BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

"Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans keçirilib

2023-05-08 12:52

Mayın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı və “BP Azerbaijan” şirkətinin dəstəyi ilə “Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonrakı dövrdə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan bəhs edib. Bildirib ki, Azərbaycandakı daxili sabitliyin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin qəbul etdiyi strateji qərarlar Azərbaycanın bugünkü inkişafına şərait yaradıb.

Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan kimliyinin inkişafına şərait yaratdığını söyləyən Fərid Şəfiyev Ümummilli Liderin enerji sahəsindəki gördüyü işlərdən danışaraq deyib: "Ulu Öndər Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri də enerji sahəsi idi. O, hakimiyyətə gəldikdən sonra Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa başladı, eyni zamanda, ölkənin xarici siyasəti formalaşdı. Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Ölkəmiz bazar iqtisadiyyatına keçdi. Bütün bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda regionda lider dövlətdir”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov müasir, müstəqil Azərbaycanın memarı Ulu Öndərin ölkənin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, uzaqgörən siyasi xadim Heydər Əliyev inklüziv inkişafın vacibliyini qabaqcadan görürdü. Buna görə də bu gün Azərbaycanda inklüziv inkişaf göstəriciləri kifayət qədər yüksəkdir. 2018-ci ildə ilk dəfə Azərbaycanda inklüziv inkişaf ölkənin prioriteti kimi müəyyən edildi. Dünyada inklüziv cəmiyyətin qurulması ilk dəfə Azərbaycanda tətbiq edilib.

Ulu Öndərin insan potensialının formalaşmasında gördüyü işlərdən danışan Urxan Ələkbərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev insan kapitalının inkişafına, onun ölkə iqtisadiyyatına töhfəsinə xüsusi önəm verirdi.

Açılışdan sonra konfrans işini panel iclaslarla davam etdirib.

"Heydər Əliyevin çoxvektorlu xarici siyasəti" adlı birinci paneldə Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Gürcüstanın sabiq xarici işlər naziri Tedo Caparidze, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi praqmatik və çoxvektorlu xarici siyasətdən danışıblar.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin apardığı düşünülmüş, uzaqgörən siyasət regionda sabitliyin bərqərar olmasına böyük töhfə verib.

Çıxışlarda Ulu Öndərin Azərbaycanın iqtisadi inkişafına xüsusi diqqət ayırdığını, məhz bu amilin ölkənin xaricdə imicinin formalaşmasında mühüm rol oynadığı qeyd edilib.

BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın moderatorluğu ilə keçirilən “Ermənistan-Azərbaycan münaqişəsi və Heydər Əliyev” adlı ikinci panel iclasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Azərbaycan Respublikası Prezidentinin sabiq mətbuat katibi Tofiq Abbasov, BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov çıxış ediblər.

Çıxışlarda Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Heydər Əliyevin fəaliyyətindən danışılıb. Ümummilli Liderin Azərbaycanın problemlərinin həlli üçün atdığı mühüm, strateji addımlar qeyd edilib.

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən “Heydər Əliyevin enerji strategiyası” adlı üçüncü panel iclasında ABŞ-ın Avrasiya enerji diplomatiyası üzrə keçmiş koordinartoru, sabiq səfir Stiven R.Mənn, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda kommunikasıya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli çıxış ediblər.

Bildirilib ki, Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verib. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu enerji strategiyası bu gün də uğurla davam etdirilir.

azertag.az