BMTM məcburi köçkün qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçilib.

24 Fev 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçilib.

Konfrans BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin 20-ci ildönümünə həsr olunub. Tədbirdə açılış nitqi ilə çıxışı edən Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, tarixən azərbaycanlı qadınlar hər zaman sülh və təhlükəsizlik mövzularında çox aktiv olublar. O əlavə edib ki, silahlı münaqişələr zamanı  mülki əhali, xüsusilə qadınlar və uşaqlar daha çox əziyyət çəkən əhali kateqoriyasına daxildir. Hikmət Hacıyev 2000-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 1325 saylı qətnamədən danışaraq bu sənədin qadınların sülh quruculuğunda, münaqişələrin qarşısının alınmasında bərabər rolunu təsbit etdiyini qeyd edib: “BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin icrası ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hazırlanıb və hazırda dövlət qurumlarnın iştirakı ilə onun son mərhələyə çatdırılması istiqamətində iş aparılır”.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev belə tədbirlərin Azərbaycanda keçirilməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan hər zaman müdafiə mövqeyindən çıxış edir: “Lakin bu münaqişədə qurban Azərbaycandır. Biz belə mövzularda müzakirələr apararaq öz mövqeyimizi yenidən müəyyən etməliyik və haqlı mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq”.

Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai vurğulayıb ki BMT TŞ-nin 1325 saylı qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu öz əksini tapıb. Onun sözlərinə görə, qadınların bu sahədə fəaliyyəti dayanıqlı sülh üçün təminat yaradacaq: “Qadınların sülhün təmin edilməsində rolu təmin olunmadan məqsədlərə nail olunmayacaq. Biz də Azərbaycanı BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi ilə bağlı Fəaliyyət Planını qəbul etməyə çağırırıq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini və bunların hələ də icra olunmadığını bildirib. Onun sözlərinə görə, indiki dövrdə sülh dövlətlərin gücündən asılıdır və Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Komitə sədri əlavə edib ki, bu münaqişələrin həllində qadınlarımız da öz sözünü deyə bilər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  çıxışı zamanı bildirib ki, zəngin tarixi irsə malik olan Azərbaycan xalqı qadının cəmiyyətdə, ailədə roluna xüsusi diqqətlə yanaşıb və azərbaycanlı qadınlar cəmiyyətin qurulmasında hər zaman xüsusi rol oynayıblar.  Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşən 700 min şəxsdən 330 mini qadınlardır: “Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir”.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir: “Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınlar işgəncələrə məruz qalıblar. Dağlıq Qarabağdan olan azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımızın aktiv iştirak edəcəyini gözləyirik. Azərbaycan qadınlarının da torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfələrini verəcəyinə əminəm”.

Daha sonra “Münaqişənin təsiri altında olan mühitdə qadın hüquqlarının və iştirakının təşviq edilməsi” və “Münaqişənin insan simaları” adlı panel müzakirələri keçirilib. İkinci panel müzakirələri zamanı Ermənistan-Azərbaycan münaqişəsindən birbaşa əziyyət çəkən qadınlar özlərinin və yaxınlarının həyat hekayələrini paylaşıblar.

Feed

06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
423
06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
252
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
264