Bakıda yerləşir və bu, onun Azərbaycanla iqtisadi əməkdaşlığa olan marağını bir daha vurğulayır. Bundan əlavə, Azərbaycan Almaniyanın ən mühüm 10 xam neft tədarükçüsündən biridir. Almaniyanın Azərbaycana ixrac etdiyi məhsullar sırasına maşınlar, motorlu nəqliyyat vasitələri və komponentləri, dəmir-polad məmulatları, sənaye avadanlıqları daxildir.
Ticarətdən başqa, mədəni və akademik əməkdaşlıq güclü olaraq qalır. Azərbaycanda Goethe-Zentrum və Alman Arxeologiya İnstitutunun (DAI) ofisi fəaliyyət göstərir. Alman dili məktəblərdə və universitetlərdə geniş şəkildə tədris olunur, ingilis və rus dillərindən sonra ən çox öyrənilən xarici dildir. Bundan əlavə, Sumqayıt və Lüdviqshafen, eləcə də Bakı ilə Mayns arasında qardaşlaşma təşəbbüsləri mövcuddur.
Siyasi və iqtisadi əməkdaşlıq
Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər hazırda müsbətdir, lakin hər iki ölkənin strateji hədəflərində uyğunluq olduğu üçün gələcək əməkdaşlıq üçün daha güclü potensial mövcuddur.
Azərbaycan üçün Almaniyanın Qarabağ məsələsində mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, son günlər Almaniyanın DW podkastında anti-Azərbaycan mövqeyinin şahidi olduq. Həmçinin, Prezident Ştaynmayerin rəsmi Instagram hesabındakı postundan sonra Almaniya Azərbaycandan rəsmi üzr istəyib. Bundan əlavə, Prezident Ştaynmayer Prezident İlham Əliyevlə birgə mətbuat konfransı zamanı açıq şəkildə bəyan etdi: “Biz həmişə demişik ki, bu sizin [Azərbaycan] ərazinizdir və bu gün biz Almaniyanın bu mövqeyini təsdiq edirik”. Bununla da Berlinin məsələ ilə bağlı aydın və birbaşa mövqeyini bir daha təsdiqlədi.
Ticarət baxımından Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. 2024-cü ildə Almaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar (BXİ) əvvəlki illə müqayisədə 2,83 dəfə (48,8 milyon dollar) artaraq 75,3 milyon dollara çatıb.
*Məqalənin ingilis dilində olan original və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: