BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Yaxın Şərq və Cənubi Qafqazda Covid-19 pandemiyasının yaratdığı problemlərin aradan qaldırılması” adlı vebinar keçirilib

2021-09-17 16:24

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə  “Yaxın Şərq və Cənubi Qafqazda Covid-19 pandemiyasının yaratdığı problemlərin aradan qaldırılması” adlı vebinar keçirilib. Açılış  nitqi zamanı BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova 2019-cu ildə başlamış və 2020-ci ilin martından etibarən Azərbaycanda yayılan COVID-19 pandemiyasının bütün dünyada sosial-iqtisadi problemlərə gətirib çıxardığını deyib. Onun sözlərinə görə, pandemiya səbəbindən 2020-ci ildən etibarən bütün dünyada iqtisadi inkişafda çökmə müşahidə olunub, xarici gəlirlər azalıb, işsizlik yaranıb. Esmira Cəfərova bildirib ki, yoluxmanın başladığı ilk vaxtlardan etibarən Azərbaycan pandemiyanın təsirlərini azaltmaq üçün tədbirləri sürətləndirib: “Karantin müddətində iqtisadiyyatın müxtəlif sektorlarında xüsusi iş rejimi tətbiq olundu. Hökumət müxtəlif şirkətlər və fərdlərin üzləşdiyi problemlərin aradan qaldırılması üçün dəstək tədbirləri, müxtəlif iqtisadi və sosial tədbirlər həyata keçirdi. Bütün bu tədbirləri bir mərkəzdən idarə etmək üçün Operativ Qərargah yaradıldı”.

Esmira Cəfərova əlavə edib ki, ötən ilin martında Prezident İlham Əliyev koronovirusla mübarizə məqsədi ilə xüsusi fondun yaradıldığını açıqlayıb.

BMTM-in İdarə Heyətinin üzvü həmçinin Azərbaycanın qlobal arenada gördüyü işlərdən danışıb və bildirib ki, Azərbaycan bu müddətdə sədrlik etdiyi Qoşulmama Hərəkatında çox aktiv olub. Onun sözlərinə görə, Azərbaycan prezidenti BMT Baş Assambleyasının koronovirusla bağlı xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib və buna nail olub. Həmçinin Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı çərçivəsində maddi rifahı zəif olan üzv ölkələr üçün dəstəyin toplanması təşəbbüsü ilə çıxış edib və  Azərbaycan özü  30-a yaxın ölkəyə humanitar yardım və dəstək göstərib. 

Peyvəndləmədən danışan Esmira Cəfərova “peyvənd milliyətçiliyi”nin pandemiya ilə mübarizə yoluna maneə təşkil etdiyini vurğulayıb. 

Daha sonra çıxış edən iordaniyalı siyasi ekspert Mohammad Bin Sari Al-Zoubi pandemiya nəticəsində yaranmış iqtisadi böhranın həmçinin elmi institutlar və beyin mərkəzlərinin maliyyə strukturuna da ciddi təsir etdiyini deyib. Onun sözlərinə görə, xüsusilə indiki dövrdə pandemiyanın yaratdığı fəsadların aradan qaldırılması yollarının tədqiqi üçün akademik araşdırmalar hər zamankından daha çox vacibdir və o, bu kimi mərkəzlərin dəstəklənməsinin vacibliyini dilə gətirib. 

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili pandemiya şərtləri daxilində həm dünyada, həm də regionda müəyyən dəyişikliklərin baş verdiyini bildirib. Onun sözlərinə görə, ötən il Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə də Cənubi Qafqaz regionunda dəyişikliklərə səbəb olub və bu müharibə bölgənin geosiyasi mənzərəsini dəyişib. Ekspert bildirib ki, Azərbaycan hazırda regional inteqrasiyanın vacibliyini irəli sürür və bu da bölgədə COVID-19 pandemiyasının yaratdığı problemlərin  radan qaldırılması üçün yollardan biri ola bilər. 

“Baku Tribune” Xəbər Agentliyinin baş redaktoru, siyasi analitik Seymur Məmmədov pandemiyanın hələ də davam etdiyini və bu böhranın dayandırılmasının yeganə yolunun peyvəndlənmə olduğunu bildirib. Onun sözlərinə görə, insanlar arasında peyvəndlənməyə inam hələ də azdır və bu hökumətlər tərəfindən təşviq olunmalıdır. 

Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin rəhbəri Fərid Quliyev pandemiyanın enerji bazarına təsirlərinə dair təqdimatla çıxış edib. Onun sözlərinə görə, ötən ilin aprelində OPEK+ ölkələrinin əldə etdiyi razılaşma enerji bazarını tam stabilləşdirə bilməyib. Fərid Quliyev əlavə edib ki, neft qiymətinin aşağı düşməsindən xüsusilə iqtisadiyyatı enerji gəlirlərindən tam asılı ölkələr əziyyət çəkib. 

Vebinar sual-cavab sessiyası ilə davam edib.