BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Yaşıl enerji: Azərbaycanın yeni güc strategiyası və qlobal mövqeyi

2026-01-15 13:27

Son illər dünyada enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf anlayışları dövlətlərin strateji prioritetlərini köklü şəkildə dəyişib. Azərbaycan da bu qlobal transformasiyanın fəal iştirakçısına çevrilərək, yaşıl enerji sahəsində iddialı və sistemli addımlar atır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, ölkəmiz üçün yaşıl enerji yalnız alternativ deyil, gələcəyin əsas dayaqlarından biridir.

Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və davamlı inkişafı son illərdə dövlət siyasətinin əsas prioritetlərindən biri kimi formalaşıb. Xüsusilə vurğulanmalıdır ki, təxminən son 20 il ərzində ölkənin elektroenergetika infrastrukturu demək olar ki, tam şəkildə yenilənib. Bu dövr ərzində yeni generasiya gücləri yaradılıb, mövcud elektrik stansiyaları əsaslı şəkildə yenidən qurulub, böyük dərəcəli yarımstansiyalar müasir texnologiyalarla təchiz olunub və ötürücü xətlər beynəlxalq standartlara uyğun şəkildə modernləşdirilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.

O qeyd edib ki, bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan enerji sisteminin etibarlılığı əhəmiyyətli dərəcədə artıb, itkilər azaldılıb və ölkənin bütün bölgələrində fasiləsiz enerji təchizatı təmin olunub. Eyni zamanda, yaradılmış güclü infrastruktur bu gün yaşıl enerji mənbələrinin sürətlə sistemə inteqrasiyası üçün möhkəm texniki baza rolunu oynayır. Yəni son iki onillikdə həyata keçirilən modernləşmə tədbirləri təkcə mövcud tələbatı qarşılamaq üçün deyil, həm də gələcəkdə minlərlə meqavatlıq bərpaolunan enerji güclərinin təhlükəsiz və səmərəli şəkildə qəbul edilməsi üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın təkcə külək enerjisi üzrə potensialının 150 QVt-dan çox olması faktı özü-özlüyündə ölkənin enerji xəritəsində yeni reallıq yaradır. Quruda 135 QVt, dənizdə isə 157 Qvt texniki potensial Azərbaycanın regionda və daha geniş coğrafiyada yaşıl enerji mərkəzinə çevrilməsi üçün möhkəm əsas formalaşdırır. Bu potensialın reallaşdırılması isə artıq nəzəri müstəvidən praktik mərhələyə keçib.

Sultan Zahidov qeyd edib ki, bu gün yaşıl enerji sahəsində əsas investorların sırasında dünyanın aparıcı şirkətləri yer alır. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə Günəş elektrik stansiyası, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin yanvarın 8-də istifadəyə verilmiş 240 meqavatlıq stansiyası, bp tərəfindən Cəbrayıl rayonunda tikilən daha bir 240 meqavatlıq Günəş elektrik stansiyası bu sahəyə olan beynəlxalq etimadın bariz nümunəsidir. Çin və Türkiyə şirkətlərinin də bu prosesə maraq göstərməsi Azərbaycanın yaşıl enerji bazarının cəlbediciliyini daha da artırır. Strateji baxımdan mühüm məqamlardan biri də Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonası elan olunmasıdır. Bu bölgələrdə bərpaolunan enerji mənbələrinin texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt səviyyəsində qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərin məhz yaşıl enerji konsepsiyası əsasında bərpası Azərbaycanın postmünaqişə inkişaf modelinin innovativ və ekolojiyönümlü olduğunu göstərir. Azərbaycan 2020-ci ildə qarşıya qoyduğu məqsədə uyğun olaraq, 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəfləyib. Proqnozlara görə, 2027-ci ildə elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 25 faizə, 2030-cu ildə isə 30 faizə yüksələcək. Bu, təkcə enerji balansının şaxələndirilməsi deyil, həm də qaz ehtiyatlarının daha səmərəli istifadəsi və ixrac potensialının artması deməkdir. Hazırda icra olunan birinci mərhələ üzrə 2027-ci ilin sonunadək təxminən 2 QVt gücündə bərpaolunan enerji mənbələrinin istismara verilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə isə əlavə 6 giqavatdan çox gücün yaradılması planlaşdırılır. Birinci mərhələnin əsas məqsədi daxili istehlakın təmin olunmasıdırsa, növbəti mərhələdə iqtisadi səmərəlilik əsas götürülməklə enerji ixracı və data mərkəzlərinin enerji təminatı ön plana çıxacaq. Bu yanaşma yaşıl enerjini artıq iqtisadi inkişafın real alətinə çevirir. Bu layihələrin nəticəsi olaraq hər il 5,1 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək, 1,1 milyard kubmetr qaza qənaət olunacaq və 2,4 milyon ton istixana qazının atmosferə atılmasının qarşısı alınacaq. Bu göstəricilər Azərbaycanın iqlim öhdəliklərinə sadiqliyini və qlobal ekoloji məsuliyyətini açıq şəkildə nümayiş etdirir.

Ekspertin sözlərinə görə, enerji keçidinin digər mühüm komponenti isə enerji sisteminin texniki dayanıqlığının gücləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisinin sistemə daxil edilməsi planlaşdırılır. Bu həcmdə enerjini “qəbul etmək və həzm etmək” üçün ötürücü şəbəkələrin, yarımstansiyaların və enerji mərkəzlərinin modernləşdirilməsi əsas vəzifədir. Paralel olaraq batareya saxlanc sistemlərinin qurulması da xüsusi əhəmiyyət kəsb edir. Dövlət xətti ilə artıq 250 meqavat gücündə batareyaların quraşdırılmasına başlanılıb və qısamüddətli planlarda 8 giqavat enerji əldə etmək hədəflənir. Perspektivdə isə 20-40 giqavat gücündə enerjini qəbul edə və ötürə bilən sistemin yaradılması nəzərdə tutulur. Su enerjisi də bu strategiyanın ayrılmaz hissəsidir. Hazırda 1444 meqavat gücündə su elektrik stansiyaları ümumi gücün 14,7 faizini təşkil edir və 2030-cu ilə qədər bu göstəricinin 1800 meqavata çatdırılması planlaşdırılır. Azərbaycanın su ehtiyatlarının 25 faizinin Qarabağ və Şərqi Zəngəzurda formalaşması bu regionun enerji əhəmiyyətini daha da artırır. 2030-cu ilə qədər “Xudafərin” və “Qız Qalası” stansiyaları da daxil olmaqla burada su elektrik stansiyalarının ümumi gücünün 600 meqavatı keçməsi gözlənilir. Bütün bu daxili potensial beynəlxalq enerji dəhlizləri ilə tamamlanır. Xəzər-Qara dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan, Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa və Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl enerji dəhlizləri ölkəmizi Avrasiya məkanında mühüm enerji qovşağına çevirir. Bu dəhlizlər vasitəsilə Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də yaşıl enerjinin etibarlı ötürücüsü rolunu oynayır.

“Bu baxımdan Xəzər-Qara dəniz-Avropa marşrutu üzrə formalaşan “Qara Dəniz Enerjisi” layihəsi xüsusi strateji əhəmiyyət daşıyır. Sualtı elektrik kabelinin tikintisini nəzərdə tutan bu layihə çərçivəsində artıq mühüm institusional və siyasi addımlar atılıb. Layihənin icrası üçün strateji tərəfdaşlıq sazişi imzalanıb, 2024-cü ilin mayında isə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları layihənin reallaşdırılması məqsədilə birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıblar. Bundan əlavə, 2023-cü ilin iyununda Bolqarıstanın da layihəyə qoşulmaq niyyətini bəyan etməsi təşəbbüsün Avropa miqyasında artan dəstəyini açıq şəkildə nümayiş etdirir. Qeyd olunmalıdır ki, bu layihə, Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan yaşıl enerjinin əvvəlcə Gürcüstana, oradan isə Qara dənizin dibi ilə çəkiləcək yüksəkgərginlikli sualtı kabel vasitəsilə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. Planlara əsasən, bu dəhliz vasitəsilə ildə 4 QVt həcmində yaşıl enerjinin ixracı həyata keçiriləcək. Bu, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və iqlim məqsədlərinə çatması baxımından mühüm töhfə deməkdir. Layihənin tikintisinin 3-4 il müddətində başa çatdırılması planlaşdırılır. Avropa Komissiyasının bu strateji təşəbbüsə 2,3 milyard avro həcmində maliyyə dəstəyi ayırmağı nəzərdə tutması layihənin təkcə regional deyil, ümumavropa əhəmiyyətli olduğunu təsdiqləyir. Bu maliyyə və siyasi dəstək Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşmış mövqeyinin nəticəsidir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar yalnız Qərb istiqaməti ilə məhdudlaşmır. 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizinin formalaşmasına yeni impuls verib. Bu sənəd Xəzər hövzəsində istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılması baxımından mühüm hüquqi və siyasi baza yaradır. Beləliklə, həyata keçirilən layihələr və imzalanan beynəlxalq sazişlər Azərbaycanın yaşıl enerji sahəsində regional təşəbbüskar və əlaqələndirici rolunu gücləndirir. Ölkəmiz artıq yalnız öz enerji təhlükəsizliyini təmin edən dövlət deyil, Avrasiya məkanında yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə etibarlı mərkəzə çevrilməkdədir. Bu reallıq Azərbaycanın gələcək enerji xəritəsində tutacağı mövqenin strateji və uzunmüddətli xarakter daşıdığını bir daha təsdiqləyir”, - deyə S.Zahidov əlavə edib.

https://azertag.az/xeber/yasil_enerji_azerbaycanin_yeni_guc_strategiyasi_ve_qlobal_movqeyi-3965903