BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Vaşinqton bəyannaməsindən sonrakı dövrdə Cənubi Qafqazda Avropa İttifaqının rolu nə ola bilər?” sərlövhəli məqaləsi “Commonspace” nəşrində dərc edilib.
Məqalədə qeyd edilir ki, ABŞ-nin vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan razılaşmalar regionun gələcəyini əsaslı şəkildə dəyişdirmək potensialına malikdir:
“Xüsusilə, “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma - yeni adı ilə “Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) - geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Əgər TRIPP razılaşması həyata keçirilərsə, bu, Rusiya və İranın regiondakı mövqelərinə ciddi zərbə vuracaq. Daha da önəmlisi, bu razılaşma Birləşmiş Ştatların bu vacib coğrafiyada strateji iştirakına yol açacaq. Bu nəticə mürəkkəb və həssas geosiyasi vəziyyətə malik bir regionda ABŞ, daha konkret desək, Tramp administrasiyası üçün çoxlarının əvvəlcədən proqnozlaşdırmadığı bir uğuru təmsil edir.
2023-cü ilin sentyabrında Qarabağda qanunsuz erməni separatçı rejiminin süqutundan sonra Bayden administrasiyası Azərbaycana qarşı qərəzli mövqe sərgiləmiş və Vaşinqtonun Bakı ilə İrəvan arasında vasitəçilik roluna son qoymuşdu. Azərbaycan hökuməti həm Ermənistan tərəfi ilə görüşlər, həm də Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan açılması ilə bağlı ABŞ-nin təkliflərini rədd etmişdi.
Ona görə də, Trampın altı aylıq dövrdə nail olduqları diqqətəlayiqdir. Lakin Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesində vaxtilə daha fəal rol oynamış digər bir Qərb aktoru bu mənzərədə yoxdur: bu, Avropa İttifaqıdır.
Həqiqətən də, Avropa İttifaqı İkinci Qarabağ Müharibəsindən (2020) sonra olduqca fəal rol oynadı və iki Cənubi Qafqaz respublikası arasında sülh prosesinə vacib töhfələr verdi. Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın bir neçə dəfə görüşünü təşkil etdi və ikitərəfli dialoqu asanlaşdırdı. Ermənistan 2022-ci ilin oktyabrında Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Aİ-nin vasitəçiliyi ilə keçirilən toplantıda Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıdı.
Lakin son illərdə Fransa Prezidenti Emmanuel Makronun Ermənistana aid narrativləri irəli sürərək prosesə müdaxilə etməsi Aİ-nin roluna mənfi təsir göstərdi. 2023-cü ilin ortalarında isə Avropa İttifaqının vasitəçilik rolu dayandı və bundan sonra heç bir nəzərəçarpan vasitəçilik müşahidə edilmədi”.
Müəllif bildirir ki, artıq vəziyyət kəskin şəkildə dəyişib. Belə ki, artıq Aİ və ya digər tərəf üçün vasitəçilik ediləcək münaqişə və ya münaqişəli məsələ qalmayıb.
“Vaşinqtonda Bakı ilə İrəvan son aylarda ən çox mübahisə doğuran məsələ olan Zəngəzur dəhlizi üzrə razılığa gəliblər. Hər iki ölkə, həmçinin ATƏT-in Minsk Qrupunun ləğv olunması üçün birgə müraciət ediblər. Bu, münaqişənin tamamilə sona çatdığını və onun beynəlxalq gündəlikdən çıxmasını simvolizə edən tarixi hadisədir.”
Məqalədə, həmçinin Aİ-nin Cənubi Qafqazda fəal iştirakının vacibliyinə də diqqət çəkilir.
“Cənubi Qafqazda Avropa İttifaqının fəal iştirakı bəlkə də heç vaxt olmadığı qədər çox vacibdir. Vaşinqton razılaşmaları Rusiya və İranı narazı salıb. Hər iki ölkə bu vəziyyəti dəyişmək və TRIPP dəhlizinin reallaşdırılmasının qarşısını almaq üçün yollar axtaracaq. Belə şəraitdə həm Ermənistan, həm də Azərbaycan bu təzyiqə qarşı möhkəm dayanmaq üçün Avropa İttifaqı və ABŞ-nin güclü dəstəyinə ehtiyac duyacaqlar".
Müəllifin fikrincə, Aİ TRIPP dəhlizinin reallaşdırılması, Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafı, eləcə də Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərində xüsusi fəallıq nümayiş etdirməlidir. Eyni zamanda, V. Hüseynov hesab edir ki, Gürcüstanın da post-Vaşinqton dövrü təşəbbüslərində fəallığını artırması, regional inteqrasiya, sülh və təhlükəsizlik təşəbbüslərində iştirakı vacibdir:
“Onlar öz güclərini birləşdirərək, keçmiş hegemonların “parçala və hökm sür” strategiyalarına son qoya və yeni, inteqrasiya olunmuş Cənubi Qafqazın qurulmasına başlaya bilərlər. Aİ bu tarixi transformasiyada təbii tərəfdaşdır və bu prosesin asanlaşdırılmasında fəal rol oynamalıdır”.
*Məqalənin ingilis dilində olan tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.commonspace.eu/opinion/what-role-eu-post-washington-south-caucasus


