BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidovun “TRIPP-Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan sülhünə doğru” sərlövhəli məqaləsi “Eurasia Review” nəşrində dərc edilib.
Məqalədə qeyd edilir: “Soyuq Müharibənin bitməsindən sonra yaranan bir çox müsbət gözləntilərə baxmayaraq, bu dövr beynəlxalq təhlükəsizliyə yeni çağırışlar və təhdidlər gətirdi. Sovet İttifaqı və Yuqoslaviyanın dağılması Şərqi Avropa, Cənubi Qafqaz və digər regionlarda yeni münaqişə zonalarının meydana çıxmasına səbəb oldu. Proseslər göstərdi ki, ikiqütblü qarşıdurmanın sonlanmasına baxmayaraq, həqiqi sülh hələ də tam reallaşmayıb.
Eyni zamanda, yeni müstəqillik qazanmış Ermənistan və Azərbaycan arasında müharibənin başlanması strateji əhəmiyyətə malik Qafqaz regionunun təhlükəsizlik arxitekturasına ciddi təhdid yaratdı. Müharibə nəticəsində Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edildi və 700 mindən çox Azərbaycan vətəndaşı öz evlərini tərk etməyə məcbur oldu.
Buna baxmayaraq, regionun geosiyasi mənzərəsi həmin dövrdən etibarən əhəmiyyətli dəyişikliklərə məruz qaldı. İşğal illərində Azərbaycan həm iqtisadi, həm də hərbi sahədə gücləndi və beynəlxalq ictimaiyyətin dəstəyinə nail oldu. 2020-ci il İkinci Qarabağ Müharibəsi və 2023-cü il antiterror tədbirləri vasitəsilə Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etmiş, regionda işğal və separatizm siyasətini effektiv şəkildə sonlandırmışdır. Nəticədə, Azərbaycan Cənubi Qafqazda davamlı sülh üçün möhkəm təməl təmin edən yeni geosiyasi reallıqlar yaratdı.
Uzun müddət dondurulmuş münaqişələr və etnik qarşıdurmalar səbəbindən “barıt çəlləyi” adlandırılan Cənubi Qafqazda bu gün sülh üçün əhəmiyyətli imkanlar yaradıb. Müharibədən dərhal sonra Azərbaycan Ermənistana 5 maddədən ibarət sülh təşəbbüsünü irəli sürmüş və beləliklə, iki ölkə arasında sülh prosesinin əsasını qoymuşdur. Bu prosesin irəliləməsində mühüm mərhələ 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış birgə bəyannamə oldu. Bəyannamə iki ölkə arasında sülhün möhkəmləndirilməsi, rəsmi sülh müqaviləsi mətninin paraflanması, kommunikasiya xətlərinin açılması və münaqişəni həll etmək vəzifəsi daşıyan, lakin effektivliyi şübhə doğuran ATƏT-in Minsk Qrupunun ləğvi kimi bir sıra mühüm məsələləri ehtiva edir.
Bəyannamənin ən mühüm elementlərindən biri Zəngəzur Dəhlizinin açılması barədə razılığın əldə edilməsidir. Bu dəhliz vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında Ermənistanın cənubu vasitəsilə birbaşa əlaqə təmin ediləcək. Bu, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin göstəricisidir və birbaşa olaraq Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə töhfə verir. Ticarət sülhü nəzəriyyəsinə (və ya kapitalist sülh nəzəriyyəsi) əsasən, dövlətlər arasında fəal ticarət əlaqələri mövcud olduqda münaqişə ehtimalı azalır. İkinci Dünya Müharibəsindən sonra Fransanın və Almaniyanın təcrübəsi bunun aydın nümunəsini təqdim edir. Belə ki, strateji baxımdan önəmli Rur regionunda əməkdaşlıq, eləcə də Kömür və Polad Birliyi və digər sazişlərin yaradılması davamlı sülhün əsasını qoydu”.
*Məqalənin ingilis dilində olan tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


