BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Təyyarə qəzası Bakı-Moskva münasibətlərindəki problemləri aşkara çıxardı” sərlövhəli məqaləsi “The Jamestown Foundation” beyin mərkəzinin Eurasia Daily Monitor nəşrində dərc edilib.
Müəllif dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması və ondan sonra cərəyan edən proseslərinin təfərrüatlarına nəzər salır.
V. Hüseynov qeyd edir ki, təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulması Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirdi.
“Azərbaycanın tərəfsiz təhqiqatda təkid etməsi beynəlxalq ekspertlər, istehsalçı şirkət Embraer-in nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiya rəsmilərinin daxil olduğu bir komandanın yaradılması ilə nəticələndi. Rəsmi Bakı ilkin olaraq Rusiya tərəfindən təklif edilən Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Aviasiya Komitəsinin araşdırmasından imtina edib”, - deyə müəllif bildirir.
Müəllif əlavə edir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması Bakı-Moskva xəttindəki həssas məqamları aşkara çıxardı və Azərbaycan cəmiyyətində Rusiyaya qarşı narazılığı artırdı.
“Rusiyanın ilkin reaksiyası-inkar və yubanmalar- etimadı daha da sarsıtdı. Moskvanın böhrana yanaşması Bakıda onun tərəfdaş kimi etibarlılığı ilə bağlı şübhələri daha da artırdı”.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://jamestown.org/program/airplane-crash-exposes-flaws-in-baku-moscow-relations/