BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ABŞ-Azərbaycan münasibətləri ilə bağlı yeni kitab dərc edilib

2025-10-07 13:18

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən “Azərbaycan-ABŞ münasibətləri: Strateji tərəfdaşlığa doğru yeni kursun müəyyənləşdirilməsi” sərlövhəli kitab nəşr olunub.  https://aircenter.az/uploads/kcVSmGvDeO0J.pdf

BMTM-in şöbə müdirləri Vasif Hüseynov, Şahmar Hacıyev və baş məsləhətçi Yunis Qurbanovun həmmüəllifləri olduğu nəşrdə ortaq maraqlara və konstruktiv əməkdaşlığa əsaslanan Azərbaycan-ABŞ münasibətlərinin inkişaf prosesi araşdırılır, dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq ətraflı şəkildə təhlil edilir.

Kitabın ön sözünün müəllifi BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli sammiti tarixi dönüş nöqtəsi kimi xarakterizə edir. Bildirir ki, bu sammit Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən sülh prosesini irəlilətməklə yanaşı, ABŞ-nin bölgənin gələcəyinin formalaşmasında yenidən əsas rol oynadığını da nümayiş etdirdi.

“Azərbaycan tərəfindən uzun müddət müdafiə olunan prinsiplərə əsaslanan sülh müqaviləsinin paraflanması münaqişə və məcburi köçkünlük kimi ağrılı mərhələnin sonlanmasına gətirib çıxardı, sabitlik, rifah və inteqrasiyaya yol açdı”,-deyə F. Şəfiyev qeyd edib.

Kitabın “Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasının qoyulması”, “Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ABŞ-Azərbaycan münasibətləri”, “Qeyri-enerji sektorlarında iqtisadi əməkdaşlıq və əlaqəlilik”  bölmələri şöbə müdiri Vasif Hüseynov, “Enerji sahəsində əməkdaşlıq strateji tərəfdaşlığın əsas sütunu kimi” bölməsi şöbə müdiri Şahmar Hacıyev, “İkitərəfli əlaqələrin tarixi inkişaf yolu” bölməsi isə baş məsləhətçi Yunis Qurbanov tərəfindən hazırlanıb.

Kitabın nəticə və tövsiyələr bölməsində ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanır. Bildirilir ki, uzun müddət neft-qaz sektoru və enerji təhlükəsizliyi üzərində qurulan bu münasibətlərdə artıq qeyri-enerji sektoru, ticarətin şaxələndirilməsi, TRIPP dəhlizi, süni intellekt, rəqəmsal innovasiyalar, kosmik tədqiqatlar və təhsil əsas prioritetlərə çevrilib.

Nəşr Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi ilə maraqlanan tədqiqatçılar və qərar qəbuletmə prosesində iştirak edən şəxslər üçün mühüm mənbə kimi çıxış edir.

Müəllifin son məqalələri

05 Noyabr 2025 - 17:46

AZƏRBAYCAN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - OKTYABR 2025

05 Noyabr 2025 - 15:47

2024-CÜ İL ÜZRƏ KEÇİRİLMİŞ AUDİT YOXLAMALARININ NƏTİCƏLƏRİ

05 Noyabr 2025 - 14:01

BMTM-də “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa keçirilib