Xəbər verildiyi kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vaqfinin (SETA) hazırladığı “Dalandan çözümə: Qarabağ problemi” kitabını Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə edib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Türkiyədəki tərəfdaşlarından biri olan SETA-nın nəşr etdiyi kitabın 3 bölməsi Beynəlxalq Münasibətlərin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Cavid Vəliyev və baş məsləhətçisi Vasif Hüseynov tərəfindən yazılıb. Fərid Şəfiyev və Vasif Hüseynovun birgə hazırladığı “İkinci Qarabağ müharibəsinə gedən yol” adlı bölmədə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı yaranmış ümidlər və vədlər, o cümlədən 2020-ci ilin iyulunda Tovuzda baş verən toqquşmanın müharibəni qaçılmaz etməsindən bəhs olunub. Cavid Vəliyev kitabın “Jirinovski bəyanatından Moskva bəyanatına qədər Rusiyanın Dağlıq Qarabağ siyasəti” başlıqlı bölməsində 1991-ci ildən İkinci Qarabağ müharibəsindən sonrakı dövrə qədər Rusiyanın münaqişə ilə bağlı siyasətindən yazıb. Müəllif 2016-ci ildə aprel döyüşlərində, İkinci Qarabağ müharibəsi zamanı və üçtərəfli bəyanatın imzalanmasında Rusiyanın rolunu ətraflı təhlil edib. Vasif Hüseynovun yazdığı “Cənubi Qafqazda müharibədən sonrakı vəziyyət” başlıqlı bölmədə İkinci Qarabağ müharibəsinin başa çatması, üçtərəfli bəyanatın imzalanması və müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi vəziyyətdən bəhs edilib.