BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Türkiyə ermənilərinin patriarx seçkiləri - Əsas istək və məqsədlər (MÜSAHİBƏ)

2019-12-16 00:00

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, Türkiyə üzrə mütəxəssis, beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Cavid Vəliyevin Trend-ə müsahibəsi:

- Bildiyiniz kimi, 8 və 11 dekabr tarixlərində Türkiyə ermənilərinin patriarxının seçilməsi üçün seçkilər keçirildi və seçkilərdə Maşalyan qalbi gəldi. Lakin onu da bilirik ki, Türkiyədə yeni erməni patriarxının seçilməsi məsələsi geniş müzakirə mövzusu idi. Seçilən Maşalyan haqqında soruşmadan əvvəl bilmək istərdim ki, bu müzakirələr nədən qaynaqlanırdı?

- Əvvəla onu bildirim ki, seçkidə iki erməni ruhani namizəd vardı. Biri Aram Ateşyan və digəri Maşalyan. O ki qaldı patriarx seçkiləri niyə maraq kəsb edirdi?! Türkiyə ermənilərinin yeni patriarxı seçmə prosesi 2008-ci ildə 84-cü Patriarx Mesrop Mutafyanın ağır xəstəliyə tutulması ilə başladı və 11 il ərzində həm Türkiyə ermənilərinin öz içində, həm də Türkiyə dövləti ilə Ermənistan və diaspora ermənilərinin dəstəklədiyi namizəd arasında uzun bir mübarizə ilə sonlandı. Mesrop Mutafyanın ağır xəstə olması səbəbi ilə 2010-cu ildən etibarən Baş yepiskopos Aram Ateşyanın patriarx vəkili olaraq Türkiyə hökuməti tərəfindən təyin olundu və yeni patriarx seçilənə qədər Ateşyan idarə etdi. Ateşyanın Türkiyə milli maraqlarına təsir edən bir çox məsələdə mövqeyi Türkiyə dövləti ilə üst-üstə düşürdü. Məsələn, 1915-ci il hadisələri haqqında və “Sülh Mənbəyi” əməliyyatında Türkiyə dövlətinin tezislərini dəstəkləyirdi. Almaniya Bundestaqının 2016-cı ilin iyun ayında sözdə erməni soyqırımını tanımasından sonra Prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərərək, bu cür qərarların xarici dövlətlərin Türkiyəni və Türk millətini günahlandırmaq və cəzalandırmaq üçün bir vasitə olaraq istifadə etdiyini və türk-erməni münasibətlərinə zərər verdiyini yazmışdı.

Digər tərəfdən, Türkiyədə yaşayan bir qrup erməni xüsusən millətçi və diasporanın görüşlərini müdafiə edən ermənilər Mutafyan ölmədən seçkilərin keçirilməsini istəyirdi. Burada onların iddiası bundan ibarət idi ki, guya Ateşyanı ermənilər seçməyib və keçmiş patriarx Mutafyan da xəstə olduğu üçün idarə edə bilmir. Amma zənnimcə əsas məsələ ondan ibarət idi ki, Ateşyan Türkiyə vətəndaşı olaraq dövlətinin maraqlarını müdafiə edirdi və bu da millətçi ermənilərin maraqlarına uymurdu. Bunun üçün hətta imza kampaniyası başladıb Mutafyan ölmədən, patriarxlıq seçkilərinin keçirilməsi üçün beynəlxalq aləmdə dəstək və tələblərinin leqallığını göstərmək istədilər. Lakin qanunlar patriarx ölmədən seçkilərin keçirilməsinə icazə vermirdi.

- Məlumdur ki, Türkiyə erməniləri kilsəni milli kimliyin qorunmasında mühüm qurum hesab edirlər. Onlar üçün strateji əhəmiyyətə malik olan bu mərkəzə seçkilər zamanı erməni diasporu və Ermənistan hökumətinin müdaxilə cəhdləri baş verdimi?

- Bu sual olduqca yerində bir sualdır. Çünki dünyada yaşayan erməni diasporu və Ermənistan üçün Türkiyə olduqca vacibdir. Türkiyəni ermənilər üçün əhəmiyyətli edən 2 vacib məsələ var. Birincisi, 1915-ci il hadisələrinin məhz Türkiyənin özü tərəfindən qəbul olunmağını istəyirlər. İkincisi, Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstək verməsi onları narahat edir. Bu səbəbdən diaspora erməniləri və Ermənistan Türkiyədə yaşayan ermənilərin nəzarətini öz əlinə almaq istəyir. Burada isə kilsə vacib rol oynayır, sizin də qeyd etdiyiniz kimi. Daxildə diaspora erməniləri və Ermənistan adına bu prosesi aparan Xalqların Demokratiya Partiyasının erməni millət vəkili Qaro Paylan və Aqos qəzeti idi. Qaro Paylanın istər diaspora erməniləri, istərsə də Ermənistanla çox yaxın əlaqələri var. Aqos qəzeti isə Qrant Dinkin öldürülməsindən sonra Türkiyədəki millətçi və diasporaya yaxın ermənilərin əlinə keçib.

Bunlar Türkiyə dövlətinin razılığı olmadan bir seçki keçirdilər. Lakin İstanbul icra hakimiyyəti bu seçkilərin nəticəsini tanımadı və ləğv etdi. Seçkilərdən əvvəl 2 erməninin namizədliyini dəstəklədirlər. Biri Almaniya ermənisi olan Karegin Bekçiyan, digəri isə Ermənistan ermənisi olan Sebuh Çulciyandır. Prosesdən belə başa düşmək olar ki, əsas hədəf Ermənistandan gələn Sebuh Çulciyanı patriarx seçdirmək yolu ilə kilsəni özləri üçün təbliğat vasitəsinə çevirmək və Türkiyə ermənilərinə nəzarəti gücləndirmək olmuşdur.

- Bəs, Türkiyə qanunlarında bu məsələ necə öz əksini tapıb?

- Türkiyə qanunlarına görə, xarici vətəndaşlar patriarxlıq seçkilərində iştirak edə bilməz. Seçkilərdən əvvəl 23 sentyabr tarixində Türkiyə daxili işlər nazirliyi seçkilərin keçirilməsi haqqında təlimatnaməni göndərdi.

Təlimatnamədəki “patriarx namizədi olmaq üçün "İstanbul Erməni Patriarxlığının yepiskopları sinfinə daxil olmaq" maddəsi millətçi və diaspora ilə yaxın olan ermənilərin narazılığına səbəb oldu. Daxili İşlər Nazirliyi bu maddəni Osmanlının 1863-cü ildə patriarxlıq seçkiləri üçün qəbul etdiyi fərmanı əsas alaraq qəbul etmişdi. O fərmana əsasən, patriarxlıq seçkilərində iştirak edəcək namizədlər Osmanlı ərazisində yaşayanlardan olmalı idi. Beləcə, Türkiyə Daxili İşlər Nazirliyinin göndərdiyi təlimatdan sonra patriarx seçkilərində iştirak edəcək namizəd sayı 2 nəfərə düşdü. Ateşyan və Maşalyan. Almaniya ermənisi Bekçiyan və Ermənistan ermənisi Sebuh Çulciyan seçkilərdə iştirak edə bilmədi. Müxalif ermənilər bu maddənin dövlətin patriarxlıq seçkilərinə müdaxiləsi olaraq qiymətləndirsə də əslində isə Ermənistan və diaspora erməniləri ilə yaxın əlaqəsi olan ermənilər təlimatnaməni bir təbliğat vasitəsi olaraq istifadə edərək, seçkiləri öz arzu etdikləri şəraitdə keçirilməsini istəyirdilər. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, patriarx vəkili Ateşyanın da qeyd etdiyi kimi patriarx seçkilərini hər zaman dövlətin qanunları tənzimləyib və kilsənin bu sahədə öz qanunu yoxdur. Bu təlimatnaməni səbəb göstərən müxalif ermənilər seçkilərin ədalətli olmadığını iddia edərək, boykot etdilər, lakin seçkilərdə iştirak əvvəlki patriarx Mutafyanın seçildiyi 1998-ci il seçkilərindən sadəcə 10% aşağı oldu. Bu rəqəmə son illərdə Türkiyə ermənilərinin sayının azalması da təsir edə bilər.

- Yeni seçilmiş patriarx Maşalyan kimdir? Onun Türkiyə hökuməti ilə, ümumiyyətlə, 1915-ci il olaylarına münasibəti necədir? Yeni patriarx Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqe ifadə edibmi?

- Türkiyə erməni patriarxlığı üçün seçkilər 2 mərhələdə keçirildi. Birincisində patriarxı seçən nümayəndələr seçilir. İkinci seçkidə isə nümayəndələr patriarxı seçir. İkinci seçkilərdə 89 nümayəndənin səsini toplayan Sahik Maşalyan 12 nümayəndənin səsini alan Aram Ateşyana qarşı qalib gəldi. Maşalyanın bu qədər çox səslə seçilməsinə millətçi ermənilərin Ateşyan haqqında formalaşdırdığı mənfi imic təsirini göstərmiş ola bilər. Çünki millətçilərin bütün təzyiqlərinə baxmayaraq, 84-patriarx Mutafyan ölməyənə qədər Ateşyan istefa vermədi.

O ki qaldı Maşalayana, onun ilk adı Şahin Maşalı olmuşdur. 1992-ci ildə erməni din adamı olduqdan sonra adını Sahak Maşalyan olaraq dəyişdirmişdir. Hətta erməni dilini 20 yaşında öyrənmişdir. Belə ki, 1962-ci ildə İstanbulun Bayrampaşa rayonunda anadan olmuşdur. İstanbul Universitetində təhsil alıb, sonradan Londonda teologiya oxuyub və orada erməni kilsəsində işləyib. Sonra Qüdsə gedib, monastırda işləyib. Maraqlısı odur ki, 2005-2011-ci illərdə Ermənistanda Kevorkyan Teologiya Akademiyasında müəllim, dekan müavini və dekan vəzifəsində işləyib. 2008-2011-ci illərdə Şoğagat tv-də Ermənistan və diaspora erməniləri üçün İncil haqqında veriliş hazırlayıb. 2011-ci ildə Ermənistandan İstabula qayıdıb və Erməni Patriarxlığının kilsələrarası və dinlərarası əlaqələrdən məsul şəxsi olub.

1915-ci il hadisələri və Qarabağ haqqında mövqeyinə gəlincə, indiyə kimi açıq bir mövqeyini ortaya qoymayıb. Amma düşünürəm ki, Türkiyə dövlətinin mövqeyinə qarşı olmayacaq. Diqqətimi çəkən bir müsahibəsində belə deyir “...patriarx bir çox tarazlığı birlikdə saxlamalıdır. Xalqınızı razı salacaqsınız, sonra dövlətlə yaxşı münasibətlərinizi davam etdirəcəksiniz, 1915-ci il hadisələrini yaxşı idarə edəcəksiniz, xaricdəki diaspor sizdən razı olacaq, Ermənistandakılar sizdən razı olacaq”. Belə başa düşürəm ki, hamını razı salmağa çalışacaqdır. Amma bu onun üçün çətin olacaq.

https://az.trend.az/azerbaijan/politics/3163393.html?fbclid=IwAR1EL3GI1MkIaHwVckltmbiy7WgxuKg0yWiKkL9NzmXbr94_LF7D8lrMd2M