BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Zəngəzur dəhlizinin regiondakı nəqliyyat-kommunikasiya xətlərinə mümkün təsirləri” adlı vebinar keçirilib

2021-07-02 16:26

İyunun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Zəngəzur dəhlizinin regiondakı nəqliyyat-kommunikasiya xətlərinə mümkün təsirləri” adlı vebinar keçirilib. Vebinarda açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ötən il 44 günlük müharibənin nəticəsində imzalanmış 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması barədə qərarın verildiyini deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi Zəngəzur dəhlizi məsələsi açıldıqda gərginlik nümayiş etdirir. “Amma Ermənistan Azərbaycanla Naxçıvan arasında keçidin təmin edilməsinə dair üzərinə öhdəlik götürüb. Bu məsələni siyasiləşdirməyə gərək yoxdur. Ermənistan anlamalıdır ki, bu birtərəfli öhdəlik deyil”,- deyə Fərid Şəfiyev əlavə edib. O, həmçinin 7-8 il əvvəl Avropa İttifaqı buna bənzər təşəbbüsü reallaşdırmaq istəyirdi və ə bu layihə siyasi deyil, iqtisadi baxımdan nəzərdən keçirilməlidir.

Daha sonra çıxış edən Qazaxıstanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının baş katibinin müavini Leila Batırbekova Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı hazırkı vəziyyət barədəməlumat verib.  Onun sözlərinə görə, dövlətlər arasında qurulmuş mükəmməl koordinasiya hətta çətin vaxtlarda belə bu istiqamətdə planların reallaşmasına imkan verib. Onun sözlərinə görə, Orta Dəhliz vasitəsi ilə bu il daşınmanın 1 milyon 100 min tondan çox olacağı gözlənilir. Leila Batırbekova Zəngəzur dəhlizinin də yüksək potensiala malik olduğunu deyib və layihənin tez bir zamanda reallaşacağına ümid etdiyini əlavə edib.

Daha sonra çıxış edən Türkiyə Avrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Turgut Kerem Tuncel Zəngəzur dəhlizinin regionda yeni iqtisadi vəziyyət, yeni imkanlar yaradacağını deyib. Onun sözlərinə görə, dəhlizin açılmasını geosiyasi kontekstdən nəzərdən keçirmək lazımdır və Cənubi Qafqaz kiçik region olsa da, Avrasiya regionun geosiyasəti üçün mühüm əhəmiyyət kəsb edir: “Zəngəzur Dəhlizi Cənubi Qafqazda mühüm bir dəyişiklərə səbəb ola bilər. Dəhlizin əhəmiyyəti sadəcə Türkiyə və Azərbaycanla bitmir, eyni dərəcədə də İran və Rusiya üçün də geniş potensial açır. Gürcüstan İrana marşrut əldə edir, İranla Ermənistan birləşir. Ermənistan bu istiqamətdə birgə hərəkət edərsə, çox udacaq”. BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırov çıxışı zamanı işğal faktorunun uzun illər Ermənistana regionda  əməkdaşlıq imkanlardan faydalanmağa imkan vermədiyini deyib. Onun sözlərinə görə, Zəngəzur Dəhlizi nəticəsində Rusiya və Ermənistan arasında marşrut təmin ediləcək və Rusiya üçün İrana və Yaxın Şərq ölkələrinə alternativ marşrut açılacaq. Ekspertin fikrincə, dəhlizin açılması ilə Ermənistan iqtisadi təcriddən azad olacaq. Orxan Bağriov vurğulayıb ki, bu münasibətlər iqtisadi fəaliyyətlərlə yanaşı regionda davamlı sülhün bərqərar olması üçün geniş fürsətlər açacaq.  

https://www.facebook.com/aircenteraz/videos/523320732316539