BMTMM-in eksperti Fuad Abdullayevin müəllifi olduğu “8 Noyabr: Strateji kəşfiyyat, döyüş ruhu və tarixi Zəfər” sərlövhəli məqaləsi news.az tərəfindən dərc edilib.
Məqalədə qeyd edilir:
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər müasir hərb tarixində hərbi strategiya, əməliyyat planlaşdırılması və şəxsi heyətin döyüş hazırlığı arasındakı qarşılıqlı əlaqənin ən vacib nümunələrindən biri kimi çıxış edir. 2020-ci ildə Azərbaycan Ordusu təxminən 30 il ərzində qurulmuş düşmənin eşelonlaşdırılmış müdafiə sistemini yararaq işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini azad etmişdir.
Bununla belə, müharibənin nəticəsini yalnız texnoloji üstünlüklə əlaqələndirmək düzgün olmazdı. Zəfər uzunmüddətli dövlət strategiyasının, Ali Baş Komandanın siyasi və hərbi rəhbərliyinin, hərbi komandanlığın peşəkarlığının və Azərbaycan əsgərinin qəhrəmanlığının məntiqi nəticəsi olmuşdur. Bu baxımdan, 44 günlük Vətən müharibəsi strateji hazırlığın əməliyyat üstünlüyünə, əməliyyat üstünlüyünün isə müasir müharibə şəraitində həlledici hərbi-siyasi nəticəyə necə çevrilə biləcəyini nümayiş etdirən xüsusi əhəmiyyəti olan nümunədir.
1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin işğalından sonra Ermənistan silahlı qüvvələri möhkəmləndirilmiş mövqelərə, mühəndis-istehkam qurğularına və dağlıq relyefin təbii üstünlüklərinə əsaslanan eşelonlaşdırılmış müdafiə sistemi formalaşdırmışdı.
Bu sistem hücum edən tərəfin ağır itkilər verəcəyi və onun əməliyyatlarının tempinin tədricən zəifləyəcəyi fərziyyəsi əsasında qurulmuşdu.
Belə bir müdafiə sisteminin yarılması Azərbaycandan yalnız hərbi-texniki üstünlüyün təmin edilməsini deyil, həm də uzunmüddətli strateji hazırlıq yolu ilə və müasir müharibənin tələblərinə uyğun olaraq hərbi potensialın inkişaf etdirilməsini tələb edirdi.
Bu strateji zərurəti nəzərə alan Azərbaycan iqtisadi potensialını məqsədyönlü şəkildə hərbi gücə çevirmiş və müdafiə qabiliyyətinin inkişafını yalnız silahlanmanın modernləşdirilməsi ilə məhdudlaşdırmamışdır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin əməliyyat imkanlarının genişləndirilməsinə yönəlmiş sistemli islahatlar vasitəsilə davam etdirilmişdir.
Komanda-idarəetmə sisteminin təkmilləşdirilməsi, kəşfiyyat və atəş dəstəyi vasitələri arasında koordinasiyanın gücləndirilməsi, xüsusi təyinatlı bölmələrin döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin artırılması vahid hərbi strategiyanın əsas tərkib hissələrinə çevrilmişdir.
Bu prosesin başlıca üstünlüyü Silahlı Qüvvələrin müxtəlif qoşun növləri arasında əlaqələndirilmiş əməliyyatların həyata keçirilməsini təmin edə bilən və dəyişən əməliyyat şəraitinə çevik uyğunlaşmaq imkanına malik hərbi sistemin formalaşdırılması olmuşdur.
Xüsusilə, qərarların qəbul edilməsi ilə icrası arasındakı müddətin qısaldılması, komandirlərin təşəbbüskarlığının təşviq edilməsi və qüvvələrin həlledici istiqamətlərdə cəmləşdirilməsi imkanlarının təkmilləşdirilməsi əməliyyatların effektivliyinə əhəmiyyətli təsir göstərmişdir.
Qeyd etmək lazımdır ki, strateji baxımdan bu prosesin ən mühüm nəticəsi Azərbaycanın uzunmüddətli hərbi hazırlıq nəticəsində formalaşdırdığı potensialı real əməliyyat üstünlüyünə çevirmək qabiliyyətinin təmin edilməsi olmuşdur.
Bununla yanaşı, Ali Baş Komandanın rəhbərliyi, xalqın orduya dəstəyi, şəxsi heyətin yüksək mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu hərbi əməliyyatların davamlılığının təmin edilməsində mühüm amillər olmuşdur”.
*Məqalənin ingilis dilində dərc olunan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://news.az/news/8-november-strategic-int-elligence-fighting-spirit-and-historic-victory


