BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Mətin Məmmədli

Email: matin.mammadli@aircenter.az

Tel: (+994 12) 596-82-39

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

2026-11-11 15:18

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanat Cənubi Qafqazın müasir siyasi tarixində dönüş nöqtəsi oldu. Sənədin meydana çıxmasını şərtləndirən başlıca amil Ermənistanın uzun illər davam etdirdiyi işğal siyasətinin 44 günlük Vətən müharibəsində hərbi yolla iflasa uğraması idi. Azərbaycan Ordusunun ardıcıl uğurları, xüsusilə noyabrın 8-də mədəniyyət mərkəzimiz və Qarabağın rəmzi olan Şuşanın azad edilməsi Ermənistanın hərbi müqavimət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Azərbaycan silahlı qüvvələrinin irəliləməsi fonunda müharibənin davam etdirilməsi Ermənistan üçün daha ağır nəticələr vəd edirdi. Belə şəraitdə İrəvan döyüş əməliyyatlarının dayandırılmasını və üzərinə konkret öhdəliklər götürməyi qəbul etdi. Üçtərəfli bəyanat məhz bu səbəbdən Ermənistan üçün hərbi-siyasi kapitulyasiya xarakteri daşıyırdı. Ermənistan hərbi birləşmələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması, Azərbaycanın döyüş meydanında əldə etdiyi nəticələrin rəsmiləşdirilməsi və regionda nəqliyyat əlaqələrinin açılması barədə müddəalar əvvəlki status-kvonun aradan qalxdığını göstərirdi. Sənəd ayrıca klassik kapitulyasiya aktı adlandırılmasa da, onun imzalanma şəraiti və məzmunu Ermənistanın müharibədə məğlubiyyətini təsbit edirdi. Azərbaycan isə öz ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələni başa vuraraq sonrakı siyasi proseslərin əsas istiqamətlərini müəyyənləşdirmək imkanı qazandı.

2020-ci ildən sonrakı dövrün səciyyəvi xüsusiyyəti Azərbaycanın hərbi qələbəni davamlı siyasi nəticəyə çevirmək xətti oldu. Rəsmi Bakı münaqişənin başa çatdığını bəyan etməklə Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırılmasını təklif etdi. Bu baxımdan sülh gündəliyi kənardan təqdim edilmiş hazır model deyil, ilk növbədə Azərbaycanın irəli sürdüyü siyasi təşəbbüslər üzərində formalaşdı. Ermənistanın uzun müddət konkret sülh sazişi üzrə danışıqlara keçməkdə tərəddüd etməsi fonunda Bakı münasibətlərin normallaşmasının hüquqi çərçivəsini özü müəyyənləşdirdi. Bunun ən aydın nümunəsi Azərbaycan Xarici İşlər Nazirliyinin 2022-ci il martın 14-də açıqladığı beş baza prinsipidir. Həmin prinsiplər dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasını; bir-birinə qarşı ərazi iddialarının olmamasının təsdiqini və gələcəkdə belə iddialardan imtinanı; güc tətbiqindən və güclə hədələmədən çəkinməyi; sərhədlərin delimitasiyası və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını; nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturdu. Sonrakı danışıqların əsas mövzuları məhz bu müddəalar əsasında müəyyənləşdi. Beləliklə, Azərbaycan yalnız sülh çağırışı etmədi, həm də onun predmetini və hüquqi meyarlarını konkretləşdirdi.

Paralel olaraq, Azərbaycan 2020-ci il bəyanatının tam icrası, xüsusilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının ölkə ərazisindən çıxarılması və suverenliyin bütün ərazilərdə təmin olunması mövqeyini ardıcıl müdafiə etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz silahlı strukturların, qondarma-cinayətkar rejimin fəaliyyətinə son qoyuldu və Azərbaycanın konstitusiya quruluşu bütün ərazidə bərpa edildi. Bununla separatizmin saxlanılması üzərindən təzyiq imkanları aradan qalxdı. 2024-cü ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması da müharibədən sonrakı keçid mərhələsinin yekunlaşmasının göstəricisi oldu.

Diplomatik müstəvidə də mühüm irəliləyiş əldə edildi. 2022 – ci ilin oktyabrında Azərbaycan və Ermənistan liderlərinin Praqa bəyanatı qəbul olundu və bu bəyanatda Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləmiş, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımışlar. Bu razılaşma Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində suverenliyini tanıması baxımından dönüş nöqtəsi hesab olunur. Daha sonra iki ölkə arasında sərhədlərin müəyyən edilməsi (delimitasiya və demarkasiya) istiqamətində ciddi irəliləyiş müşahidə edilib. Belə ki, 2024-cü ilin aprelində sərhəd komissiyaları arasında razılaşma nəticəsində Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması istiqamətində praktiki addımlar atıldı. Bu proses sərhədlərin müəyyənləşdirilməsinin üçüncü tərəfin siyasi diktəsi olmadan, birbaşa ikitərəfli dialoq əsasında mümkün olduğunu nümayiş etdirdi. Eyni zamanda, sülh prosesində ərazi bütövlüyünün qarşılıqlı tanınması və dövlətlərarası münasibətlərin qurulması kimi məsələlərin üstün mövqeyə keçməsi Bakının irəli sürdüyü yanaşmanın təsirini göstərdi.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit bu xəttin diplomatik baxımdan mühüm nəticəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırılmış mətnini parafladılar. Birgə bəyannamədə sərhədlərin toxunulmazlığı, güc yolu ilə ərazi əldə edilməsinin yolverilməzliyi, nəqliyyat əlaqələrinin açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı məsələləri əks olundu. Ermənistan ərazisindən keçəcək bağlantı üzrə TRIPP təşəbbüsü də gündəliyə daxil edildi. Sammit yekun sülh müqaviləsinin imzalanması deyil, onun imzalanmasına aparan siyasi-hüquqi mərhələ idi.

Vaşinqton görüşünün digər əhəmiyyətli nəticəsi ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması üçün Azərbaycanla Ermənistanın birgə müraciət etməsi oldu. ATƏT 2025-ci il sentyabrın 1-də müvafiq qərar qəbul etdi, bağlanma prosedurları noyabrın 30-da tamamlandı. Beləliklə, artıq mövcud olmayan münaqişəyə aid köhnə vasitəçilik mexanizmi institusional baxımdan da tarixə qovuşdu. Bu qərar Azərbaycanın münaqişənin başa çatması barədə uzun müddətdir müdafiə etdiyi mövqeyə uyğun idi.

Altı illik dövrün yekunu göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlər qarşıdurmadan praktiki normallaşma mərhələsinə keçib. Genişmiqyaslı hərbi əməliyyatların dayandırılması, sərhədlərin müəyyənləşdirilməsi üzrə əməkdaşlıq, sülh sazişi mətninin paraflanması və regional bağlantılar barədə razılaşmalar faktiki sülh şəraitinin formalaşdığını deməyə əsas verir. Bununla belə, faktiki sülh hələ tam hüquqi rəsmiləşmə demək deyil. Müsbət dinamikanın dayanıqlı nəticəyə çevrilməsi qarşılıqlı öhdəliklərin icrasından, xüsusilə Ermənistanın əməli siyasi qərarlarından asılıdır. Azərbaycanın mövqeyinə görə, sülh müqaviləsinin yekun imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalarla bağlı problem aradan qaldırılmalıdır. Bu tələb gələcəkdə sülh sazişinin daxili hüquqi aktlarla ziddiyyətə düşməməsi və yeni ərazi iddialarının yaranmaması məqsədi daşıyır. Ermənistanın bu istiqamətdə real addımları, eləcə də qəbul olunmuş bağlantı və normallaşma öhdəliklərinə sadiqliyi yekun mərhələnin sürətini müəyyən edəcək. Nəticə etibarilə, 10 Noyabr Bəyanatı ilə başlanan yeni dövr Azərbaycanın hərbi - siyasi üstünlüyünün suverenliyin, ərazi bütövlüyünün tam bərpasına, oradan isə onun təşəbbüsü ilə formalaşan sülh gündəliyinə çevrilməsi kimi qiymətləndirilə bilər. İndi əsas vəzifə yaranmış faktiki sülhü geri dönməz hüquqi və siyasi reallığa çevirməkdir.

https://azertag.az/xeber/10_noyabr_beyanatindan_vasinqton_sammitine_azerbaycanin_formalasdirdigi_yeni_regional_realliqlar-4503276

Müəllifin son məqalələri

11 Noyabr 2026 - 15:18

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

11 Noyabr 2026 - 15:00

Qələbədən sülhə: Azərbaycanın dövlət gücünün formalaşması və yeni regional rolu

04 Noyabr 2026 - 10:37

Zəngəzur dəhlizi (TRİPP) : regional sülh və qlobal bağlantılar arasında yeni körpü