BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Yeni Suriyanın bir ili: Mühüm ilklər, 4 il ərzində seçkilər

2025-12-13 10:13

2024-cü ilin dekabrı Suriya üçün tarixi bir an olaraq yaddaşlarda qaldı. Bəşər Əsəd rejiminin devrilməsi ilə ölkə 14 ildən artıq davam edən vətəndaş müharibəsi və siyasi böhranlardan sonra yeni bir mərhələyə qədəm qoydu. Bu hadisə yalnız hakimiyyət dəyişikliyini ifadə etmədi, həm də Suriyanın gələcəyi üçün yeni ümidlər və strateji imkanların başlanğıcı oldu.

Prezident Əhməd əş-Şəranın rəhbərliyi altında formalaşmış yeni hökumət ölkədə sülh və sabitliyi təmin etmək, hüquqi və inzibati sistemləri bərpa etmək və regional və beynəlxalq səviyyədə Suriyanın mövqeyini gücləndirmək istiqamətində bir il ərzində əhəmiyyətli addımlar atır. Xüsusilə, ölkənin müxtəlif etnik və dini qruplarını siyasi dialoqa cəlb etmək, inklüzivliyin artırılması və uzunmüddətli sabitliyin təmin edilməsi prioritet məsələlərdəndir. Daxili sabitliyi təmin etməklə bərabər, Suriya üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Son bir ildə Suriya beynəlxalq aktorlarla diplomatik və iqtisadi əlaqələrdə önəmli addımlar atıb. BƏƏ və Qətər ilə milyardlarla dollarlıq infrastruktur layihələri həyata keçirilib, elektrik stansiyaları, metro və hava limanları bərpa olunub. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə yüksək səviyyəli diplomatik görüşlər regionda Suriyanın mövqeyini gücləndirib. Türkiyə ilə münasibətlər strateji transformasiya mərhələsinə daxil olub. Sərhəd təhlükəsizliyi, terrorla mübarizə və hərbi koordinasiya prioritet mövzular kimi müzakirə olunub.

Eyni zamanda ABŞ və digər beynəlxalq aktorlarla əməkdaşlıq Suriyanın diplomatik normalizasiyası və regiondakı yeni siyasi balansların formalaşması baxımından əhəmiyyətlidir. Ötən bir il Suriya üçün əhəmiyyətli ilklərlə yadda qaldı. Belə ki, cari ilin mart ayında Brüsseldə Avropa İttifaqının (Aİ) Suriyaya dəstək məqsədilə doqquzuncu illik sammiti təşkil olundu. Bu sammit Suriyanın illik dəstək iclaslarında ilk dəfə iştirakı baxımından əhəmiyyət daşıdı.

Bununla Suriya ilk dəfə Avropa İttifaqı (Aİ) ilə rəsmi danışıqlarda təmsil olundu. 2017-ci ildən etibarən hər il keçirilən bu sammitin əsas məqsədi Aİ və üzv ölkələrinin Suriyadan qaçan məcburi köçkünləri qəbul edən dövlətlərə və yerli icmalara maliyyə yardımı, o cümlədən qrant və kreditlər ayrılmasını təmin etməkdir. Sammit Suriyadakı humanitar böhranı və qaçqın axınını azaltmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamaqla yanaşı, həm də Aİ-nin bölgədəki rolunu gücləndirmək məqsədi daşıyır. İyun ayında Suriya üçün daha önəmli hadisə baş verdi. 30 iyun tarixində ABŞ Prezidenti Donald Tramp imzaladığı icra fərmanı ilə uzun müddətdir qüvvədə olan Suriya sanksiyalar rejimini ləğv etdi.

İyul ayının 1-də qüvvəyə minən bu qərarla Suriya ilə əlaqəli sanksiyalar rəsmi olaraq ləğv edildi. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Bloklanması Ofisi “Syria Related Sanctions Regulations” adlı sanksiyalar rejimini ABŞ Məcəlləsindən çıxardı. Bununla sanksiyalar sistemi faktiki olaraq bitirildi, sərt ticarət və maliyyə qadağaları aradan qaldırıldı. Lakin keçmiş rejimin əsas simaları, terror və narkotik fəaliyyətində rol alan şəxslərə qarşı sanksiyalar hələ də müəyyən çərçivədə qalırdı.

Noyabrın 9-da isə Suriya prezidenti Əhməd əş-Şara tarixi səfər edərək ilk dəfə Ağ Evdə rəsmi görüşlər keçirib. Bu səfər ABŞ-Suriya münasibətlərində yeni bir mərhələ hesab olunur və həm regional təhlükəsizlik, həm də diplomatik balans baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin əsas məqsədi Suriya ilə ABŞ arasında əməkdaşlığı gücləndirmək, xüsusilə də İŞİD-ə qarşı beynəlxalq səylərdə birgə addımlar atmaq idi. Səfərə bir neçə gün qalmış ABŞ administrasiyası Şaranın sanksiya siyahısından çıxarıldığını elan etdi, daha sonra isə BMT Təhlükəsizlik Şurası onun üzərindəki məhdudiyyətləri aradan qaldırdı. Qeyd edək ki, Şara 2013-cü ildə “Əl-Qaidə” ilə əlaqəli Heyət Təhrir Əl-Şam qruplaşmasının rəhbəri kimi təqdim olunduğu üçün beynəlxalq sanksiyalara məruz qalmışdı.

Səfər çərçivəsində Ə.Şara və ABŞ prezidenti D. Tramp arasında İsrail ilə Suriya arasında birbaşa danışıqların mümkün formatları da müzakirə edilib. Qeyd etmək yerinə düşər ki, D.Tramp may ayında Ə.Şaranı 2020-ci ildə bir sıra ərəb ölkələrinin imzaladığı normallaşma razılaşmalarına qoşulmağa təşviq etmişdi, Şara isə sentyabr ayında açıqlamışdı ki, İsraillə danışıqların əsas məqsədi Suriyanın cənubunda işğal altındakı ərazilərin qaytarılması və İsrailin hava hücumlarının dayandırılmasıdır. Bu səfəri həm də ABŞ-Suriya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirə bilərik.

Suriya üçün önəmli hadisələrdən biri də 2025-ci ilin dekabrında Suriya Prezidenti Əhməd Şaranın 23-cü Doha Forumunda iştirak oldu. Qətərin paytaxtında keçirilən forumda dünya liderləri, yüksək səviyyəli diplomatlar və beynəlxalq ekspertlər iştirak edirdi. Ə.Şəranın iştirakı Suriyanın beynəlxalq diplomatik masaya qayıtmasının mühüm göstəricisi oldu. Prezident çıxışında yeni Suriya hökumətinin siyasi keçid planı və gələcək seçkilər barədə mühüm mesajlar verdi. O, ölkədə dörd il ərzində ümumi seçkilərin keçiriləcəyini açıqladı ki, bu da siyasi bərpa və legitimlik baxımından önəm daşıyır. Eyni zamanda, çıxışında İsrail–Suriya münasibətləri və cənub sərhədlərindəki gərginlik məsələlərinə toxundu, atəşkəs rejiminin qorunmasının vacibliyini vurğuladı. Forum çərçivəsində o, həmçinin Qətər iş adamları və hökumət rəsmiləri ilə ikitərəfli görüşlər keçirdi.

Bu görüşlərdə Suriyaya sərmayə qoymaq və infrastruktur layihələrinə dəstək göstərmək təşviq edildi. Belə layihələr elektrik stansiyaları, metro və hava limanlarının bərpasını əhatə edir və ölkənin iqtisadi bərpasına mühüm dəstəkdir. Beynəlxalq dialoq baxımından, Əş Şəranın Qətər və Livan rəsmiləri ilə görüşləri də Suriyanın regional əməkdaşlıq çərçivəsini genişləndirməkdə strateji rol oynadı. Qeyd edək ki, bu forum həm də Suriyanın beynəlxalq legitimliyinin güclənməsi, siyasi yol xəritəsinin beynəlxalq səviyyədə tanınması və regional təhlükəsizlik məsələlərinin qaldırılması baxımından əhəmiyyətli platforma oldu. Nəticədə Ə. Şəranın Doha Forumundakı iştirakı Suriya üçün təkcə diplomatik addım deyil, həm də ölkənin regionda rolunu möhkəmləndirmək, iqtisadi və siyasi bərpasını sürətləndirmək məqsədi daşıyan strateji hadisə kimi qiymətləndirilə bilər.

Suriyanın yeni hökumətinin xarici diplomatiyasında uğurlardan biri kimi Azərbaycanla inkişaf edən əlaqələri qeyd etmək olar. Bu il Azərbaycanın Suriyada səfirliyinin fəaliyyəti bərpa edilib. Car ilin iyul ayında Suriya Prezidenti Ə. Şəra Azərbaycana rəsmi səfər edib. Bu səfər köklü diplomatik və enerji əməkdaşlığının başlanğıcını simvolizə edib və iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərib. Onu da qeyd edək ki, Azərbaycan Suriya ilə əməkdaşlığın bərpası kontekstində açıq şəkildə Suriyanın yeni hökumətini dəstəkləyib və onun strateji müttəfiqi Türkiyə ilə sıx koordinasiyada çalışıb.

Qeyd edilənlərə nəzərən, son bir il ərzində Suriya hökuməti həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə mühüm addımlar atdığını qeyd etmək olar. Prezident Ə.Şəranın diplomatik fəaliyyəti ölkənin regional və beynəlxalq legitimliyini gücləndirdiyini deməyə əsas verir. Bu birillik fəaliyyətlər Suriyanın siyasi və iqtisadi mövqeyini möhkəmləndirir və gələcəkdə regionda daha fəal rol oynamaq perspektivini açır. Nəticə etibarilə, yeni hökumətin bir ili Suriyanın beynəlxalq reinteqrasiyası və daxili stabilliyinə doğru mühüm bir mərhələ kimi qiymətləndirilə bilər.

https://musavat.com/news/yeni-suriyanin-bir-ili-muhum-ilkler-4-il-erzinde-seckiler-ilginc-detallar_1224425.html