Bu ayın əvvəli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsi ilə bağlı uzunmüddətli münaqişənin həllindən sonra Ermənistanla Azərbaycan arasında hələ də açıq qalan ən həssas məsələlərdən birinə toxundu. O, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində hazırkı Ermənistan ərazisindən deportasiya olunmuş və hələ də tarixi yurdlarına qayıdacaqları günü gözləyən təxminən 300 min azərbaycanlının taleyindən bəhs etdi.
Azərbaycanın Ermənistana hücum etmək niyyəti daşıdığı və ya azərbaycanlıların qayıdışının separatçılıq meyillərinə səbəb ola biləcəyi barədə ittihamları rədd edən İlham Əliyev bildirib:
“Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.
Onun bu fikirləri həm hökumətin, həm də əhalinin böyük hissəsinin azərbaycanlıların qayıdışının əleyhinə olduğu Ermənistanda müxtəlif reaksiyalar doğursa da, məsələ tarixi ədalət məsələsi olaraq qalır və onun həlli iki xalq arasında davamlı sülhün təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Tarixə baxış
Hazırda Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bir nəfər də azərbaycanlı yaşamır. Halbuki tarixi baxımdan bu ərazilər çox sayda azərbaycanlı əhalinin məskunlaşdığı yerlər olub.
Müasir Ermənistanın əsasən monoetnik tərkibə malik olması bir əsrdən artıq müddəti əhatə edən planlı və sistemli etnik təmizləmə, deportasiya və azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı zorakılıq prosesinin nəticəsidir.
Bunlar epidozik hadisələr olmayıb, Ermənistan hökumətlərinin dəstəyi və bəzən daha geniş regional və sovet siyasətinin təsiri altında reallaşdırılan məqsədyönlü kampaniyalar idi. Bütün bu siyasətlərin əsas məqsədi azərbaycanlıların öz ata-baba torpaqlarındakı kökünü kəsmək olub. Azərbaycanlıların hazırkı Ermənistan ərazisindən təqib və kütləvi şəkildə didərgin salınması bir neçə böyük dalğa şəklində baş vermişdir.
Zorakılığın ilk genişmiqyaslı dalğası 1905-1906-cı illərdə və daha sonra 1918-1921-ci illərdə baş vermişdir. XX əsrin əvvəllərində bölgədəki siyasi və sosial qarışıqlıqlar fonunda azərbaycanlı icmalar kütləvi qırğınların və məcburi köçürmələrin əsas hədəfinə çevrilmişdi.
Deportasiyaların növbəti mərhələsi 1948-1953-cü illəri əhatə edir. Bu dövrdə İosif Stalinin göstərişləri ilə on minlərlə azərbaycanlı zorla Azərbaycan ərazisinə köçürülmüşdür.
Son və ən dağıdıcı dalğa 1987-1991-ci illərdə, Sovet İttifaqının süqutu dövründə baş verdi. Həmin illərdə Ermənistan Sovet Sosialist Respublikası zorakılıq və qorxu kampaniyasına başlayaraq təxminən 300 min azərbaycanlının doğma yurdlarından kütləvi şəkildə qovulmasına səbəb oldu. Bütün kəndlər boşaldıldı, mədəni və dini abidələr məhv edildi, əsrlərlə burda yaşamış icmalar isə xəritədən silindi.
Bu dövr Azərbaycan-Ermənistan münasibətlərində ən qaranlıq səhifələrdən birini təşkil etməklə onilliklərlə davam edəcək qarşılıqlı etimadsızlıq və düşmənliyin əsasını qoydu.
Daimi sülh üçün geri qayıtmaq hüququ tanınmalıdır
Beynəlxalq ictimaiyyət tərəfindən bu haqsızlıqlar tanınsa da, Ermənistandan deportasiya olunmuş azərbaycanlı icmanın ədalət və geri qayıtmaq hüququ uğrunda müraciətləri əsasən cavabsız qalmışdır.
Beynəlxalq hüquqa görə, geri qayıtmaq hüququ aydın şəkildə müəyyən edilmiş prinsipdir. İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin 13(2)-ci maddəsi və Vətəndaş və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12(4)-cü maddəsi heç kimin əsassız olaraq öz ölkəsinə geri qayıtmaq hüququndan məhrum edilə bilməyəcəyini təsdiqləyir.
Eyni zamanda, Dördüncü Cenevrə Konvensiyası zorla deportasiyaları qadağan edir və münaqişələr başa çatdıqdan sonra məcburi köçkünlərə öz evlərinə təhlükəsiz şəkildə geri qayıtmaq hüququnu təmin edir. BMT Pinheiro Prinsipləri isə məcburi köçkünlərin ləyaqətlə geri dönmək və əmlaklarının bərpası hüquqlarını daha da gücləndirir. Bu normalar azərbaycanlıların tarixi vətənlərinə geri dönməsinin yalnız mənəvi tələb olmadığını, eyni zamanda beynəlxalq hüquq çərçivəsində qanuni çərçivə olduğunu vurğulayır.
2023-cü il 11 mart tarixində Ermənistandan deportasiya olunmuş azərbaycanlıların qeyri-hökumət təşkilatı olan Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək deportasiya olunmuş azərbaycanlılara qarşı uzun illər davam edən haqsızlıqların aradan qaldırılması üçün səmimi müzakirələr aparmağa çağırdı.
Müraciətdə bu haqsızlıqların yaratdığı uzunmüddətli əzabların həlli məqsədilə tədbirlər görülməsi tələb olunmuşdur. İcma vurğulayıb ki, tarixi vətənlərinə geri dönmək arzuları heç bir halda Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı sui-qəsd xarakteri daşımır.
Ermənistan və Azərbaycan arasında sülh cəhdlərinə zərər verməklə, Ermənistan hökuməti həm bu məktuba, həm də İcmanın dialoq çağırışına cavab vermədi. Sülh şəraitində birlikdə yaşamaq çağırışlarına cavab vermək əvəzinə, Ermənistan hökuməti azərbaycanlıların Ermənistana geri qayıtmasını təhdid kimi qiymətləndirir və Qərbi Azərbaycan İcmasının müraciətlərini nəzərə almır.
Ermənistan hökumətinin bu mövqeyi iki ölkə arasında davamlı sülh və təhlükəsizliyin təmin olunması səylərini zəiflədir. Ermənistanın sistematik təcrid və yerdəyişmə yolu ilə nail olduğu demoqrafik və mədəni transformasiyası regional sülhə uzun müddətdir, kölgə salmağa davam edir.
Bu tarixi haqsızlığın aradan qaldırılması yalnız hüquqların bərpası üçün deyil, eyni zamanda Ermənistan və Azərbaycan arasında davamlı sülhün təmin edilməsi üçün vacibdir. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarına sülh yolu ilə geri dönməsi - Ermənistanın suverenliyinə tam hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində - yalnız tarixi ədalətin bərpası deyil, həm də həqiqi birgəyaşayışa doğru mühüm addım olar.
Yuxarıda qeyd olunan konfransda Prezident İlham Əliyevin də bildirdiyi kimi, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarına qayıtmağı arzulayır: lakin tanklarla yox, avtomobillərlə.
*Məqalənin ingilis dilində dərc edilmiş tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


