BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Vaşinqton sammiti Cənubi Qafqazda regional düzəni yenidən formalaşdırır

2025-08-18 17:32

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Vaşinqton sammiti Cənubi Qafqazda regional düzəni yenidən formalaşdırır” sərlövhəli məqaləsi "Commonspace" nəşrində dərc edilib.

Məqalədə qeyd edilir: “Prezident Donald Tramp ABŞ vasitəçiliyi ilə 8 avqust tarixində Ermənistan və Azərbaycan liderləri arasında baş tutan sammiti tarixi hadisə kimi qiymətləndirməkdə haqlıdır. Bu yalnız iki ölkə arasında sülh prosesinə verdiyi töhfə baxımından deyil, həm də Cənubi Qafqazın təhlükəsizlik sisteminin əhəmiyyətli dərəcədə yenidən formalaşmasına gətirib çıxarması baxımından tarixi əhəmiyyət kəsb edir. Sammitdən sonrakı gün region tamamilə fərqli bir reallıqla - əvvəlkindən kəskin surətdə fərqlənən vəziyyətlə qarşılaşdı.

Şübhəsiz ki, Vaşinqton sammitinin Cənubi Qafqaz xalqları üçün ən mühüm nəticəsi Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmalar oldu. Tərəflər sülh sazişinin ilkin variantını parafladılar, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından sonra sənədin rəsmi imzalanması barədə razılığa gəldilər, ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə müraciət etdilər və Zəngəzur dəhlizinin açılması barədə razılıq əldə olundu. Bu yaxınlaradək bu razılaşmaların əksəriyyəti tezliklə həll olunması çətin görünən məsələlər kimi qiymətləndirilirdi.

İkinci Qarabağ müharibəsindən sonrakı beş il ərzində hər iki ölkə sülh danışıqları aparsa da, bu cəhdlər əvvəlki mərhələlərdə ciddi irəliləyişlə nəticələnməmişdi. Tərəflər əsas mübahisəli məsələlər, ilk növbədə, Zəngəzur dəhlizi və Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün zəruri olan konstitusiya dəyişiklikləri ilə bağlı çıxılmaz vəziyyətdə qalmışdılar. Rusiya, Avropa İttifaqı və Bayden administrasiyasının vasitəçiliyi ilə aparılan danışıqlarda bəzi qismən nəticələr əldə edilsə də, bunlar münaqişənin hərtərəfli həllinə, münasibətlərin normallaşmasına və davamlı sülhə nail olmaq baxımından kifayət etməmişdi. Prezident Trampın haqlı olaraq qeyd etdiyi kimi: “Çoxları cəhd etdi, heç biri uğur qazana bilmədi.”

Şübhəsiz ki, Trampdan əvvəlki administrasiyanın uğursuzluğu təkcə Ermənistanın mövqeyi ilə bağlı deyildi. Bu, eyni zamanda, vasitəçilərin qüsurlu strategiyaları ilə birbaşa bağlı idi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçı rejimin süqutundan sonra Bayden administrasiyasının Bakı ilə əvvəlki münasibətlərin davam etməyəcəyini bəyan etməsi və “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi çərçivəsində Azərbaycana qarşı sanksiyaları bərpa etməsi ABŞ-nin vasitəçilik təşəbbüsünü zəiflətmiş və Cənubi Qafqazın iki respublikası arasında konstruktiv rol oynamaq potensialını faktiki olaraq aradan qaldırmışdı. Oxşar qaydada, Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi ermənipərəst hökumətin Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlara qərəzli müdaxiləsi bir müddət kifayət qədər uğurlu sayılan Brüssel formatının sonunu gətirmişdi”.

Məqalədə Vaşinqton sammitinin yekununda əldə olunmuş razılaşmalara da diqqət çəkilir.

“Ən əhəmiyyətli razılaşmalardan biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. İlk dəfə bu dəhliz 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra imzalanmış Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatında irəli sürülmüşdü və dəhlizin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Qoşunlarının nəzarəti altında fəaliyyət göstərməsi nəzərdə tutulurdu. Moskva üçün bu dəhliz mühüm geosiyasi əhəmiyyət daşıyırdı, çünki onun vasitəsilə Rusiya regionda mövcudluğunu möhkəmləndirə, Azərbaycanla Türkiyə arasında, eləcə də Avropa, Mərkəzi Asiya və Çin arasında nəqliyyat əlaqələrinə nəzarət edən əsas aktora çevrilə bilərdi. 2020-ci ildən etibarən, Rusiya ardıcıl olaraq üçtərəfli bəyanatı Zəngəzur dəhlizi ilə bağlı istənilən razılaşmanın əsas və əvəzolunmaz hüquqi çərçivəsi kimi vurğulayırdı.

Lakin bu gün reallıq tamamilə fərqlidir. Dəhliz açılacaq, lakin üçtərəfli bəyanat artıq ictimai diskursda demək olar ki, tamamilə unudulub. Bundan da əhəmiyyətlisi, dəhliz ABŞ Prezidentinin adını daşıyacaq, rəsmi olaraq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq və ABŞ-nin nəzarəti altında fəaliyyət göstərəcək. Dəhlizə tətbiq olunacaq konkret mexanizmlərdən asılı olmayaraq, artıq aydındır ki, təhlükəsizlik və nəzarət məsələlərinə cavabdeh olan üçüncü tərəf əvvəlki kimi Rusiya deyil, məhz ABŞ olacaq”.

Yekunda Vasif Hüseynov əlavə edir ki, bütün proseslərə baxmayaraq, Azərbaycan çoxvektorlu xarici siyasət kursuna sadiq qalmağa davam edir, həm şimal qonşusu ilə, həm də digər aparıcı dövlətlərlə dost və konstruktiv münasibətləri qoruyub saxlamağa çalışır.

“Moskva üçün isə artıq imperial iddialardan imtina etmək və Cənubi Qafqaz ölkələri ilə, eləcə də digər qonşu regionlarla münasibətlərini kiçik tərəfdaş deyil, bərabərhüquqlu aktorlar kimi qurmağa başlamasının vaxtı çatıb”.

*Məqalənin ingilis dilində olan original mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.commonspace.eu/opinion/washington-summit-reshapes-regional-order-south-caucasus