BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Yaxın Şərqin Erməni Diasporunun Azərbaycan-Ermənistan sülh gündəliyinə baxışı

2026-01-22 16:36

Hazırda Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması istiqamətində institusional və siyasi səviyyədə addımlar atmaq, sülh sazişinin əsas prinsipləri ətrafında danışıqlar aparmaq mərhələsindədirlər. Bu proses qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, eləcə də regional nəqliyyat-kommunikasiya xətlərinin bərpasını ehtiva edir. Azərbaycan sülh gündəliyini regional sabitliyin və iqtisadi inteqrasiyanın əsas şərti kimi irəli sürür. Ermənistan hökuməti isə mövcud geosiyasi reallıqları nəzərə alaraq uzunmüddətli təhlükəsizlik və inkişaf perspektivlərinin sülh sazişindən keçdiyini bəyan edir. Hazırkı mərhələdə Ermənistan hökumətinin xarici siyasət strategiyasında əsas prioritet istiqamətlərdən biri məhz Azərbaycanla sülh gündəliyinin irəli aparılmasıdır.

Bununla belə, Ermənistanın sözügedən strategiyası bəzi daxili və xarici siyasi etirazlara səbəb olmuşdur. Bu xüsusda xaricdə məskunlaşan erməni diasorunun etirazları diqqət çəkir. İkinci Qarabağ müharibəsinin nəticələri, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat, ardınca regiondakı sülh prosesləri və Baş nazir Paşinyanın bu sülhə qarşı açıq müsbət mövqeyi erməni diasporunun kəskin etirazlarına yol açmışdır. Bu baxımdan Yaxın Şərqdəki erməni diasporunun etirazları xüsusilə diqqət çəkmişdir.

Erməni diasporu Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə və Paşinyanın bu sülhə qarşı açıq müsbət mövqeyinə qarşı çıxır. Ermənistan hakimiyyəti isə Qarabağın itirilməsi və Azərbaycanla sülh prosesinə dair diaspor tərəfindən irəli sürülən ittihamları qəbul etmir. Xüsusilə “Daşnaksütyun” Ermənistan hökumətinə qarşı çıxışlarda ən fəal mövqe nümayiş etdirən diaspor strukturlarından biri kimi çıxış edir. Bu siyasi qüvvə Ermənistan parlamentində də təmsil olunur. Eyni zamanda, 2022-ci ildə ölkə daxilində keçirilən “Müqavimət Hərəkatı” aksiyalarında daşnakların fəal iştirakı müşahidə olunmuş, paralel olaraq Fələstində, Livanda, Fransa, ABŞ və Rusiya da daxil olmaqla bir sıra ölkələrdə etiraz yürüşləri təşkil edilmişdir.

Hakimiyyət erməni birliyini pozmaqda, “Daşnaksütyun” isə milli maraqlara xəyanət etdiyi üçün bir-birini satqın adlandırır. Bu səbəbdən “Daşnaksütyun” ilə Ermənistan hakimiyyəti arasında münasibətləri son dərəcə gərgin hesab etmək olar. Radikal diaspor qanadı isə Paşinyanın Qarabağla bağlı siyasətinə etiraz etsə də, bu, əslində onun Qarabağın itirilməsindən çox qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərindən qaynaqlanır.

Ermənistanın xarici siyasət prioritetlərinin formalaşmasında erməni diasporunun fəal iştirakı nəzərə çarpsa da, diaspor bu proseslərdə daha çox siyasi təsir amili kimi çıxış edir. Bununla yanaşı, onun sülh gündəliyinin həyata keçirilməsinə həlledici maneə yaratmaq, eləcə də ölkənin idarəçilik mexanizmlərinə və strateji qərar qəbuletmə proseslərinə birbaşa müdaxilə etmək imkanları məhduddur.

Qeyd dək ki, Yaxın Şərq, ermənilərin miqrasiya etdiyi və zəngin etnik müxtəlifliyə malik regionlardan biri olmuşdur. XX əsrin əvvəllərində Suriya, Livan və Misir kimi ölkələr erməni diasporunun siyasi mərkəzləri rolunu oynamışdır. Bu gün isə regionda güclü maddi resurslara malik və yüksək səviyyədə təşkilatlanmış erməni diaspor təşkilatları fəaliyyət göstərir. 20-ci əsrin 90-cı illərindən etibarən bu təşkilatlar, xüsusilə möhkəm struktura malik ölkələrdə, anti-Azərbaycan və anti-Türkiyə təbliğatı ilə məşğul olmuşdur. Eyni zamanda, parlamentdə təmsil olunan erməni deputatların Azərbaycana qarşı təxribatçı fəaliyyətləri də diqqətdən yayınmamışdır.

Eyni zamanda Yaxın Şərqdə fəaliyyət göstərən erməni icmasının bəzi üzvləri bu ölkələrdə terror fəaliyyətləri ilə məşğul olaraq, regiondakı digər radikal təşkilatlarla qarşılıqlı əlaqələr qurmuş və Azərbaycan-Ermənistan müharibələri zamanı döyüş meydanlarında iştirak etmişlər. Bu fəaliyyətlər keçmiş Ermənistan-Azərbaycan münaqişəsi kontekstində region ölkələrinin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyə yönəlmişdir.

Qeyd edək ki, Monte (Melto) Melkonyan Livanda erməni diasporunun fəal simalarından olmuş və “ASALA” terror qruplaşmasının əsas üzvlərindən biri kimi fəaliyyət göstərmişdir. 1990-cı illərin əvvəllərində Ermənistana gəlmiş və Dağlıq Qarabağ münaqişəsində erməni silahlı dəstələrinin komandirlərindən biri kimi çıxış etmişdir.

Yaxın Şərqin erməni icmasının Azərbaycana qarşı bu fəaliyyətləri İkinci Qarabağ müharibəsi ərzində də davam etmişdir. Digər Livan ermənisi Vigen Euljekyan birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkənin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxs Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi. Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilmiş, Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılmışdır.

Diasporun radikal fəaliyyələri bununla kifayətənmirdi. Yaxın Şərq ölkələrində, eləcə də ABŞ, Fransa və digər Avropa dövlətlərində Azərbaycan və Türkiyə səfirlikləri həmin ölkələrdə fəaliyyət göstərən erməni icmasının nümayəndələri tərəfindən bir neçə dəfə hücumlara məruz qalmışdır. Məsələn, 2023-cü ilin avqust və sentyabr aylarında Azərbaycanın Livandakı səfirliyi iki dəfə hədəf alınmış, 2022–2023-cü illərdə isə Fransa və digər Avropa ölkələrindəki səfirliklərimiz də oxşar hücumlara məruz qalmışdır. Eyni miqyasda olan hadisələr ötən əsrdə də türklərə qarşı törədilmişdir. 1975-ci ilin sentyabr ayında isə ASALA tərəfindən Türkiyənin Beyrutdakı səfirliyinin raket hücumuna məruz qalmışdır.

Yaxın Şərqdəki erməni icmasının əsas anti fəaliyyət istiqamətlərindən biri də media fəaliyyətləri idi. Yaşadıqları ölkələrin sosial-siyasi mühitinə inteqrasiya olunmağa çalışan erməni icmaları eyni zamanda xarici ölkələrdəki diaspor qurumları ilə əsasən qondarma ‘erməni soyqırımı’ iddiaları və bu hadisələrin guya səbəbkarı olan xalqlara və dövlətlərə qarşı düşmənçilik hissləri ilə birləşmişdir. Erməni icmasının nümayəndələrinin nəşr etdikləri kitablar, jurnal və qəzetlər, xüsusilə Qarabağ müharibəsi dövründə ərəbdilli auditoriyaya yönəlmiş təbliğat kampaniyaları və qondarma “erməni soyqırımı” ilə bağlı yaydıqları məlumatlar qeyd edilə bilər. Bu cür ideoloji özünüdərk yanaşması tez-tez Ermənistanın qonşu dövlətlərlə qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik siyasəti ilə ziddiyyət təşkil etmiş və nəticə etibarilə regionda sülhə maneə yaradan ideoloji baryerlərin formalaşmasına səbəb olmuşdur.

Bu kontekstdə və daha geniş çərçivədə, Yaxın Şərq erməni icmasının tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətləri Beynəlxalq Münasibətlər üzrə ərəb ölkələri mütəxəssisi Lalə Xəlilzadənin müəllifi olduğu “Yaxın Şərqdə erməni diasporu” kitabında ətraflı şəkildə təhlil edilmişdir. Kitabda erməni diasporunun müxtəlif dillər və mədəniyyətlər müstəvisində həyata keçirdiyi fəaliyyətlər, təsir imkanları, eləcə də məskunlaşdıqları ölkələrdə tutduqları mövqelər və Ermənistanın daxili və xarici siyasətinə təsir potensialı geniş şəkildə araşdırılmış, mühüm faktlar sistemli şəkildə təqdim olunmuşdur.

*Məqalə ərəb dilində Misirdə nəşr edilib.

https://daralmaref.com/News/2443681.aspx