BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ABŞ, Avropa İttifaqı və Azərbaycanın iqlim və bərpa olunan enerji siyasətlərinin müqayisəli təhlili

2024-04-17 09:48

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Şahmar Hacıyev və İtaliyanın Roma La Sapienza Universitetinin aspirantı Valentina Şaberin hazırladığı təhlil  “Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Haaqa Araşdırma İnstitutu” (The Hague Research Institute for Eastern Europe, the South Caucasus & Central Asia) tərəfindən dərc edilib.

Müəlliflər ABŞ və Avropa İttifaqının adaptasiya və nəticələrin yumşaldılması strategiyaları, Azərbaycanın enerji və iqlim siyasətləri, xam materiallar uğrunda mübarizə mövzularını ətraflı təhlil ediblər.

Qeyd olunub ki, qlobal iqlim dəyişikliyi getdikcə pisləşir və istixana qazlarının təsiri bu dəyişikliyin əsas təkanverici qüvvəsidir:

“Bugünkü iqlim dəyişikliyində insan fəaliyyətlərinin rolu əsasən tükənən yanacaqdan istifadədə özünü göstərir. Bu səbəbdən gündəlikdə duran əsas mövzu istixana qazı emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin istifadəsini stimullaşdıracaq milli həll yollarının tapılmasıdır. Qeyd etmək lazımdır ki, cari qlobal istiləşmə limitlərinin 2100-cü ilə qədər 2 dərəcəni keçməməsi ilə bağlı məhdudiyyətlərə baxmayaraq, inkişaf etmiş iqtisadiyyatların qarşısında duran məqsədlər və inkişafda olan ölkələrin inkişaf hədəfləri arasında olan ziddiyyətlər karbon emissiyalarının azaldılması önündə əngələ çevrilir. Eyni zamanda, enerji keçidi vacib xam materiallar uğrunda yeni rəqabəti, həm də çox məşhur trilemmanı- zərurət, təhlükəsizlik və davamlılıq- gündəmə gətirir”.

Təhlildə ABŞ və Aİ-nin iqlim dəyişikliyinə münasibətdə iki müxtəlif yanaşma qəbul edildiyi, bu səbəbdən qlobal istiləşmə ilə mübarizə məqsədilə hazırlanmış adaptasiya və nəticələrin yumşaldılması strategiyalarının üst-üstə düşmədiyi qeyd edilib.

Azərbaycanın iqlim və enerji siyasətlərinə gəldikdə isə qeyd olunur ki, Bakı 1996-cı ildə iqlim dəyişikliyi ilə bağlı Paris Sazişini imzalayıb və 1990-cı illə müqayisədə, 2030-cu ilə qədər karbon qazı emissiyalarının 35% azaldılması ilə bağlı öhdəlik götürüb:

“Bundan əlavə, 2021-ci ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi ilə üzrə Çərçivə Konvensiyasının Qlazqoda keçirilən 26-cı Sessiyasında  (COP26) Azərbaycan könüllü olaraq karbon qazı emissiyalarının 2050-ci ilə qədər 40% azaldılması ilə bağlı öhdəlik götürüb və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası müxtəlif bərpa olunan enerji resurslarından geniş istifadə potensialına malikdir. Son illərdə bərpa olunan enerji resurslarından istifadənin artırılması Azərbaycan enerji siyasətinin əsas elementinə çevrilib”.

Təhlildə Azərbaycanın enerji səmərəliliyi və təmiz enerji ilə bağlı çoxsaylı təşəbbüsləri qeyd edilib.  Bu mənada, 2022-ci ilin iyulunda Aİ və Azərbaycan enerji sahəsində Strateji Tərəfdaşlıq barədə Anlaşma Memorandumu, eləcə də Qara dəniz sualtı elektrik kabelinin əhəmiyyəti xüsusi vurğulanıb.

Yekunda bildirilir ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin ətraf mühitin mühafizəsi və iqlim fəaliyyətləri ilə bağlı addımlara dəstəyinin göstəricisidir.

“Azərbaycanın etibarlı enerji tərəfdaşı və qlobal istiləşməyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin məsuliyyətli üzv kimi rolu yüksək qiymətləndirilir”.

*Aşağıdakı linkə keçid edərək təhlillə ətraflı tanış olmaq olar:

https://hagueresearch.org/a-comparative-analysis/

Müəllifin son məqalələri

13 Dekabr 2024 - 16:39

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib