BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Vasif Hüseynovun ABŞ-ın nüfuzlu “The National Interest” dərgisində “Ermənistan-Azərbaycan sülh prosesi dayanıbmı?” başlıqlı məqaləsi dərc olunub. Müəlliflər məqalədə sentyabrın 13-dən etibarən Ermənistan qüvvələrinin Azərbaycan mövqelərinə qarşı təxribatı barədə məlumat verir və bildirirlər ki, sərhəddə toqquşmalar keçən ay Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin vasitəçiliyi ilə Brüsseldəki danışıqlardan sonra baş verib. Qeyd olunur ki, əvvəlki üç görüşdə Azərbaycanın təşəbbüsü ilə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına söykənən beş bəndlik təklif əsasında sülh müqaviləsinin imzalanmasına ümidlər yaransa da, son görüşdə Ermənistan qondarma status məsələsini toxunaraq Dağlıq Qarabağ münaqişəsini gündəmə qaytarmağa cəhd göstərib. “Bundan əlavə, sülh razılaşmasına kimi həll edilməli olan daha üç məsələ var. Birincisi, otuz il Ermənistanın nəzarətində olan və beləliklə də heç vaxt müəyyən edilməmiş sərhədlərin delimitasiyası, ikincisi, nəqliyyat əlaqələrinin açılması və üçüncüsü, minalar, məhbuslar və itkin düşmüş şəxslər kimi humanitar problemlərin həlli”,- deyə müəlliflər əlavə edirlər.
Qeyd olunur ki, Nikol Paşinyan Azərbaycanla Naxçıvan arasında cənub Ermənistan ərazilərindən keçən Zəngəzur dəhlizi boyu dəmir yolunun tikintisi ilə bağlı mövqeyini də dəyişib: “Ötən il o, dəmir yolu tikintisinin məqbul olduğunu bəyan etmiş və yalnız bu marşrut üzrə magistral yolun asfaltlanması ideyasını rədd etmişdi. Hətta mayın 22-də keçirilən Zirvə görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, tərəflər Zəngəzur boyunca nəqliyyat marşrutunun yaradılması barədə razılığa gəliblər. Göründüyü kimi, Ermənistan hökuməti indi bu razılaşmadan da geri çəkilib”.
Yazıda bildirilir ki, İkinci Qarabağ müharibəsindən ötən iki il göstərdi ki, status kvo davam edərsə, toqquşmalar dayanmayacaq. Vurğulanıb ki, hər iki tərəf hərbi əməliyyatları dayandırmaq üçün tez bir zamanda bir sıra aktual məsələlər üzrə razılığa gəlməlidir. Ən əsası Ermənistan ya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır, ya da münaqişəni davam etdirməlidir.
Məqalədə qeyd olunur ki, dövlət sərhədlərinin delimitasiyası və qarşılıqlı tanınması ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. “Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə beynəlxalq komissiya iclaslarını davam etdirməli və iki ölkə arasında etimadın yaradılması istiqamətində çalışmalıdır. Sülh sazişinin olmaması iki ölkə arasında gələcək ədavəti genişləndirə və yeni faciələrə səbəb ola bilər. Azərbaycan ərazisində otuz illik hərbi əməliyyatlar baş versə də, son toqquşmalar göstərdi ki, Azərbaycan Ermənistan tərəfindən atəşə və raket zərbələrinə dözməyəcək və onun cavabı Ermənistanın oradakı hərbi obyektlərinə təsir edəcək”,- deyə müəlliflər əlavə edirlər.
Təəssüflə bildirilir ki, əvvəllər Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə məşğul olan böyük dövlətlərin, yəni Rusiya, Fransa və ABŞ-ın regionda ziddiyyətli maraqları var. Əlavə olunur ki, ABŞ-ın siyasətinə bəzən müxtəlif daxili maraqlar, məsələn, erməni lobbi qrupları təsir edir: “Əvvəlcə perspektivli görünən Brüssel platforması belə indi təhlükə altındadır”.
https://nationalinterest.org/feature/armenia-azerbaijan-peace-process-dead-204845