BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Aİ tədqiqatı Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətini vurğulayır

2026-02-19 12:23

BMTM-in şöbə müdiri Vasif Hüseynovun müəllifi olduğu “Aİ tədqiqatı Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətini vurğulayır” adlı məqalə The Liberum nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Avropa Komissiyasının 2026-cı ildə Şərq Tərəfdaşlığı, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya regionlarında enerji bağlantılarına dair hazırladığı analitik icmal Brüsselin şərq cinahında formalaşan enerji arxitekturasına baxışını aydın şəkildə ortaya qoyur.

Sənəd konkret siyasət proqramı olmasa da, yüksək səviyyəli analitik qiymətləndirmə xarakteri daşıyır. Bununla belə, mətn dolayısilə göstərir ki, Azərbaycan regionda həm Avropanın qısamüddətli enerji təhlükəsizliyinə, həm də uzunmüddətli dekarbonizasiya hədəflərinə eyni vaxtda töhfə verə bilən azsaylı ölkələrdən biridir.

2025-ci il və 2026-cı ilin əvvəlində Azərbaycanın enerji sahəsində baş verən yeniliklər bu qiymətləndirməni təsdiqləyir. Bu proseslər göstərir ki, Azərbaycan təkcə etibarlı qaz təchizatçısı deyil, həm də müxtəlif enerji dəhlizləri üzrə elektrik enerjisinin ötürülməsi və sistemlərin balansının qorunması baxımından regionda mühüm mərkəzə çevrilir.

Avropa İttifaqının baxışına görə, diversifikasiya enerji təhlükəsizliyinin əsas prinsipidir. Birlik uzunmüddətli perspektivdə iqlim neytrallığına sadiq qalsa da, analitik icmal qeyd edir ki, keçid dövründə təbii qaz, xüsusilə Cənub-Şərqi və Mərkəzi Avropada sabitləşdirici rolunu qoruyacaq.

Bu kontekstdə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə oynadığı rol öz strateji əhəmiyyətini saxlayır. 2025-ci ildə Azərbaycan təxminən 25 milyard kubmetr təbii qaz ixrac edib və bu ixracdan təqribən 8,8 milyard ABŞ dolları gəlir əldə olunub.

2026-cı ilin yanvarında Trans-Adriatik Boru Kəməri ilə Avstriya və Almaniyaya qaz tədarükünə başlanıldıqdan sonra Azərbaycandan 12-si Avropa olmaqla, ümumilikdə 16 ölkəyə təbii qaz çatdırılıb.

Avropa İttifaqına ixracın həcmi orta hesabla ildə təxminən 13 milyard kubmetr təşkil edib. Bu göstərici Avropanın Rusiya enerjisindən asılılığı azaltmağa çalışdığı bir dövrdə Azərbaycanın etibarlı təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib.

Bakı qaz tədarükünü artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bununla yanaşı, hasilatın genişləndirilməsi və yeni infrastruktur layihələrinə sərmayələrin əsaslandırılması üçün uzunmüddətli tələbat zəmanətlərinin vacibliyini vurğulayıb.

Davos şəhərində keçirilmiş “Dünya İqtisadi Forumu” çərçivəsində təşkil olunmuş “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan etdi ki, Avropa investisiya qoyuluşu baxımından indiyədək Azərbaycanın həm fosil yanacaq, həm də bərpaolunan enerji sektorlarına kifayət qədər maraq göstərməyib.

Bununla belə, analitik icmalın nəticələri göstərir ki, Avropanın gələcək enerji təhlükəsizliyi elektrik enerjisi əlaqəliliyinin gücləndirilməsindən və bərpaolunan enerji bazarlarının inteqrasiyasından asılı olacaq.

Bu kontekstdə, Azərbaycanın rolu xüsusi aktuallıq kəsb edir. Azərbaycan yaşıl enerji sənayesinin modernləşdirilməsinə sadiqdir və bu istiqamətdə genişmiqyaslı investisiyalar həyata keçirməyi qarşıya məqsəd qoyub.

Hələlik Azərbaycan Avropaya birbaşa elektrik enerjisi ixrac etməsə də, getdikcə Brüsselin strateji baxımdan əhəmiyyətli hesab etdiyi regional ekosistemin ayrılmaz hissəsinə çevrilir. Bu mənada Cənubi Qafqazı Cənub-Şərqi Avropaya birləşdirən Qara dəniz sualtı kabel layihəsi  (Black Sea Submarine Cable project) bu strateji baxışın mərkəzində dayanır.

Daxili istehsaldan əlavə, Azərbaycanın coğrafi mövqeyi onu Qara Dənizdən kənara uzanan şərq-qərb elektrik dəhlizlərində getdikcə daha əhəmiyyətli edir. Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının texniki-iqtisadi əsaslandırmaları ilə dəstəklənən, Azərbaycan, Qazaxıstan və Özbəkistanın Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizinin inkişafını hədəfləyən razılaşmaları bu vizyonu gücləndirir.

Azərbaycanın Gürcüstan, Türkiyə və Bolqarıstanla bərpa olunan elektrik enerjisinin ticarəti ilə bağlı imzaladığı çoxtərəfli memorandumlar ölkənin enerji bazarlarına daha sıx inteqrasiya istiqamətində irəlilədiyini göstərir.

Lakin mövcud fiziki enerji bağlantılarının real, davamlı ticarətə çevrilməsi üçün ölkələr arasında qaydaların və tənzimləmələrin daha çox uyğunlaşdırılması tələb olunur.

Ümumilikdə isə, Avropa Komissiyasının 2026-cı il üzrə analitik icmalı və Azərbaycanın 2026-cı ilin əvvəllərinədək formalaşan enerji trayektoriyası bir-birini tamamlayan mənzərə ortaya qoyur”.

*Məqalənin ingilis dilində dərc olunmuş bütöv mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://theliberum.com/eu-study-highlights-azerbaijans-strategic-importance-in-the-energy-sector/

Müəllifin son məqalələri

26 Fevral 2026 - 14:50

Bakı və İrəvan Vensin səfərini ABŞ-nin regionda fəallığının artması kimi qiymətləndirir

19 Fevral 2026 - 12:23

Aİ tədqiqatı Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətini vurğulayır

12 Fevral 2026 - 10:12

Əliyev və Paşinyan Əbu-Dabidə sülh mükafatını birgə qəbul ediblər