BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Roza Bayramlı

Email: roza.asgarova@aircenter.az

Tel: (+994 12) 596-82-39

2026-cı ilin yay diplomatiyası Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasını gücləndirir

2026-09-11 09:35

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23–24-də Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında inkişaf edən münasibətlərdə növbəti mühüm mərhələ oldu. İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Dövlətlərarası Şuranın üçüncü iclasına birgə sədrlik etdilər və "Əbədi Dostluq haqqında Müqavilə" imzaladılar.

Səfər çərçivəsində imzalanan sənədlər paketinə investisiya və ticarət haqqında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə fəaliyyət planı ilə yanaşı, pensiya təminatı, turizm, mədəniyyət, ədliyyə, gömrük sahəsində əməkdaşlıq və regionlararası əlaqələri əhatə edən sazişlər və əməkdaşlıq proqramları da daxil idi. Proqramın məqsədi 2030-cu ilədək iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaqdır.

İki prezident, həmçinin bankçılıq, tikinti materialları, təhsil, yanacaq infrastrukturu, faydalı qazıntıların emalı, bağçılıq, eləcə də genişmiqyaslı yaşayış və turizm layihələri daxil olmaqla, müxtəlif sahələrdə birgə təşəbbüslərə start verdilər.

Təkcə bu səfərə ayrılıqda nəzər saldıqda onun Azərbaycan–Özbəkistan müttəfiqliyinin getdikcə daha sıx institusional xarakter aldığını əks etdirdiyini görmək mümkündür. Lakin səfərə 2026-cı ilin yayında baş verən daha geniş diplomatik proseslər kontekstində nəzər saldıqda onun daha böyük regional inkişafın tərkib hissəsi olduğu görünür.

Özbəkistana səfərdən əvvəl Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Bunlara Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iyunun 22–23-də Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri və həmin günün sonunda Çolpon-Atada İlham Əliyevin Mərkəzi Asiyanın beş dövlətinin prezidentləri ilə keçirdiyi qeyri-rəsmi görüş daxildir.

Görüş zamanı İlham Əliyev qeyd edib ki, 2023-cü ilin əvvəlindən etibarən Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib, eyni dövr ərzində isə Mərkəzi Asiya liderləri Azərbaycana 26 dəfə səfər ediblər.

Bu qarşılıqlı səfərlər və təmaslar bütövlükdə göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri ayrı-ayrı ikitərəfli tərəfdaşlıqlar məcmusundan daha çox qarşılıqlı əlaqələrin mövcud olduğu vahid regional çərçivəyə doğru transformasiya olunur.

2025-ci il noyabrın 16-da Daşkənddə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının yeddinci Məşvərət Görüşü regional əməkdaşlığın inkişafında mühüm mərhələ oldu. 2018-ci ildə təsis edilən Məşvərət Görüşləri Mərkəzi Asiya dövlətləri arasında regional etimadın bərpasına, uzun müddətdir davam edən mübahisələrin həllinə və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş qeyri-rəsmi yüksək səviyyəli sammit mexanizmidir.

Görüş zamanı Mərkəzi Asiyanın beş ölkəsi Azərbaycanın Məşvərət Görüşlərində tamhüquqlu iştirakçı qismində iştirakını təsdiqlədi. Mirziyoyev bu qərarı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında “güclü körpünün qurulmasına” və eyni zamanda iki region arasında “əməkdaşlıq üçün vahid məkanın formalaşdırılmasına” yol açacaq addım kimi qiymətləndirdi.

Azərbaycan daha əvvəl 2023-cü ildə Düşənbədə və 2024-cü ildə Astanada keçirilmiş Məşvərət Görüşlərində fəxri qonaq qismində iştirak etmişdi. Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi onun bu forumdakı rolunu daha da gücləndirdi. İlham Əliyev avqust ayında Özbəkistana səfərindən əvvəl bildirmişdi ki, Azərbaycanın formata daxil edilməsi əvvəllər “C5” kimi tanınan formatı “C6” formatına genişləndirib və bununla da regional dialoqa və strateji tərəfdaşlığa “yeni məzmun və daha geniş əhatə dairəsi” qazandırıb.

2026-cı ilin yayı bu genişlənmiş çərçivənin praktiki məzmun qazanmağa başladığını göstərir. İlham Əliyevin iyul ayında Qırğızıstana səfəri zamanı iki ölkə Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzaladı və Dövlətlərarası Şuranın üçüncü iclasını keçirdi. Qırğızıstan Prezidenti Sadır Japarov bu müqaviləni “həqiqətən tarixi hadisə” və “Qırğızıstan–Azərbaycan əməkdaşlığında yeni mərhələnin” başlanğıcı kimi xarakterizə etdi.

Tərəflər, həmçinin Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun kapitalının 100 milyon ABŞ dollarından 200 milyon ABŞ dollarına qədər iki dəfə artırılması barədə razılığa gəldilər. Onlar nəqliyyat, enerji, investisiya, kibertəhlükəsizlik və maliyyə tənzimlənməsini əməkdaşlığın genişləndirilməsi üçün əsas istiqamətlər kimi müəyyən etdilər.

*Məqalənin ingilis dilində dərc olunmuş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/summer-diplomacy-deepens-azerbaijans-integration-with-central-asia/

Müəllifin son məqalələri

11 Sentyabr 2026 - 09:35

2026-cı ilin yay diplomatiyası Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasını gücləndirir

31 Avqust 2026 - 10:17

Müttəfiqlikdən daha irəli: Bakı və Daşkənd Avrasiya bağlantılarının yeni arxitekturasını necə formalaşdırır

08 Aprel 2026 - 09:36

Azərbaycan, Rusiya və Mərkəzi Asiya: Azərbaycan, Rusiya və Mərkəzi Asiya: yeni iqtisadi əməkdaşlıq üçbucağının konturları