BMTM ekspertinin "Modern Diplomacy” nəşrində Azərbaycandakı islahatlara dair məqaləsi dərc olunub

Məqalədə Azərbaycanda 1990-cı illərdə qurulmuş iqtisadi və siyasi sistemin beynəlxalq münasibətlərdəki yeni reallıqlar fonunda islahatlara ehtiyac duyduğu və ölkə rəhbərliyinin bu çağırışlara adekvat cavab verdiyi qeyd edilir. İslahatlar prosesinin hələ enerji qiymətlərinin dünya bazarında qiymətinin qəfil düşməsindən öncə başladığını bildirən müəl

15 Yan 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun “Modern Diplomacy” nəşrində Azərbaycanda aparılan islahatların dövlətin xarici siyasətinə təsiri mövzusunda məqaləsi yayımlanıb.

Məqalədə Azərbaycanda 1990-cı illərdə qurulmuş iqtisadi və siyasi sistemin beynəlxalq münasibətlərdəki yeni reallıqlar fonunda islahatlara ehtiyac duyduğu və ölkə rəhbərliyinin bu çağırışlara adekvat cavab verdiyi qeyd edilir. İslahatlar prosesinin hələ enerji qiymətlərinin dünya bazarında qiymətinin qəfil düşməsindən öncə başladığını bildirən müəllif qeyd edir ki, 2012-ci ildə istifadəyə verilmiş ASAN xidmətin yaradılması buna bir nümunədir.

Bununla yanaşı göstərilir ki, 2019-cu il ərzində islahatlar prosesi indiyə qədərki ən yüksək səviyyəyə çatıb. Bəziləri 1990-cı illərdən bu yana vəzifədə olan yüksək vəzifəli kadrların daha cavan və əsasən Qərbtəhsilli insanlarla əvəz edilməsi və tez-tez tənqidlərə məruz qalan parlamentin islahat prosesi ilə ayaqlaşmaması səbəbiylə buraxılması ümumilikdə reform prosesinin ciddiliyini ortaya qoyub. Xüsusilə qeyd edilməlidir ki, bu prosesin tərkib hissəsi olaraq korrupsiyaya qarşı daha effektiv mübarizə və ilk dəfə olaraq bir icra başçısının korrupsiya və oğurluq ittihamı ilə vəzifə başında həbs edilməsi rəğbətlə qarşılanıb.

Yeni nəsil teknokratların önə çəkilməsi, maliyyə idarəçiliyində daha çox şəffaflıq, məhkəmə sistemində irəliləyişlər Azərbaycan iqtisadiyyatının gələcəyi üçün faydalı təməl rolunu oynayacaq. V.Hüseynov yazır ki, bu dəyişikliklər Azərbaycanın Cənubi Qafqazın iqtisadi xəritəsində aparıcı rol oynamasını təmin edəcək və dövlətin regional transport və digər iqtisadi layihələrə əvvəllər olduğu kimi lazımi investisiya qoymasına şərait yaradacaq. Bu çox önəmli faktordur, çünki, məsələn, Cənubi Qafqaz üçün mühim əhəmiyyəti olan Bakı – Tbilisi – Qars dəmiryolu kimi irihəcmli layihə Azərbaycanın maliyyəsi olmadan reallaşdırıla bilməzdi.

Oxşar şəkildə Azərbaycan Türkiyə, Rusiya, Qazaxstan, Belarus kimi mühüm tərəfdaşlarla birlikdə böyük ambisiyalı transport və enerji layihələri sahəsində əməkdaşlığı genişləndirir . Çinin Kəmər və Yol layihəsində iştirak, TANAP boru kəmərinin istifadə verilməsi və s. layihələr ölkəmiz üçün olduğu kimi, bu layihələrdəki tərəfdaş ölkələrin iqtisadiyyatı üçün də ciddi əhəmiyyət daşıyır.

Azərbaycandakı daxili iqtisadi və siyasi vəziyyət eyni zamanda ümumilikdə Cənubi Qafqazdakı regional təhlükəsizlik üçün əhəmiyyət kəsb edir. Ölkəmizin Gürcüstan ilə çoxtərəfli əməkdaşlığı qonşu dövlət üçün bir neçə kritik məqamda həyati əhəmiyyət daşıyıb. Azərbaycanın Gürcüstana 2008-ci ildəki çətin məqamda kömək əlini uzatması və onun ölkənin üzləşdiyi çağırışların öhdəsindən gəlməsinə dəstək etməsi bu qəbildən olan önəmli bir misaldır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi və ölkəmizin çiçəklənməsi heç şübhəsiz ki, Gürcüstandakı sosial və iqtisadi vəziyyət üçün də vacib məqamlar ehtiva edir.

Azərbaycandakı islahatlar eyni zamanda ölkəmizin Qərbdən olan tərəfdaşları ilə əlaqələrin daha da inkişafı üçün şərait yaradır. Azərbaycanda ictimai xidmətlərin optimallaşdırılması, hökumətin cavanlaşdırılması və son dəyişikliklər nəticəsində yaranan yeni siyasi atmosfer Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında elan edilən hədəflərlə uzlaşır və ona görə də dəstəklənməlidir.  Yeni vəziyyət eyni zamanda Azərbaycanın ABŞ-la olan münasibətlərinə də təkan verə bilər. ABŞ-ın Amerikan Xarici Siyasət Şurasının Mərkəzi Asiya və Qafqaz institunun direktoru Svante Kornellə istinad edən V.Hüseynov bildirir ki, Azərbaycanın göstərdiyi islahat cəhdləri Bakı və Vaşinqton arasındakı siyasi dialoq və tərəflər arasındakı strateji əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Məqaləyə keçid: https://moderndiplomacy.eu/2020/01/15/external-implications-of-domestic-reforms-in-azerbaijan

Vasif Hüseynov

Vasif Hüseynov

Baş məsləhətçi

Feed

06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
423
06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
253
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
264